Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-412/2024 03.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2900 manat məbləğində pulun və ödədiyi 49 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh 0,98 ha pay torpaq sahəsini 1900 manata almışdır. Cavabdehin qardaşı Hüseynov Yolçu ona zəng vuraraq bacısının torpaq satdığını bildirmişdir. O, torpağı alanda Xurşudbanu həmin torpağı ondan əvvəl Şəhriyar Kazımova icarəyə veribmiş. Şəhriyar Xurşudbanudan pulunu tələb edəndə Xurşudbanu ondan pulu alıb icarə haqqının qalan hissəsini Şəhriyara verib. Torpağı sənədləşdirmək ücün o, həyat yoldaşı X1 ilə Gəncə şəhər Əmlak Komitəsinə getmişlər, lakin sənədlər qaydasında olmadığı üçün sənədləşdirmə apara bilməmişlər. Xurşudbanu ona bildirmişdi ki, hələlik siz torpağı əkin və o, Xurşudbanuya inanıb mübahisəli torpaq sahəsinə arpa səpmişdir. Bir neçə aydan sonra isə torpaq bölgüsü olmuş, Xurşudbanunun onlara satdığı torpaq sahəsi başqa adama verilmişdir. O, Xurşudbanuya bildirmişdir ki, dövlət aktını gətirsin və onlara aid olan torpaq ölçülüb onlara verilsin. Xurşudbanu hər dəfə onu aldadıb bundan yayınmışdır. O, Xurşudbanunun Moskvadakı qardaşı Dilənə zəng vuraraq tələb etmişdir ki, Xurşudbanu ya torpağı versin ya da pulu qaytarsın, qardaşı Dilən isə ona bildirmişdir ki, Xurşudbanu onu da aldadıb, ona görə onu danışdırmır. O, Xurşudbanudan 1900 manat pulunu istəyəndə Xurşudbanu onun oğlu Xalisin işlədiyi mühafizə bölməsinə gedib şikayət vermişdir. Mühafizə bölməsində Nemət adlı şəxs ondan 1000 manat pul alıb Xurşudbanuya vermişdir. Onların bu mübahisəli məsələsindən kənd icra nümayəndəsinin, bələdiyyənin və Samux İcra hakimiyyəti aparatı işçilərinin xəbəri vardır. Hal-hazırda Cavabdeh ona 2900 manat pul qaytarmalıdır, lakin o, müxtəlif bəhanələrlə onun pulunu qaytarmaq istəmir. Hazırda onun maddi vəziyyəti çox pisdir və onun həmin pula ehtiyacı var. Cavabdeh ona borclu olduğu 2900 manat pulu könüllü qaytarmadığı üçün o, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək iddia tələbinin əsassız olduğunu, iddiaçının öz tələbinin əsaslı olmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyini bildirərək tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi, həmçinin bildirdi ki, 1900 manat pulu cavabdehə o özü yox, onun oğlu verib. Yəni 1900 manat pulu cavabdehə oğlunun vasitəsilə göndərib. Qalan 1000 manat pulu isə oğlunun işlədiyi idarədə addelkadr işləyən Nemət adlı şəxsə verib ki, Xurşudbanuya versin. Oğlu 1900 manat pulu, Nemət adlı şəxs isə 1000 manat pulu cavabdehə verəndə o, onların yanında olmamışdır. Tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçı özü də izahatında bildirdi ki, iddia tələbində sözügedən məbləğdə pulu cavabdehə şəxsən özü verməyib. Ona görə də tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının xahişi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, iddiaçı onun əridir. 1900 manat pulu əri onun yanında cavabdehə verib. Bu zaman oğulları maşında olub, yəni onların yanında olmayıb. Qalan 1000 manat pulu isə Nemət adlı şəxs cavabdehə vermək məqsədilə gəlib onlardan götürüb. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilir ki, iddiaçı, iddia tələbində sözügedən məbləğdə pulu cavabdehə şəxsən özü yox, bir hissəsini oğlu, qalan hissəsini isə Nemət adlı şəxs vasitəsilə verdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbində sözügedən pulun cavabdehə həqiqətən də verilməsi halı məhkəmə araşdırması zamanı heç bir sübutla öz təsdiqini tapmaması ilə yanaşı iddiaçının hazırki tələbi irəli sürməkdə ümumiyyətlə subyektiv hüququnun olmaması da göz ardı edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi pulu özü şəxsən cavabdehə verməmiş, o, bu halı öz izahatında açıq aşkar ifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-412/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-412/2024
03.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver