Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-262/2024 07.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. O, oğluna ev almaq istəyirmiş və eşitmişdir ki, Cavabdeh evini satır. Cavadehlə razılaşıb evi almaq istəyəndə məlum oldu ki, ev sənədləşməyib. Cavabdeh ondan 5000 manat borc pul istəmişdir ki, evi sənədləşdirsin və alqı-satqı zamanı 5000 manat pulu evin qiymətindən çıxacağını bildirmişdir. O, cavabdehə inanaraq ona 5000 manat borc pul vermişdir. Bir ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh evi sənədləşdirmədi. Cavabdeh onun verdiyi 5000 manat pulu müxtəlif bəhanələrlə qaytarmaq istəmir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, evin sənədləri qaydasında olmadığından evi həmin vaxt iddiaçıya satması mümkün olmamışdır. Buna görə də onun həmin problemi aradan qaldırmaq və sonra evi iddiaçıya satmaq fikri olmuşdur. İddiaçı ona 5000 manat pul vermişdir, lakin pulu borc kimi deyil beh kimi vermiş və o da həmin məbləği beh kimi qəbul etmişdir. Lakin iddiaçı sonradan onun evini almaq fikrindən daşınmışdır. Belə olan halda isə o, beh kimi aldığı pulu qaytarmalı deyil. İddia əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Samux rayon Seyidlər kənd icra nümayəndəsi X1 bildirdi ki, 2023-cü ilin yanvar ayında Cavabdeh evini 36000 manata satırmış, İddiaçı də onun evini almaq istəyirmiş. Onlar arasında evin alqı-satqısına dair şifahi qaydada razılaşma olmuş, lakin Cavabdeh İddiaçı 5000 manat pul almışdır ki, evin sənədlərini, həmçinin evi satdıqdan sonra özü köçəcəyi evin dam örtüyünü düzəltdirsin, daha sonra evi satacağını bildirmişdir. Məhkəmə tərəflərin və şahidin izahatını dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Tərəflərin izahatlarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus evin alqı-satqısına dair şifahi şəkildə razılıq əldə olunmuşdur. İddiaçı cavabdehə həmin razılaşmaya söykənən hal ilə əlaqədar olaraq 5000 manat pul vermiş, lakin onlar arasında sözügedən evə dair rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 5000 manat pulu aldığını etiraf edir, lakin həmin məbləği beh kimi qəbul etdiyini bildirir, iddiaçı isə həmin pulu cavabdehə borc kimi verdiyini qeyd edir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı ərizəsində borc müqaviləsinə dair normalara istinad edərək iddia tələbinin hüquqi əsası kimi borc müqaviləsini göstərmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını borc münasibətləri təşkil etmir. Belə ki, qanunvericiliyin tələbinə görə borc verilən pulun məbləği 3000 manatdan yuxarı olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında pulun mübadiləsi barədə razılıq şifahi şəkildə əldə olunmuş, onlar arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Cavabdeh qeyd edir ki, sözügedən məbləğdə pulu iddiaçıdan beh kimi almışdır. Lakin məhkəmə, cavabdehin izahatında bildirdiyi bu xüsusatla razılaşmır və qeyd edir ki, mülki qanunvericlik behə dair razılığın yazılı formasını tələb edir. İşin fatiki hallarından və iş materiallarından isə ayındındır ki, tərəflər arasında behə dair yazılı razılaşma olmamış, ona görə də onlar arasında behə dair hüquq münasibətlərinin yaranması da istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı predmeti daşınmaz əmlak olduğundan, həmin əmlak barəsində mülkiyyətçinin sərəncam vermək hüququ, yəni əmlakın özgəninkiləşdirilməsi alıcı və satıcı arasında yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həyata keçirilə bilərdi. İşin faktiki hallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır. Bu baxımdan onlar arasında alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərin yaranması da istisna olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 5000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya dair normalar çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 5000 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-262/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-262/2024
07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver