Məhkəmə qərarları › İş №2(058)-349/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-349/2024

04.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-349/2024 04.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X43 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin olunması, Cavabdeh 7500 manat aldığı pulun, vurulmuş zərərə görə 6000 manat pulun, dəfn, yas mərasimi, qəbir üstünə xərclədiyi 7200 manat və ödənilmiş 160 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 20860 manat pulun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mərhum qardaşı Hüseynin oğludur. Cavabdehlə əvvəllər heç bir ciddi narazılıqları və düşmənçilikləri olmamışdır. Mərhum qardaşı Hüseyn cavabdeh Vüsalın anası ilə 1983-cü ildə evlənmiş, az bir müddətdən sonra ayrılmışlar. Həmin nikahdan xx.xx.1984-cü ildə Vüsal anadan olmuşdur. Bundan bir neçə il sonra qardaşı Hüseyn Xanlar şəhərindən olan Məleykə adlı xanımla ailə qurmuş, az bir müddətdə yaşamış, lakin uşaqları olmamışdır. Məleykə sonradan vəfat etdiyi üçün nikahlarına xitam verilmişdir. Daha sonra qardaşı Hüseyn təqribən 2013-cü ildə Samux rayonu, Cırdaxan kəndində yaşayan X28 ilə evlənmiş, onun məlumatına əsasən nikahları rəsmiləşdirilməmişdir. Çünki qardaşının şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi qeyd olunmuş, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində qardaşı Hüseynin nikah qeydiyyatı aşkar edilməmişdir. Qardaşı Hüseyn 2013-cü ildən Aygünlə faktiki ailə qursalar da, birgə yaşamamışlar. Aygün Cırdaxan kəndində öz atası evində yaşamış, qardaşı isə Gəncə şəhəri, Gülüstan qəsəbəsində öz evində yaşamışdır. Qardaşı iki ayda bir kənddə uşağına baş çəkməyə gəlmişdir. Qardaşı Hüseyn baxımsızlıq üzündən tək yaşadığı evdə xx.xx.2020-ci il tarixdə vəfat etmiş, qardaşının ölümü barədə bir neçə gündən sonra qonşuların verdiyi məlumata əsasən xəbər tutmuşdur. Gəncə şəhər Prokurorluğunun müstəntiqinin dəvəti əsasında onun iştirakı ilə evin qapısı açılaraq meyit müayinə olunmuş, sonra evin açarları ona təhvil verilmişdir. Müstəntiq hadisə ərəfəsində dəfələrlə qardaşının arvadı sayılan Aygünə zəng edib hadisə yerinə dəvət etsə də, o, qardaşının ölüsünə yaxın durmamışdır. Daha sonra Prokurorluq qardaşının hüquqi varisi kimi onu tanımışdır. Qardaşının dəfn mərasimini o, öz kəndlərində öz evində keçirmişdir. Qardaşının dəfn, yas, yəni 1, 3, 7, adınalar, 40 və il mərasiminə ümumilikdə 5000 manat, qəbir daşına isə 2200 manat xərc çəkmişdir. Oğlu adlandırdığı Vüsal yas mərasimində yalnız bir dəfə kənar şəxs kimi iştirak etmişdir. Özünü qardaşının arvadı kimi təqdim edən Aygün isə yas mərasimində iştirak etməmişdir. 2021-ci ildə, yəni qardaşının vəfatından 1 il keçdikdən sonra formal arvadı hesab olunan Aygün Hacıyeva məhkəmədə ona qarşı “açar və ev” tələbi ilə iddia qaldırmışdır. Məhkəmədə hakim Aygünə qanunla müəyyən olunmuş 3 ay müddətində mirası qəbul etmədiyinə görə əvvəlcə mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməli, vərəsəlik məsələsini həll etdikdən sonra ona qarşı iddia qaldırmalı olduğunu izah etmişdir. Aygün iddianı əsassız qaldırdığını başa düşərək, sonrakı proseslərə gəlməmiş və nəticədə iddiası baxılmamış saxlanılmışdır. Aygünun onu məhkəməyə verməsindən Vüsalın xəbəri olmuşdur. Vüsal ona Aygünlə məhkəmə mübahisəsi bitdikdən sonra öz payı ilə əlaqədar razılaşacağını bildirmişdir. Məhkəmə qurtardıqdan sonra Vüsal ona payını almağı təklif etmiş və bununla əlaqədar ondan 7500 manat pul tələb etmişdir. Əvvəlki söhbətlərində o, Vüsala vəkillə məsləhətləşdiyini, Aygün və onun uşağı mirası qəbul etmədiklərinə görə, o, Aygünün və uşağının pay hüququna məhkəmə qaydasında xitam verdirməli olduğunu demişdir. Bunun üçün də Vüsalın ona verəcəyi etibarnamə əsasında Vüsalın adından iddia qaldırmalıdır. O, Vüsalın ondan 7500 manat pul almaqla və etibarnamə verməklə digər vərəsələrlə bağlı məhkəmə mübahisələrinin həllini öz üzərinə götürəcəyi barədə razılığa gəlmişlər. Vüsalla aralarında olan razılaşma digər qardaşı Ələmdarın, onun həyat yoldaşı Hicranın və oğlu Qəhrəmanın yanında olmuşdur. Razılaşmalarının şərtləri ilə bağlı o, və Vüsal 08 aprel 2022-ci ildə onu vəkilinin ofisində akt tərtib edərək imza etmişlər. Daha sonra o, 5 nömrəli notariusda Vüsala 7500 manat pul vermis, Vüsal onun adına etibarnamə rəsmiləşdirmişdir. O, qardaşının digər vərəsələri sayılan Aygün və oğlu ilə bağlı məhkəmədə iddia qaldırılması üçün Gəncə şəhər 1 nömrəli notariusdan, Vüsalın mirası qəbul etməsinə dair sənəd alarkən, ona notariusda həmin evə dair Vüsalla digər vərəsələr arasında qarşılıqlı razılşma əsasında 04 aprel 2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsi bildirilmişdir. Vüsal onunla razılaşmanın şərtlərini pozaraq 7500 pul almaqla yanaşı, digər iki vərəsənin qanunsuz pay əldə etməsinə şərait yaratmışdır. O, Vüsala verdiyi 7500 manat pulun qaytarılmasını tələb etmişdir. Artıq iki ilə yaxındır ki, Vüsal onun pulunu qaytarmaqdan imtina etmişdir. Aralarında ciddi narazılıqlar yaranmış, bir neçə dəfə polisə düşmüşlər. Ona görə də, o, cavabdehdən iki il əvvəl verdiyi 7500 manatı və həmin müddət ərzində ona vurduğu zərərin əvəzini tələb etmək məcburiyyətindədir. Cavabdehlə razılaşmalarına əsasən o, cavabdehə 08 aprel 2022-ci ildə 7500 manat pul vermişdir. Həmin pul nəğd şəkildə onda olmamışdır. O, nəzərdə tutmuşdur ki, cavabdehə 7500 manat pul verməkdən əlavə, mirasda hüququnu itirmiş digər iki nəfər vərəsə ilə bağlı məhkəmə mübahisələrinin xərclərini çəkdikdən sonra, təqribi qiyməti 20000 manat dəyərində olan, həmin mənzilə tam mülkiyyət hüququ əldə etməklə, çəkdiyi xərcləri qarşılaya bilər. Ona görə də o, Vüsala verəcəyi 7500 manat pulu düzəltmək üçün məcbur olub öz təsərrüfatında saxladığı 4 baş yanı balalı, iri buynuzlu malını 6000 manata satmış, yerdə qalan pulu isə, yəni 1500 manatı xalası oğlundan borc alaraq Vüsala vermişdir. O, həmin mallarını satıb Vüsala verməklə təqribən həmin məbləğdə, yəni 6000 manat məbləğində zərərə düşmüşdür. Çünki o, həmin malları satmasaydı 2 ildə 4 baş heyvanı artıb ən azı 12 baş olardı. 2022-ci ilin aprel ayında o, 4 baş malını satıb Vüsala verməklə ən azı 6000 manat zərərə düşmüşdür. Cavabdeh onunla razılaşdığı şərtləri pozduğuna görə, yəni mənzilin 2/3 hissəsinə, digər şəxslərə vərəsəlik şəhadətnaməsi verilməsinə razı olduğuna görə, o, cavabdehin təqsiri üzündən zərərə düşmüşdür. Vüsala verdiyi puldan 1500 manatı xalası oğlundan borc almışdır. Həmin borcun qaytarılması ilə bağlı zərərə düşsə də, zərər az olduğuna görə tələb etməmişdir. O, qardaşının vəfatından sonra qardaşının dəfn, yas, yəni 1, 3, 7, adınalar, 40 və il mərasiminə ümumilikdə 5000 manat, qəbir daşına isə 2200 manat xərc çəkmişdir. Qardaşının vəfatından sonra qardaşının 20000 manat dəyərində mənzili qalmışdır. Həmin mənzil isə vərəsəlik qaydasında cavabdehin və digər vərəsənin mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh onun pulunu ələ keçirərərk, ona maddi ziyan vurmuşdur. O, mərhum qardaşı Hüseyn öldükdən sonra qardaşının yas mərasimini təşkil etmiş, ehsan vermişdir. O, qardaşı oğlu Vüsala 7500 manat pul vermis, həmin pulun müqabilində qardaşından miras qalmış əmlakı - Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 6, 21 nömrəli mənzili Cavabdeh ona satmışdır və etibarnamə ilə sənədləşdirmə işlərinin aparılmasına dair salahiyyətlər vermişdir. Sonradan Cavabdeh verdiyi vədlərə əməl etməmiş, etibarnaməni ləğv etdirmiş, lakin sonuncuya ödədiyi 7500 manat pulu qaytarmamışdır. O, borcunu tələb etmiş, lakin Cavabdeh borcunu verməkdən imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun atası xx.xx.2020-ci il tarixdə ölmüşdür, həmin il ölkə ərazisində pandemiya rejimi olmuşdur. O, əvvəlki məhkəmə iclaslarında İddiaçı 7500 manat pul aldığını etiraf etmişdir, lakin həmin vaxt əsəbi və anlaqsız olduğundan borcu etiraf etmişdir. İddiaçı mərhum atasının yas mərasiminə 7500 manat pul xərcləməmişdir, təxminən atasının yas mərasimi üçün iddiaçı 2500-3000 manat məbləğində pul xərcləmişdir. Mərhum atası iyirmi ildən artıq Gəncə şəhərində yaşamış, bu səbəbdən də, Samux rayonunda olan xeyir və şər məclislərində iştirak etməmişdir. Atası xeyir və şər məclislərində iştirak etmədiyi üçün yas mərasiminə az sayda insan gəlmişdir. El adətinə uyğun olaraq yas mərasiminə gələn insanlar az da olsa yas mərasiminə əza (pul) yazdırmışlar. Atasından qalmış mirası - Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 6, 21 nömrəli mənzili o, atasının üçüncü arvadı və həmin arvadın mərhum övladı qəbul etmişlər. O, atasının meyidi gətirilən gün və dəfn günü məclisdə iştirak etmişdir. İddiaçı ilə onun münasibəti təxminən atasının birinci adnasından sonra pozulmuşdur. İddiaçı maddi imkanı yaxşı olmuş, atasının dəfn mərasiminin keçirilməsi üçün xərci öz üzərinə götürmüş, ehsan vermişdir. Mərhum atasına ehsan verilən zaman süfrədə halva, bozbaş və dolma olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə razılaşma əsasında vəkil Y.B.Abbasovun yanında İddiaçı, X19, Cavabdeh tərəfindən tərtib olunmuş aktdan görünür ki, razılaşma predmeti olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 6 nömrəli binanın 21-ci ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsi Vüsalın atası, Lütfinin qardaşı olan Hüseyn Zamanova məxsusdur. X13 18 dekabr 2020-ci ildə vəfat etmişdir. Onun ölümü ilə həmin mənzil miras qalmışdır. Cavabdeh 1-ci dərəcəli vərəsə kimi notariusa ərizə verərək mirasdakı payını qəbul etmişdir. Mərhumun digər vərəsələri olan arvadı Aygün və onun oğlu Nadir mirası qanunla müəyyən olunmuş müddətdə qəbul etməmişlər, lakin məhkəmədə mübahisə qaldırmışlar. Razılaşmanın şərtlərinə əsasən Vüsal mirasdakı payını 7500 manata əmisi Lütfiyə sataraq payından onun xeyrinə imtina etmişdir. İddiaçı həmin pulu Vüsala ödəyərək, Vüsalın payı üzərində mülkiyyət hüququ, yəni sərəncam, istifadə və sahiblik hüququ əldə etmişdir. Razılaşmanın şərtlərinə əsasən digər vərəsələrlə pay mübahisəsi hüququ, Vüsalın notariusda verdiyi tam səlahiyyətli etibarnamə əsasında əmisi Lütfiyə ötürülmüşdür. Tərəflər həmin razılaşmanı pozmamağı öhdələrinə götürmüşlər. Razılaşmanı pozan tərəf məsuliyyət daşıyır. Akt tərəflərin razılaşması və iradəsi əsasında tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə İddiaçı, Zamanova Hicran Saleh qızı, X20, X25, X29, X14, X9, X26, X21 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Samux rayonu, Sarıqamış kəndindən olan Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşamış X13 xx.xx.2020ci il tarixdə Gəncə şəhərində vəfat etmiş, Samux rayonu, Sarıqamış kənd qəbristanlığında dəfn edilmişdir. Dəfn olunan gündən ili çıxana qədər bütün dəfn xərclərini Sarıqamış kəndində yaşayan qardaşı İddiaçı tərəfindən qarşılanmışdır. Dəfn mərasimində dəfn günü meyitin yuyulması-150 manat, iynə-60 manat, dəfn maşını-100 manat, mağar (7gün)-300 manat, mağar (40 mərasimi günü)-100 manat, qəbirin qazılması, hörülməsi (sement, mişar daşı və digər ləvazimatlar)-100 manat, aşbaz-200 manat (7 günlük), dəfn günü ət-300 manat, yağ-35 manat, xurma, marmelad, konfet, qənd-300 manat, üç mərasimi günü: dana əti-1300 manat, dovğa üçün qatıq, göy-100 manat, xurma, marmelad, konfet, qənd- 350 manat, aş üçün düyü-100 manat, aşın qaradı üçün ət-180 manat, yeddi mərasimi günü: aş üçün ət-480 manat, çayçı-70 manat, adınıanma mərasimləri (4 dəfə)-700 manat, 40 mərasimi günü: ət-350 manat, dovğa üçün ərzaqlar-25 manat, xurma, marmelad, konfet, qənd-200 manat, qəbir daşı-1000 manat, molla-150 manat, il mərasimi günü: ət- 700 manat, mağar-50 manat, xurma, marmelad, konfet, qənd-100 manat, cəmi 7500 manat məbləğində pul xərclənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “qeydiyyat vəsiqəsi”-nin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, bina 6, mənzil 21 mülkiyyət hüququ əsasında X10 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən bütün səlahiyyətli orqanlarda, o cümlədən İcra Hakimiyyətində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində, bankda, istənilən qeydiyyat şöbəsində, notariat ofisində və “ASAN xidmət” mərkəzində sənədləşmə işlərini aparmağı atası X11 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 6 saylı binada yerləşən 21 saylı mənzildən ona çatası miras payı qəbul etməyi, bununla bağlı sənədləşmə işləri aparmağı, adından ərizə yazmağı, sorğuverməyi, vərəsəlik hüququ haqqında şəhadətnaməni alıb Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, yuxarıda göstərilən daşınmaz əmlakı əmisi İddiaçı bağışlamağı, bununla əlaqədar sənədləri toplamağı, təqdim etməyi, imzalamağı, adından ərizə yazmağı, haqq və rüsumları ödəməyi, adından bütün növ müqavilələr bağlamağı, müqavilələri və digər sənədləri imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 6, 21 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/3 pay hissələrlə X15, Cavabdeh və X16 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Sarıqamış kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı həqiqətən Sarıqamış kəndində yaşayır. Nümayəndəliyin 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 77 saylı şəxsi hesabda qeydiyyatdadır. 2021-ci il iri buynuzlu mal-qara uçota alınan vaxtı 8 baş olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Sarıqamış kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X5 rayonu, Sarıqamış kənd qəbristanlığında dəfn edilmişdir. DSMF-u tərəfindən ödənilən dəfn xərcini İddiaçı almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Cavabdeh, X22, X6, X7 və X27 tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, X13 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun cənazəsi Samux rayonu, Sarıqamış kəndində yaşayan qardaşı İddiaçı evində götürülmüşdür. Onlar və kənd sakinləri dəfndə iştirak edərək müəyyən miqdar dəfn pulu yazdırmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Sarıqamış kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Dəfn mərasimi Samux rayonu, Sarıqamış kəndində qardaşı İddiaçı məxsus evdə yas mərasimi və bütün dəfn xərcləri qardaşı tərəfindən qarşılanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Samux rayon Seyidlər bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qəbristanlığında dəfn edilmişdir. Mərhumun bütün dəfn xərclərini Sarıqamış kəndində yaşayan qardaşı İddiaçı çəkmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh əmisidir. İddiaçının qardaşı, cavabdehin isə atası X13 18 dekabr 2020-ci ildə vəfat etmişdir. X2 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 6, 21 nömrəli mənzil miras qalmış və həmin miras Cavabdeh, X30 və X31 tərəfindən qəbul edilmişdir. Miras əmlak barədə tərəflər arasında razılaşma olmuş, razılaşmanın şərtlərinə əsasən cavabdeh mirasdakı payını 7500 manata əmisi İddiaçı sataraq payından onun xeyrinə imtina etmişdir. İddiaçı 7500 manat pulu Cavabdeh ödəmiş, həmçinin Cavabdeh atası öldükdən sonra Cavabdeh razılığı ilə əmisi İddiaçı yas mərasimini təşkil etmiş və yas mərasimləri üçün lazım olan bütün xərcləri çəkmişdir. Cavabdeh iddiaçıdan aldığı pul ilə bağlı əvvəlki məhkəmə iclaslarında izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi pul məbləğinin 7500 manatını qəbul edir və həmin pulu qaytaracaq, lakin hazırkı məhkəmə iclasında o, iddiaçıdan 7500 manat pul almasını təkzib edərək, əvvəlki məhkəmə iclasında əsəbi və anlaqsız olduğunu bildirmişdir. İddiaçı cavabdehə verdiyi 7500 manat pulu və yas mərasimi üçün xərclədiyi pulun qaytarılmasını tələb etmiş, lakin Cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh yas mərasimi və dəfn xərcləri üçün çəkilən xərcin iddiaçı tərəfindən şişirdiyildiyini bildirmiş və iddiaçının mərhum atasının yas mərasimində çəkdiyi xərcin 2500 manat olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə, yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) əsassız varlanma öbyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən qismən gəlmişdir. Belə ki, cavabdeh tərəf pulun qismən icrasının iddiaçı tərəfindən ödənilməsini inkar etmir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf həmin halı təsdiq edə bilməmişdir. Onun bu mövqeyi yalnız özünün izahatı ilə məhdudlaşdırılaraq sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə iddiaçının mövqeyini qismən əsaslı sayır və göstərir ki, iddiaçı pulunu tələb edə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 7500 manat və 2500 manat məbləğində dəfn xərci, ödənilmiş 77 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7500 manat və 2500 manat məbləğində dəfn xərci, ödənilmiş 77 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar