Məhkəmə qərarları › İş №2(058)-39/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-39/2025

14.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-39/2025 14.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 50500 manat, mənəvi zərərin əzəzi olaraq 49500 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı daha sonra məhkəməyə tələbin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 ona vurulmuş maddi ziyanın əvəzi olaraq 50500 manat, mənəvi zərərin əzəzi olaraq 49500 manat, Cavabdeh2 ona vurulmuş maddi ziyanın əvəzi olaraq 50500 manat, mənəvi zərərin əzəzi olaraq 49500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanalara uyğun izahat verdi, həmçinin bildirdi ki, cinayət mühakimə icraatı zamanı o, təqsirləndirilən şəxs tərəfindən ona müvafiq məbləğdə kompensasiya ödənilməsi əsası ilə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək mülki iddiasından imtina etsə də daha sonra o, imtina ərizəsini ləğv etmək barədə məhkəməyə ərizə təqdim etmişdir. Hesab edir ki, tələbi əsaslı və qanunidir. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının yeri vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-6/2023 saylı hökmündən görünür ki, sözügedən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxsin hüququ varisi, həmçinin mülki iddiaçı, Cavabdeh1 isə təqsirləndirilən şəxs, həmçinin mülki cavabdeh olmuşdur. Həmin hökmdən görünür ki, İddiaçı cinayət mühakimə icraatı zamanı ona dəymiş maddi və mənəvi zərərin təzminatı olaraq təqsirləndirilən şəxs Cavabdeh1 100 min manat, qəza zamanı toqquşan avtomobillərdən biri olan kombaynın sahibkarı Cavabdeh2 oğundan isə 200 min manat pul tələb etmiş, daha sonra İddiaçı məhkəməyə notarial qaydada ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyi bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Cavabdeh1 qarşı mülki iddiasından imtina etmiş, bu əsasla da sözügedən hökmlə İddiaçı Cavabdeh1 qarşı mülki iddiaları üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh2 oğuna qarşı mülki iddiası isə yetərli sübut təqdim edilməməsi əsası ilə baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-17/2024 saylı qərarından görünür ki, Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)- 6/2023 saylı hökmündən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-6/2023 saylı hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı işin fakti halları və iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı qismində tanınmışdır. Sözügedən cinayət işinə cinayət mühakimə icraatında baxılan zaman İddiaçı ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq təqsirləndirilən şəxs Cavabdeh1 100 min manat, qəza zamanı toqquşan avtomobillərdən biri olan kombaynın sahibkarı Cavabdeh2 oğundan isə 200 min manat pul tələb etmiş, daha sonra İddiaçı məhkəməyə notarial qaydada ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Cavabdeh1 qarşı mülki iddiasından imtina etmiş, bu əsasla da sözügedən hökmlə İddiaçı Cavabdeh1 qarşı mülki iddiaları üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh2 oğuna qarşı mülki iddiası isə yetərli sübut təqdim edilməməsi əsası ilə baxılmamış saxlanılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən cinyayət əməli nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2 pul tələb edir. İddiaçının məhkəməyə, ona maddi və mənəvi ziyanın vurulması təsdiq etmək üçün sübut olaraq təqdim etdiyi bütün sənədlər cinayət işi üzrə məhkəmənin çıxardığı hökmün tarixindən əvvəlki dövrləri əhatə edir. Yəni həmin sənədlərin içərisində məhz hökmün qəbul edildiyi tarixdən sonrakı dövrə dair hər hansı bir sənəd (sübut) mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırda iddianın qanuni əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə qeyd edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Bu baxımdan məhkəmə hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək mülki iddiasından imtina etməsi və bu əsasla da məhkəmə tərəfindən cinayət mühakimə icraatı çərçivəsində baxılan mülki iddia üzrə icraata xitam verilməsi halı bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Halbuki iddiaçı (sözgedən cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi) sözügedən cinayət hadisəsi nəticəsində, məhkəmənin müvafiq hökmündən sonrakı vaxtda onda yaranmış maddi və mənəvi zərərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhz bu əsasla iddiaçının Cavabdeh1 qarşı tələbi əsaslı deyil və rədd edilməlidir. Məhkəmə, iddia tələbini Cavabdeh2 münasibətdə də əsassız hesab edir. Belə ki, iddia tələbindən aydındır ki, iddiaçının cavabdehlərdən tələb etdiyi pul iddia tələbində sözügedən cinayət əməli nəticəsində iddiaçıya (zərərçəkmiş şəxsin hüquqi varisinə) dəymiş maddi və mənəvi zərərin əvəzi kimi tələb olunur. Hansı ki, məhkəmənin müvafiq hökmü ilə həmin cinayət əməlində Cavabdeh1 təqsirili bilmişdir. Belə olan halda iddiaçıya sözügedən cinayət əməli nəticəsində Cavabdeh2 tərəfindən hansı qaydada maddi və mənəvi zərər yetirilməsi aydın deyil və iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar