Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-322/2024 23.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1500 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Samux rayonun Qarabağlar kəndində yaşayır. Heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Cavabdeh ondan süd məhsulu alaraq satıb qazanc əldə edir. Hazırda cavabdehin nisyə qaydada aldığı südün dəyəri olaraq ona 1500 manat borcu var. O, bir neçə dəfə cavabdehdən həmin pulu tələb etsə də, cavabdeh borcunu verməkdən imtina etmişdir. Ona görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin həmin ərzaidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı bildirilmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirdib mübahisəyə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından görünür ki, o, cavabdehlə aralarında şifahi şəkildə əldə olunmuş razılıq əsasında nisyə alqı-satqı münasibətlərinin mövcudluğuna istinad edərək cavabdehin həmin münasibətlərdən doğan öhdəliyini icra etməsini tələb edir. Halbuki sözügedən öhdəliyin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər kəs öz tələbinin və etirazının əsası kimi istinat etdiyi halları sübut etməli olduğundan iddiaçı hazırki iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehlə aralarında nisyə alqı-satqı münbasibətlərinin və cavabdehin həmin münasibətlərdən irəli gələn öhdəliyinin mövcud olmasını sübut etmə yükünü daşıyır. Lakin cavabdeh məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin olunması yolverilməzdir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi rədd edildiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. İş üzrə ödənilmiş 35 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-322/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-322/2024
23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver