Məhkəmə qərarları › İş №2(058)-416/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-416/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-416/2024 22.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X7 Təchizatı və Satış İdarəsi tərəfindən yazılmış 425,40 manat debitor borc pul məbləğinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası və anasından qalan onun adına olan ev Samux rayonu, Yenikənd kəndində yerləşir. Atası və anası öldükdən sonra təxminən 10 il olar ki, orada heç kim yaşamır. O, evdə olmayan vaxt xx.xx.2023-cü il tarixdə istismarda olan elektrik sayğacı 406001 nömrəli protokol əsasında laboratoriya əməkdaşları tərəfindən müasir tipli sayğacla əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmış, yoxlama zamanı üst “A” möhürü yerində olmamış, hesab nömrələrinin qarışdığı aşkar edilmişdir. Protokol əsasında 90 günlük hesabat aparılmış, 1663 kvt.ş dəyəri 216,19 manat hesablanmışdır. Daha sonra aktların uçotu və icrasına nəzarət şöbəsində protokola yenidən baxılmış, artırılaraq 3931 kvt.ş dəyəri 432,41 manat məbləğində hesabat aparılmışdır. xx.xx.2023-cü il tarixdə debitor borc 425,40 manat təşkil etmişdir. Həmin evdə 8 il olar ki, heç kim yaşamır. O, sayğaca müdaxilə etməmişdir, sayğaca toxunmamışdır. Sayğacın üst “A” möhürünün yerində olmamasından xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun atası təxmini iyirmi il anası isə təxmini on altı ilə yaxındır ki, ölmüşlər. Qardaşı bir il yarımdır ki, ölmüşdür. Hazırda həmin evdə heçkəs yaşamır. Onlar ancaq doğum günlərini və yas mərasimlərini həmin evdə keçirmişlər, qaz və işıq sərfiyyatınıda həmin doğum günlərində və yas mərasimlərində sərf etmişlər. Onun enerji sərfiyyatına görə təxminən 20 manat borcu vardır və o, həmin borcu ödəyəcək. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq, icraatında digər işlərin olması ilə əlaqədar mülki işə iştirakı olmadan baxılmasını və qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Enerji Satış Departamenti ilə Samux rayonu, Yenikənd kənd sakini İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, İddiaçı məxsus Samux rayonu, Yenikənd kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə 425,40 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 406001 nömrəli protokolun surətindən görünür ki, sayğac dəyişdirilmişdir. İş materiallarında olan sayğacların qəbul bildirişinin surətindən görünür ki, sayğac müayinə olunan zaman məlum olmuşdur ki, üst “A” möhürü yerində yoxdur, hesab mexanizminin rəqəmləri qarışmışdır. İş materiallarında olan "xxxx" ASC-nin “Qərb” Retsi-nin akt komissiyasının sədrinin icra vərəqinin surətindən görünür ki, sayğacın üst “A” möhürü yerində yoxdur, hesab mexanizminin rəqəmləri qarışmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 425,64 manat məbləğində borc yazılmışdır. Həmçinin İddiaçı işıq sərfiyyatına görə 20 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə istismarda olan elektrik sayğacı 406001 nömrəli protokol əsasında laboratoriya əməkdaşı tərəfindən müasir tipli sayğacla əvəz edilmişdir. Çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmış, yoxlama zamanı üst “A” möhürü yerində yoxdur, hesab mexanizminin rəqəmlərinin qarışdığı aşkar edilmişdir. Protokol əsasında 90 günlük hesabat aparılmış, 166 kvt.s, dəyəri 216,19 manat hesablanmışdır. Daha sonra Aktların Uçotu və İcrasına Nəzarət şöbəsində protokola yenidən baxılmış, artırılaraq 3931 kvt.s dəyəri, 432, 41 manat məbləğndə hesabat aparılmış, xx.xx.2023-cü il tarixə debitor borcu 425,40 manat təşkil etmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Samux rayonu, Yenikənd kəndində qeydiyyatdadır, lakin hal-hazırda Belarusiya Respublikasına getdiyi üçün ərazidə yaşamır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Samux rayonu, Yenikənd kəndində yerləşən 0.7438 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, İddiaçı məxsus Samux rayonu, Yenikənd kəndində olan yaşayış evinə verilən enerji sərfiyyatına görə 425,40 manat məbləğində borc yazılmış, İddiaçı elektrik enerji sərfiyyatına görə 20 manat borcu qalmışdır. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-ti tərəfindən İddiaçı məxsus Samux rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 405,40 (425,40 - 20) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-ti tərəfindən İddiaçı məxsus Samux rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 405,40 (425,40 - 20) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar