Məhkəmə qərarları › İş №2(058)-275/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-275/2024

29.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-275/2024 29.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “3500 manat məbləğində cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində əsassız tətbiq edilmiş 3500 (üç min beş yüz) manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilərək müəyyən edildi ki, iddianın yolverilməzliyinə görə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizədən görünür ki, İddiaçı 3500 (üç min beş yüz) manat məbləğində cərimənin silinməsini xahiş etmişdir, lakin mülki qanunvericilikdə inzibati qaydada tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimənin silinməsi anlayışı mövcud deyildir. İddiaçıya izah olunmalıdır ki, “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və ya icraata xitam verilməsi ilə bağlı məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə, yəni iddia ərizəsinə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizədə göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqanın qəbul etdiyi qərardan məhkəməyə şikayət verə bilər. Qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar