Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-405/2024 07.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux Rayon Ağasıbəyli kəndində yaşayır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları onun yaşadığı kəndə gələrək onun istifadəsində olan sayğaca baxış keçirən zaman ona bildirmişlər ki, guya o, sayğaca müdaxilə etmiş və ona cərimə tətbiq etmişlər. Halbuki, o, sayğaca heç bir müdaxilə etməmiş və hesab edir ki, həmin cərimə ona qeyri qanuni hesablanıb. Həmin cəriməni ödəməyə onun maddi imkanı yol vermir. “Azəriqaz” İB tərəfindən ona yazılmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, sözügedən sayğac küçədə yerləşir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb, ona cərimə əsassız yazılıb. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.` İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Samux rayonu Ağasıbəyli kəndində yerləşən İddiaçı yaşadığı ünvana quraşdırılmış “mex” G-4 markalı, **********7 nömrəli sayğac, “ZENNER“ G-4 markalı, STS **********816 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış **********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üst hissəsinin sınması müəyyən edilmiş, itirilmiş qazın həcmi hesablanaraq dəyəri abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00000 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Ağasıbəyli kəndində yaşayan abonent İddiaçı akt üzrə 1555.20 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən Samux rayonu Ağasıbəyli kəndində yerləşən, İddiaçı yaşadığı ünvanda qaz sərfiyyatının həcmi 12960 m3 hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh **********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən itirilmiş təbii qaz üçün 1555.20 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Samux rayonu Ağasıbəyli kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-405/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-405/2024
07.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver