Məhkəmə qərarları › İş №2(058)-330/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-330/2024

06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-330/2024 06.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə avtomobilinin təmiri üçün verdiyi 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ona məxsus “Mersedes ML 3500” markalı avtomobilin sükanının gücləndirilməsinin təmiri üçün cavabdehlə Gəncə şəhərində yerləşən “Nur kafe servizində” 2023-cü il avqust ayının əvvəlində 200 (iki yüz) manata razılaşmışlar. Ancaq cavabdeh hər ay ona 60 və ya 35 manat dəyərində əlavə yağlar və təmizləyicilər aldırmışdır. Sonuncu dəfə 2023-cü ilin dekabr ayının 16-da cavabdeh avtomobili 1 gün ərzində 4 dəfə sökərək təmir etsə də, abtomobil işləməmişdir. Bu zaman cavabdeh avtomobili təmir edə bilməyəcəyini bildirdi və onu həmin servisdə işləyən Fazil adlı ustaya yönləndirdi. Fazil usta bir neçə saat ərzində avtomobili təmir etmiş və o, Fazil ustaya 300 manat pul ödəmişdir. Hal-hazırda abtomobili işləyir. Fazil usta Tərvan ustaya onun adından müraciət edərək Arzunu 2-ci dəfə xərcə saldığını və onun 300 manat pulunu qaytarmasını xahiş etsə də Tərvan ondan pul aldığını danmışdır. Bu zaman o, əsəbləşərək polisə müraciət etmişdir. Polisdə Tərvanın izahatı alınmışdır. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı aldığ pulun müqabilində onun avtomobilini təmir etmişdir. O, avtomobili təmir etdikdən 3-4 ay sonra iddiaçı onun yanına gələrək sözügedən avtomobili düzgün təmir etmədiyini bildirmişdir. Halbuki o, avtomobili təmir edib iddiaçıya təhvil vermişdir. İddia əsassızdır, ona gör də təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilən, İddiaçı müraciəti əsasında Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsində aparılmış araşdırmanın nəticəsi barəsində toplanmış materialda olan Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı avtomobilin təmiri üçün aldığı pul müqabilində sözügüedn avtomobili təmir etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddia tələbinin rədd olunmasına dair qənaətini, iddia tələbinin əsaslı olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilməməsi ilə əsaslandırır. Belə ki, iddiaçı məhkəməyə, ona hər hansı maddi ziyan dəyməsini və həmin maddi ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və iddiaçı hazırda iddia tələbinin əsaslılığı sübuta yetirə bilmədiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar