Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-35/2025 04.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, iddiaçı X1 və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayonu Qarabağlar kəndində yerləşən və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********24 reyestr nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan 0.10 ha torpaq sahəsi üzərindəki, cavabdeh tərəfindən sökülmüş ona məxsus hasarın cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux rayon Qarabağlar kəndində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınınaz Əmlakın Dövlət reyestirinin **********24 saylı cıxarışına əsasən 0.10 ha torpaq sahəsi vardır. Ona məxsus tikililər, ona aid torpaq sərhədləri daxilindədir, hec bir kənaracıxma hallarına yol verilməmişdir. Lakin cavabdeh həmkəndlisi Cavabdeh uzun illərdir ki, ona haqsızlıq edir, o, hördüyü hasarı uçurub dağıdır. Onun məqsədi ucurduğu hasarın yerindən onun evinin arxasından mal-qara heyvan yolu açmaq istəyir. Dəfələrlə məhkəmələrdə olmuşlar. Samux rayon icra şöbəsinin hec bir mütəxəssis iştirak etmədən səhv ölçüsü və birtərəfli icrası nəticəsində onların mübahisəsi davam edir və o, tikdiyi barı cavabdeh tərəfindən dağıdılır. Mübahisə ilə əlaqədar Samux rayon İcra hakimiyyətinin Başçısının qəbulunda olmuş, mübahisəli əraziyə Samux rayon İcra Başçısının müavini Arif Ağayev, baş məsləhətçisi Aləm Abdiyev, Çobanabdallı kənd İƏD-si üzrə nümayəndəsi Elşad Məhərrəmov, kənd bələdiyyəsi Sveta Aslanova 22 noyabr 2023-cü il tarıxdə baxış keçirərək akt tərtib etmişlər. O, hesab edir ki, sökülmüş hasar onun mülkiyyətində olan torpaq sahəsində yerləşir, ona görə həmin hasar cavabdeh təərfindən qanunsuz olaraq sökülmüşdür, bu əsasla da tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi ilə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməyərək tələbin əsassız olduğunu bildirdi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınınaz Əmlakın Dövlət reyestirinin **********24 saylı cıxarışın surətindən görünür ki, Samux rayon Qarabağlar kəndində yerləşən 0.10 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, naturada təqdim olunan mübahisəli daş hasar, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrində **********24 reyestr nömrəli çıxarış və həmin çıxarışın 048300 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara istinadən, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməklə yanaşı eyni zamanda, **********39 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-000314 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara istinadən, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşir. Qeyd edək ki, **********24 reyestr nömrəli çıxarış və həmin çıxarışın 048300 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara istinadən, İddiaçı mülkiyyətində olan torpaq sahəsi 115.5 kv.m hissədə, **********39 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-000314 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara istinadən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tələbin təmin olunmaması qənaətini onunla əsaslandırır ki, sözügedən hasarın iddiaçının, yaxud cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşədiyi məlum deyil. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş ekpertizaya əsasən verilmiş ekspert rəyi ilə sözügedən daş hasarın iddiaçının və cavabdehin mülkiyyətlərində olan torpaq sahələrinin üst-üstə düşüdüyü hissəsində yerləşdiyi müəyyən edilmişdir. Bu hal isə sözügedən hasarın və hasara dair mülkiyyət hüquqlarının birmənalı şəkildə iddiaçıya məxsus olması qənaətinə gəlməyi istisna edir. Ona görə də məhkəmə hesab edir ki, tələb əsassızdır və rədd edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-35/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-35/2025
04.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver