Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-354/2024 23.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh1 500 manat, Cavabdeh2 400 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Samux rayon Sarıqamış kəndində yaşayır. Cavabdeh1 Samux Rayon Qarayeri qəsəbəsində, digər Cavabdeh2 Samux şəhərində (keçmiş Kolayır kəndində) yaşayırlar. Cavabdeh1 xx.xx.2021-ci ildə təcili pula ehtiyacı olduğunu ona bildirərək onun humanistliyindən istifadə edərək 500 azn məbləğində borc pul almış və pulu 2 (iki) ay sonra qaytaracağına söz versə də, qaytarmamışdır. O, pulunu tələb etdikdə isə müəyyən bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmişdir. Cavabdeh1 500 manat, Cavabdeh2 400 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, həm Cavabdeh1, həm də Cavabdeh2 iddia tələbində sözügedən məbləğdə pulları ondan borc kimi almışlar və bu halı onun məhkəməyə təqdim etdiyi əlyazma və audio yazı təsdiq edir. Odur ki, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı xx.xx.2021-ci il tarixdə 500 manat pul aldığını qeyd etmiş və həmin pulu xx.xx.2022-ci ilə kimi qaytaracağını vəd etmişdir. İş materiallarında olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş audio yazıdan məlum olur ki, Cavabdeh2 iddiaçıdan 400 manat pul borc aldığını etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 500 manat, digər Cavabdeh2 isə 400 manat borc pul verilmiş, beləliklə onlar arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hal onun məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. Hazırda cavabdehlər həmin münasibətlərdən irəli gələn öhdəliklərini yerinə yetirmək vəzifəsini daşıyırlar, ona görə də iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 500 (beş yüz) manat, Cavabdeh2 400 (dörd yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-354/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-354/2024
23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver