Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-257/2025 12.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ferma kompleksinin yerləşdiyi torpaq sahəsinin naturada tanıdılması ilə bağlı ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun arvadı X2 adına sənədləşdirilmiş, ailəsinə məxsus Ferma Kompleksinin yerləşdiyi torpaq sahəsinin naturada tanıdılması ilə bağlı o, xx.xx.2024-cü il tarixdə ərizə ilə DƏDKR X5 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və müraciətinə əsasən idarənin mütəxəssisləri Samux Rayon İHB-nin Sərkar kənd İƏD üzrə nümayəndəsinin iştirakı ilə əraziyə gəlmişlər. Fermanın torpaq sahəsinin naturada tanıdılması ilə bağlı işlərin həyata keçirildiyi zaman məlum olmuşdur ki, torpaq sahəsinin qərb sərhədlərinin bir hissəsi Sərkar kənd sakini Cavabdeh tərəfindən çəpərlənərək istifadə olunmaqdadır və 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2- 11589/2024 nömrəli xx.xx.2024-cü il tarixli və Sərkar kənd İcra nümayəndəsinin 5-72-19/2- 72/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktublarından göründüyü kimi Cavabdeh etirazı və kobud müdaxiləsi nəticəsində sərhədlərin müəyyən edilməsi mümkün olmamış, işlər dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, cavabdehlə sahə qonşusudur. Heç vaxt nə onun tərəfindən nə də ki, cavabdeh tərəfindən ərazilər ölçülməmişdir və dəqiqləşdirilməmişdir. Bu səbəbdən də, o, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinə iki dəfə mütəxəssislər gəlmiş, lakin cavabdeh torpaq sahəsinin ölçülməsinə imkan verməmişdir. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən çəpərlənmişdir və cavabdeh ona həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. Həmin torpaq sahəsinin çıxarışı və texniki pasportu vardır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçı ilə torpaq sahəsində qonşudur. İddiaçı torpaq sahəsini Razil Məmmədova satmışdır. İddiaçı onun torpağını zəbt etmiş, bu səbəbdən də, mütəxəssislər gələn zaman iddiaçı kənara qaçmış, lakin o, iddiaçıya gəlməsini və hər kəsin öz yerinin müəyyən olunmasını bildirmişdir. O, özünə məxsus torpaq sahəsində iddiaçının istəyinə uyğun ölçü işlərinin aparılmasına imkan verməyəcəkdir. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Samux Rayon İcra Hakimiyyəti Başçısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-72-19/2-72/2024 nömrəli məktubdan görünür ki, DƏDKR 3 saylı Gəncə Ərazi İdaərsinin mütəxəssisləri ilə birlikdə İddiaçı ailəsinə məxsus ferma kompleksinin yerləşdiyi torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi məqsədi ilə 15 noyabr 2024-cü il tarixdə ərazidə olmuşlar. Baxış zamanı İddiaçı və Cavabdeh məxsus torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi Cavabdeh tərəfindən razılaşma olmadığından, o cümlədən, ölçülməni kobudcasına pozduğundan sərhədlərin müəyyən edilməsi işi dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21- 3-33/2-11589/2024 nömrəli məktubdan görünür ki, sözügedən torpaq sahəsinin naturada tanıdılması ilə bağlı mütəxəssislər tərəfindən əraziyə gedilmiş, lakin ərazidə digər vətəndaşlar tərəfindən mübahisə halı yarandığından torpaq sahəsi üzərində ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin naturada tanıdılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21- 3-33/2-14151/2024 nömrəli məktubdan görünür ki, sözügedən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə əlaqədar mütəxəssislər tərəfindən əraziyə gedilmiş, lakin Cavabdeh adında qeyri bir şəxsin əraziyə gələrək torpaq sahəsinin naturada tanıdılma prosesinin keçirilməsinə etiraz etməsi səbəbindən torpaq sahəsinin naturada tanıdılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 1.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adınadır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsinə dair X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1993-cü il tarixdə Samux rayon Sərkar kənd İcra Hakimiyyəti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Yusifova (Məmmədova) Lamiyə Məcid qızının nikahları xx.xx.1993-cü ildə 40 nömrəli akt qeydi ilə bağlanmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan Samux rayonu, Sərkar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ferma kompleksinin ərazisində) üzərində müəyyən ölçü işləri aparılmalıdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 3 saylı Gəncə Ərazi İdarəsindən İddiaçı müraciəti əsasında dəvət edilmiş mütəxəssislərin ölçü və digər texniki işlərin aparılmasına maneçilik törədilir. Buna görə də iddiaçı tərəfindən maneənin aradan qaldırılması ilə bağlı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan Samux rayonu, Sərkar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (ferma kompleksinin ərazisində) cavabdeh tərəfindən torpağın ölçülməsinə yaradılan maneə aradan qaldırılmalı, həmin sahədə ölçü və texniki işlərin aparılması təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan Samux rayonu, Sərkar kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (ferma kompleksinin ərazisində) ölçü və texniki işlərin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətləri ona qadağan edilsin, torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və baxış keçirilməsi təmin edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-257/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-257/2025
12.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver