Məhkəmə qərarları › İş №2(058)-305/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-305/2024

16.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-305/2024 16.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin ona qarşı hesablanmış olan 776.08 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayon Sərkar kəndində ailəsi ilə birlikdə yaşayır. O, evdə olmayanda, təxminən 2023-cü ilin noyabr ayında “Azəriqaz” İBnin əməkdaşları ona məxsus evin qaz sayğacını çıxarmış və həyat yoldaşına bildirmişlər ki, sayğac yenisi ilə əvəzlənməlidir. “Azəriqaz” İB əməkdaşları xx.xx.2023-cü il tarixdə yeni sayğac quraşdıraraq sayğacın əvəzlənməsi barədə akt tərtib etmişlər. O, sərf etdiyi qazın pulunu vaxtında ödəmiş və ödəniş cədvəlindən də görünür ki, sayğacda göstərilən tarixə kimi onun sərf etdiyi qaza görə hec bir borcu olmayıb. Lakin sayğac əvəzlənəndən sonra təxminən 3-4 ay kecməsinə baxmayaraq Azəriqaz İB tərəfindən ona əsassız olaraq 776.08 manat borc yazılmışdır. Belə ki, Azəriqaz İB tərəfindən guya sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün plasmas qapağının əzildiyi və daxili qulaqcıqlarda əzik-ciziq izləri müəyyən edilmişdir. Halbuki sayğacın hansı səbəblə dəyişib yenisi ilə əvəz olunması barədə onun xəbəri olmamışdır. Ona görə də ona əsassız olaraq yazılmış 776.08 manat borc silinməlidir. Qaz sayğacının düzgün işləyibişləməməsində onun heç bir günahı və rolu yoxdur. Həmin aktı tərtib edən zaman qaz təczihatı haqqında Azərbaycan Respublikası qanununi tələbləri kobud surətdə pozulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının tələblərinə cavabdeh tərəfindən əməl edilməmişdir. “Azəriqaz” İB tərəfindən ona yazılmış 776.08 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, sözügedən sayğac küçədə yerləşir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb, ona görə də tələbin təmin olunmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən İddiaçı yaşadığı ünvana quraşdırılmış “mex” G-4 markalı, 10039804 nömrəli sayğac “mex” “G-4 markalı, **********0 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış 10039804 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzik-cırıq izləri müəyyən edilmiş, itirilmiş qazın həcmi hesablanaraq dəyəri abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00005 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yaşayan abonent İddiaçı akt üzrə 776.08 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 10039804 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh 10039804 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən itirilmiş təbii qaz üçün 776.08 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Samux rayonu Sərkar kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 776.08 (yeddi yüz yetmiş altı manat səkkiz qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar