Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-309/2023 31.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-nin xeyrinə 7617,36 manat əsas, 1176,94 manat faiz olmaqla, cəmi 8794,30 manat pulun və 107,94 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5119894A185 nömrəli kredit müqaviləsinə əsasən ona 72 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 7617,36 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 7617,36 manat əsas, 1176,94 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Buna görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nə və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, "xxxx" ASC məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmiş və gələməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və həmin məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli RGTK5119894A185 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 72 ay müddətinə illik 23 faiz dərəcəsi tətbiq olmaqla 7617,36 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə kredit müqaviləsinə əsasən 7617,36 manat əsas borc və 1176,94 manat faiz borcu olmaqla, cəmi 8794,30 manat borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Cavabdeh tərəfindən borcun icra edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliyin icrasının qəbulundan bəhs edən 529cu maddəsinin məzmununa əsasən öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Məhkəmə qeyd edir ki, mövcudluğu təsdiq edilən öhdəliyin icra edilməsi sübuta yetirilmədikcə həmin öhdəliyin icra edilməmiş olması qəbul edilir. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5119894A185 nömrəli kredit kartı müqaviləsinə əsasən Cavabdeh 7617,36 manat əsas borc, 1176,94 manat faiz borcu məbləği olmaqla, cəmi 8794,30 manat pul tutularaq iddiaçı “Kapital Bank ASC-yə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 107,94 manat dövlət rüsumundan ibarətdir. Buna görə də, məhkəmə ödənilmiş 107,94 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağalanmış xx.xx.2022-ci il tarixli RGTK5119894A185 nömrəli kredit müqaviləsinə əsasən 7617,36 manat əsas borc, 1176,94 manat faiz borcu məbləği olmaqla, cəmi 8794,30 (səkkiz min yeddi yüz doxsan dörd manat, otuz qəpik) manat pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 107,94 (yüz yeddi manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-309/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-309/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver