Məhkəmə qərarları › İş №2(058)-337/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-337/2024

21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-337/2024 21.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehin ona vurduğu maddi zərərin əvəzi olaraq 3349 manat pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Samux rayonu Qovlarsarı kəndində ailəsilə birlikdə yaşayır. 2007-ci ildən, yəni atası öldükdən bu günə kimi atasına məxsus olan xüsusi mülkiyyətdə yaşayır və bütün kommunal xərcləri ödəyir. Bacısı Cavabdeh əvvəl Gəncə şəhərində kirayədə yaşayırmış. Bacısı Lalə ona bildirmişdir ki, borcları çoxdur, kirayə haqqını ödəyə bilmir. Buna görə də o, bacısı Laləyə bir yerdə yaşamağı təklif etmişdir. Bacısı ona başqa kirayə ev tapana kimi, yəni 3-4 ay müddətində onun evində yaşayacağını demişdi. Həmçinin bildirmişdi ki, kommunal xərclərdən də imkan daxilində ödənişlərə kömək edəcək. Lakin o, bacısının maddi vəziyyətinin çətin olmasına görə komunal xərcləri ödəməsinə razı olmamışdır. O, həyətində söküntü işləri aparan zaman bacısına yaşamağa verdiyi həmin tikilinin üstündə olan qaz xəttini müvəqqəti açmış və 3-4 saatdan sonra işini qutarandan sonra qaz xəttini bağlayacağını bildirmişdi. Bacısı əsəbləşərək əlinə dəmir turba alaraq onun qaz sayğacını əzib yararsız hala salmışdır. O, bu barədə “Azəriqaz” İstehsalat Birliyinə məlumat vermiş və qaz idarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə sayğacın yararsız halda olduğunu müəyyən edərək bu barədə ******* nömrəli akt tərtib etmişlər. AKT MSK-2911710-04404-1 nömrəli rəyə əsasən itirilmiş qaz sərfiyyatı 25920 m3 olduğundan dəymiş ziyanın ödənilməsi göstərilmiş, 3110,40 manat ziyan hesablanmışdır. Bu səbəbdən ona cavabdeh tərəfindən vurulmuş 3349 ( üç min üç yüz qırx doqquz ) manat maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək həmçinin bildirdi ki, ona “Azəriqaz” İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən hesablanmış borcdan əlavə cavabdeh tərəfindən yararsız hala salınmış qaz sayğacının dəyəri, yəni 219,95 manat pul da ondan tutulmuşdur. Ona görə də, həm ******* nömrəli akta əsasən hesablanmış borcun, həm də cavabdeh tərəfindən yararsız hala salınmış qaz sayğacının onun tərəfindən ödənilmiş dəyərinin, yəni ümumilikdə ona vurulmuş maddi ziaynın əvəzi olaraq 3349 manat pulun cavabdehdən tutularaq ona verilməsini iddia ərizəsində göstərmişdir. Tələbin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, sözügedən ev onun ata evidir. İddiaçı tərəfindən təqdim olunan və məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq olunan video görüntüdə sayğacı sərt əşya ilə vuraraq sındıran qadın odur. Belə ki, həmin gün qardaşı və qardaşının arvadı ilə aralarındakı dava-dalaşa görə o, əsəbləşərək sözügedən sayğacı sındırmışdır. Məhkəmə iddiaçını və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş video görüntünü tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış **********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın elemen qapağı üzərində aşkar edilməmiş, itirilmiş qazın həcminin hesablanaraq dəyərinin abonent tərəfindən ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, ünvan 1 ünvanında olan **********00000 nömrəli abonent kodlu, İddiaçı məxsus olan qaz sayğaının ümumi sərfiyyatının cəmi 25920 kub metr olduğu müəyyn edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə, 30 noyabr 2022-ci il tarixli, MSK 29/1710-04404-1 nömrəli aktından görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış **********2 nömrəli qaz sayğacı istismara yararsızdır. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Samux rayonu Qovlarsarı kəndində yerləşən İddiaçı yaşadığı ünvana quraşdırılmış G-4 markalı, **********2 nömrəli sayğac, “ZENNER“ G-4 markalı, **********435 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş **********00000 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Qovlarsarı kəndində yaşayan abonent İddiaçı akt üzrə 3110,40 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” X1 RPŞ-nə ünvanladığı 06 iyun 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus yararsız hala düşmüş qaz sayğacının dəyərinin (219,95 manat) ödənilməsindən sonra abonentin ünvanına yeni sayğacın quraşdırılacağı və qaz təminatının bərpa ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş video görüntüdən aydın olur ki, Cavabdeh sözügedən sayğaca dəmir parçası ilə bir neçə dəfə zərbə vurur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh həqiqətən də iddiaçıya məxsus qaz sayğacını təqsirli hərəkətləri nəticəsində yararsız hala salmış, beləliklə mülki hüquq pozuntusuna yol vermişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş video görüntü tədqiq edilərkən məhkəmənin sualına cavab olaraq cavabdeh sözügedən video görüntüdə sayğaca zərbə vuran şəxsin özü olduğunu etiraf edərək bu hərəkəti əsəbi olduğu üçün etdiyini bildirmişdir. İş materiallarından aydın olur ki, təbii qazdan istifadə qaydalarının pozulması səbəbilə tərtib edilmiş akt əsasında dəymiş ziyanın bərpası ilə bağlı iddiaçıya 3110,40 manat borc hesablanmış, həmçinin iddiaçıdan yararsız hala düşmüş sayğacın dəyərinin, yəni 219,95 manat pulun ödənilməsi tələb olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin hüquqazidd və təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəydiyindən iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Müli Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 3349 (üç min üç yüz qırx doqquz) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3349 (üç min üç yüz qırx doqquz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar