Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-416/2025 20.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilinə dəymiş zərərin əvəzi qismində 7159 manat məbləğində pulun və ödədiyi 92 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Cavabdeh1 idarə etdiyi «VAZ» markalı “2107” modeli, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Zaur İsmayılov küçəsində ümumilikdə 3 avtomaşının toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Gəncə BPİ-nin İTİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis baş leytenantı X1 tərəfindən sözügedən hadisə ilə bağlı cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh1 əməlində İXM-nin müvafiq maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün həmin qərar Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan avtomobilə 11550 manat həcmində zərər dəymişdir. İcbari sığorta müqaviləsinə əsasən sığortaçı şirkət tərəfindən ona 4391 manat pul ödənilmişdir. Sığorta şərtlərinə görə dəymiş zərərin qalan hissəsi cavabdeh tərəfindən ödənilməlidir. Cavbddehlər isə ona ödəməli olduqları pulu ödəməkdən imtina edirlər. Tələbinin təmin olunaraq avtomobilinə dəymiş zərərin əvəzi qismində 7159 manat məbləğində pulun və ödədiyi 92 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin ekspert rəyi ilə razı olduğunu bildirərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2024-cü il tarixli, 8/3448 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiq edilən VAZ-21074 markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində sürücü, Cavabdeh1 idarə etdiyi “VAZ 21074” minik markalı **-EZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Zaur İsmayılov küçəsi ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-c hissəsinin tələblərini pozaraq sürücü, İddiaçı idarə etdiyi Volksvagen minik markalı **-KA- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, daha sonra VAZ 2107 markalı avtomobil yolun kənarında dayanıqlı vəziyyətdə olan Toyota markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində sürücü Cavabdeh1 sol körpücük sümüyünün sınığı ilə müşahidə olunan sol körpücük nahiyəsinin hematoması, sol çiyinarxası nahiyənin və sol almacıq nahiyəsinin sıyrıqları kimi az ağır xəsarət almışdır. Cavabdeh1 və İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh1 barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün material Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 İXM 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, “Volkswagen Passat” markalı, 10–KA–020 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzində İddiaçı "xxxx" ASC tərəfindən 4391.63 manat məbləğində pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən verilən rəydən görünür ki, “Volksvagen Passat” markalı **-KA-*** dövlət nömrə nişanlı avtomobilə yol nəqliyyat hadisə zamanı dəymiş zərərin həcmi 10690 manat təşkil edir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh1 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus «Volksvagen Passat» markalı **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Hazırda iddiaçı məhz qeyd olunan əsasla hadisənin baş verməsində təqsirli olan Cavabdeh1 və Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh2 ona məxsus «Volksvagen Passat» markalı **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı, Cavabdeh1 ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması iş materialları ilə öz təsdiqini tapır. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus «Volksvagen Passat» markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi isə işin mübahisəsiz halıdır. Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olduğu üçün həmçinin onun həmin təqsirli hərəkət nəticəsində vurduğu maddi ziyana görə mülki hüquq məsuliyyəti yaranmışdır. Qanunvericiliyin tələbinə görə mülki hüquq pozuntusu (delikt) zərərvuranın, zərərçəkmiş fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzini tam həcmdə ödəmək öhdəliyini doğurur. Belə olan halda iddiaçının (zərərçəkmişin) Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək haqqı yaranır. Məhkəmə iddia tələbini digər Cavabdeh2 münasibətdə əsassız hesab edir. Belə ki, iş materiallarından və işin faktiki hallarından aydın olur ki, Cavabdeh2 sözügedən yolnəqliyyat hadisəsi zamanı toqquşan avtomobillərdən birinin, yəni Cavabdeh1 idarə etdiyi “VAZ 2107” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir və o, həmin nəqliyyat vasitəsini idarə etməyə dair Cavabdeh1 etibarnamə ilə səlahiyyət vermiş, həmçinin Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində, dolayısıyla həmin hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmasında Cavabdeh2 heç bir təqsiri olmamışdır. Belə olan halda Cavabdeh2 iddiaçı qarşısında hər hansı bir məsuliyyətinin və öhdəliyinin yaranması istisnadır. Məhz bu səbəbdən iddia tələbi Cavabdeh2 münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2. maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbində zərərin əvəzinin həcmi vurulmuş real zərərin həcmindən artıq məbləğdə qeyd olunmuşdur. Belə ki, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasına əsasən verilmiş ekspert rəyində sözügedən avtomobilə dəymiş zərərinin həcminin 10690 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin ekspert rəyində göstərilən həmin məbləğ avtomobilə ümumilikdə dəymiş ziyanın həcmini əks etdirir. Belə ki, iddiaçının izahatından və iş materiallarından aydın olur ki, iddiaçıya məxsus avtomobilə vurulmuş ümumi zərərin 4391.63 manat hissəsi ona sığortaçı tərəfindən ödənilmişdir və belə olan halda idddiaçı vurulmuş maddi ziyanın sığorta təşkilatı tərəfindən ona ödənilmiş hissəsindən geri qalan hissəsini cavabdehdən tələb edə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş ziyana görə 6299 (altı min iki yüz doxsan doqquz) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə, həmçinin digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 92 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 82.99 manat hissəsinin əvəzi iddiaçının xeyrinə, 200 manat məbləğində ekspertiza xərci Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına köçürülməsi üçün Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçıya dəymiş maddi ziyana görə 6299 (altı min iki yüz doxsan doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82.99 (səksən iki manat doxsan doqquz qəpik) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh1 alınaraq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, (KOD-200093, VÖEN- **********, müxbir hesab-AZ37NABZ********************, hesab- AZ66AİİB********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-416/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-416/2025
20.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver