Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-393/2024 25.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli ******* saylı aktı əsasında ona və anası X1 etdiyi qaza görə hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayon Fizuli kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB Gəncə şəhər RQİİ tərəfindən onlara məxsus qaz sayğacı çıxarılmışdır. Həmin qaz sayğacı onun adına olsa da həmin bir otaqlı evdə anası X4 tək yaşayır. Anasının deməsinə görə 3 nəfər qaz idarəsinin əməkdaşı gəlib qaz sayğacını dəyişib. xx.xx.2023-cü il tarixdə qaz sayğacını çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunan zaman həmin mexaniki sayğacın üzərində olan nəzarət möhürü (blom) qırılmamışdır və onun tərəfindən qaz sayğacına müdaxilə aşkar edilməmişdir. O, həmişə sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. Ödəniş cədvəlindən görünür ki, sayğacda göstərilən tarixə kimi onun sərf etdiyi qaza görə heç bir borcu olmamışdır. Azəriqaz İB-nin əməkdaşları köhnə qaz sayğacını apardıqdan sonra onun xəbəri olmadan 777,60 manat debitor borcunun olması barədə akt tərtib etmişlər. Belə ki, sayğac “Azəriqaz” İstehsalat Birliyinin labaratoriyasında yoxlanılan zaman qaz sayğacının düzgün işləməməsi müəyyən edilmiş, sayğacın düzgün işləməməsi nəticəsində 6480 kub metr qaz sərfiyyatı düzdün qeydə alınmış və 777,60 manat məbləğində təşkilata ziyan dəymişdir. Qaz sayğacının düzgün işləməməsində onun heç bir günahı yoxdur. Qaz sayğacı yaşadığı evdən 30 metr aralıda yerləşir. Anasının 69 yaşı var və o, bir otaqlı evdə yaşayır. 6480 kub metr qaz faktiki olaraq onun 10 illik sərfiyyat normasıdır. O, 1 ay ərzində 6480 kub metr qaz istifadə etməmişdir. Bu səbəbdən də 1 ay ərzində 6480 kub metr qazın onun tərəfindən istifadə olunması real deyil. Ona görə də həmin sərfiyyata görə ona əsassız olaraq yazılmış 777,60 manat debitor borc silinməlidir. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X4 məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı əsassız hesablanmış 777.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, sözügedən sayğacın məxsus olduğu evdə o, tək yaşayır. Sayğac onun yaşadığı evdən 30 metr aralıda yerləşir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacı söküb aparan zaman sayğacın hər hansı bir nasazlığının olması barədə ona heç bir məlumat verməmişlər. O və iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona görə də tələbin təmin olunmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış **********6 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın üzərinə vurulmuş 3 ədəd zavod plombasının biri aşkar edilməmişdir. İtirilmiş qazın həcmi hesablanaraq əvəzinin abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00000 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Fizuli kəndində yaşayan abonent İddiaçı akt üzrə 777.60 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, samux rayonu Fizüli kəndində olan **********00000 nömrəli abonent kodulu, İddiaçı məxsus olan qaz sayğacının ümumi sərfiyyatı cəmi 6480 kub metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh **********6 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 6480 m3 itirilmiş təbii qaz üçün 777.60 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Samux rayonu Fizuli kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-393/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-393/2024
25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver