Məhkəmə qərarları › İş №2(058)-296/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-296/2024

07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-296/2024 07.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, 048330 nömrəli aktla ona hesablanmış 778,58 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux Rayon Füzuli kəndində yaşayır, təsərrüfatla məşğuldur. "xxxx" ASC-nin əməkdaşları 29 noyabr 2023-cü il tarixdə onun ferma təsərrüfatında gecə reyd keçirərək guya onun kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. Bunun nəticəsində qeyri-qanuni akt tərtib edilərək ona 778.58 manat cərimə yazmışlar. O, işiq pulunu hər ay vaxtında ödəyir. Eyni zamanda onu həmin aktla tanış etməmişlər. Aktda qeyd edilmişdi ki, guya o, akta imza etməkdən imtina etmiş, hansı ki, o aktın tərtib olunmasından bir gün sonra xəbəri olmuşdur. Əgər aktda göstərilənlər düzgün olsaydı, əməkdaşların vidyoçəklişi olardı, onu da həmin vidyoçəklişlə tanış edərdilər. "xxxx" ASC-nin əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əməl etmədikləri üçün onun barəsində yazılan 778.58 manat cərimənin yazılması ilə razılaşmır və hesab edir ki, həmin cərimə silinməlidir. Sözügedən akt əsasında ona əsassız yazılan 778,58 manat debitor borcunu heç cür ödəmək imkanı yoxdur, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, sayğaca baxış keçirilən zaman aşkar olunan xətt əlavə xətt deyil, həmin xətdən istifadəsinə artezian idarəsi tərəfindən razılıq verilmişdir və bununla bağlı o artezian idarəsinə həmin xətdən istifadəyə görə ödəniş edir. Lakin bu hal bundan sonra təkraralanmayacaq. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi borc onun elektrik enerjisindən kənar xətt vasitəsilə, yəni qanunsuz şəkildə istifadə etməsi nəticəsində yaranmış borcdur. İddiaçının kənar xətdən istifadə etməsi "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Bu hala iddaiçı tərəfindən 2019-cü ildə də yol verilmişdir, həmin tarixdə olan məsələyə dair məhkəmənin müvafiq qərarı var, artıq ikinci dəfədir ki, İddiaçı kənar xətdən istifadə etdiyi müəyyən edilir. Tələb əsassızdır, ona görə də rədd olunması xahiş olunur. Məhkəmə iclasında şahid qismində iştirak edən "xxxx" ASC-nin əməkdaşı X2 ifadə verərək bildirdi ki, ərazidə reyddə olan zaman İddiaçı məxsus sayğaca baxış keçirilmiş, bu zaman elektrik enerjisindən qanunsuz şəkildə, yəni kənar xətt vasitəsilə istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, sayğacın çıxışının transvormatıra qoşulu olduğu aşkar olunmuşdur. Həmin müayinə zamanı videoçəkilşdən istifadə edilmişdir. Pozuntu aşkarlanan zaman həmin fermada olan şəxsi çağıraraq ona baş verən pozuntu barədə məlumat verilmiş və akt tərtib edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, cavabdeh tərəfin təqdim etdiyi video görüntünü, həmçinin iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Samux rayonu Füzuli kəndində yaşayan İddiaçı fermasında aparılan reyd zamanı sayğacın çıxış kabelinin açıq olması və abonentin birbaşa kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixlii "xxxx" ASC-nin Qərb “RETSİ”-nin AKT komissiyası sədrinin icra vərəqəsindən görünür ki, Samux rayonu Füzuli kəndində İddiaçı məxsus sayğacın qanunsuz sərfiyyatı 180 gün yox, 365 günə 1.8 kvt olmaqla 7884 kvt hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə olan video görüntüdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən gecə reyd keçirilən zaman Samux rayonu Füzuli kəndində İddiaçı məxsus sayğacın çıxışında kənar xətt aşkarlanmış, reyd zamanı xüsusi cihazla yoxlama aparılaraq kənar xətdən istifadə edilən sərfiyyatın həcmi müəyyən edilmiş, sözügedən hal ilə əlaqədar akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı öz tələbini onunla əsaslandırır ki, sayğaca baxış keçirilən zaman aşkar olunan xətt əlavə xətt deyil, onun həmin xətdən istifadəsinə artezian idarəsi tərəfindən razılıq verilmişdir və bununla bağlı o, artezian idarəsinə həmin xətdən istifadəyə görə ödəniş edir. Halbuki iddiaçının göstərdiyi həmin xüsusatlar anlaşılan olmamaqla tamamilə əsassızdır. Bundan başqa iddiaçı yekunda, məhkəmə çıxışında bundan sonra bu cür halların təkrarlanmayacağını bildirmişdir. Məhkəmə hesab edir ki, sözügedən sayğaca müdaxilə halının olması, yəni elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi cavabdeh tərəfindən təqdim edilmiş video görüntü, şahid ifadəsi və iddiaçının sonda məhkəmə çıxışı zamanı bundan sonra həmin halın təkrarlanmayacağına dair bildirdiyi iradə ifadəsi ilə öz təsdiqini tapmışdır. Bu isə iddianın əsassız olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar