Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-369/2025 12.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona vurduğu maddi zərərin əvəzi olaraq 2200 (iki min iki yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin sentyabr ayında o cavabdehə müraciət etmişdir ki, yeni təmir olunan evinə 3 ədəd qapı düzəltsin. O, 3 qapının hazırlanıb göndərilməsi ilə bağlı cavabdehlə 3200 manata razılığa gəlmiş və 2022-ci ilin sentyabr və oktyabr aylarında hissə-hissə cavabdehə cəmi 3200 manat pulu vermişdir. Cavabdeh qapıları tam hazır olmamış gətirmiş və bir müddət sonra gəlib tamamlaycağını demişdir. Lakin qapılar çox keyfiyyətsiz işlənmiş, rəngi keyfiyyətsiz olmuş, həm də taxtaların özündə ciddi qüsurlar olmuşdur. Cavabdeh qüsurların olmasını qəbul etmiş və qapıların ikisini qüsurları aradan qaldırmaq üçün aparmışdır, digər qapı isə hal hazırda sökülmüş vəziyyətdə evdə qalmışdır. O, bu barədə polisə və prokurorluq orqanlarına müraciət etmişdir. Orada araşdırma aparılmış və cavabdeh orada söz vermişdir ki, zərəri ödəyəcək. Cavabdeh hissə-hissə ona cəmi 1000 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona verməli olduğu 2200 manat pul qalmışdır. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tələbi əsaslıdır, bu səbəbdən də tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, hazırda iddia tələbində sözügedən, yəni cavabdehin qüsurlu düzəltdiyi qapılar cavabdehdədir, belə ki, o, qapıdakı qüsuru müəyyən edtdikdən dərhal sonra bu barədə cavabdehə məlumat vermiş, daha sonra həmin qüsurlu qapıları sözügedən qüsurun aradan qaldırılması üçün cavabdehin özünə təhvil vermişdir. Digər 1 qapı isə onun həyətində qalmışdır. Cavabdehə qaytarılmış qapılardakı qüsur cavabdeh tərəfindən aradan qaldırılaraq ona təqdim edilməmiş, nə də ki, cavabdeh həmin qapıların dəyəri kimi ödənilmiş pulu qaytarmamışdır. Cavabdehlə telefon vasitəsilə əlaqə saxlamış, onlar arasında telefon danışığı əsnasında cavabdeh ona dəymiş ziyanın əvəzini növbəti ayın sonundan etibarən hissə-hissə ona ödəyəcəyini vəd etmişdir. Bu hal da, cavabdehin ona maddi ziyan vurmasını etiraf etməsi kimi qəbul edilməlidir. Ona görə də tələbinin təmin olunmasını məhkəmədn xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş audio-yazıdan görünür ki, Cavabdeh iddaçıya 1600 manat həcmində maddi ziyan vurmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab məktubundan görünür ki, X1 Cavabdeh şikayəti araşdırılaraq mübahisənin mülki xarakterli olduğu müəyyən edilmiş, bu əsasla da X2 iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi podrat müqaviləsinə dair normalar çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, sifarişçi, yəni İddiaçı podratçıya razılaşdırılmış məbləğdə muzd ödəyərək 3 ədəd qapı hazırlanmasını sifariş etmiş, bununla da sifarişçi sözügedən müqavilədən irəli gələn öhdəliyini icra etmişdir. Lakin podratçı tərəfindən hazırlanan və sifarişçiyə təqdim olunan məmulat qüsurlu olduğundan, sifarişçi məmulatı podratçıya qaytararaq əlavə icra tələb etmişdir. Belə olan halda podratçının ya məmulatdakı qüsuru aradan qaldırmaq, ya da yeni məmulat hazırlayaraq sifarişçiyə təqdim etmək öhdəliyi doğmuşdur. Lakin buna baxmayaraq podratçı həmin öhdəlikləri də yerinə yetirməmişdir. Belə olan halda isə artıq sifarişçinin müqavilədən imtina etmək hüququ, eyni zamanda podratçının müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və sözügedən mübahisəyə tətbiq olunmalı olan hüquq normalarından irəli gələn tələblərdən çıxış edərək qənaətini onunla əsaslandırır ki, podratçının qüsurlu məmulat hazırlaması səbəbilə sifarişçinin həmin qüsurun aradan qaldırılması üçün əlavə icra tələb etməsinə baxmayaraq, podratçının məmulatdakı qüsuru aradan qaldırmaması sifarişçiyə müqavilədən imtina etməyə əsas vermişdir. Belə olan halda isə sifarişi, podratçıdan müqavilə ilə bağlı xərclərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddianın qismən təmin olunmasına dair qənaətini onunla əsaslandırır ki, iddiaçı 3 qapı sifariş versə də, qapıların 2-sini qüsurlu olduğu üçün geri qaytararaq əlavə icra tələb etmiş, 1 qapı iddiaçıda qalmışdır. Həmçinin iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi audio yazıda cavabdeh iddiaçıya 1600 manat məbləğində pul qaytarmalı olduğunu etiraf etmişdir. Ona görə də məhkəmə heasb edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1600 manat pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-369/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-369/2025
12.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver