Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-428/2025 22.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və elektrik xəttinin bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi və elektrik xəttinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Qərd RETSİ-nin hərəkətlərinin qanunsuz hesab edilməklə, Samux rayonu, Yenikənd kəndində yerləşən evə dair onun adına əsassız olaraq hesablanmış 3,822 kv.t işığa görə 420,20 manat pul məbləğinin silinməsi və açılmış elektrik xəttinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Yenikənd kəndində yerləşən ev ona məxsusdur. O, faktiki olaraq Gəncə şəhərində yaşayır və həmin evdə 2012-ci ildən hal-hazıradək daimi olaraq heç kəs yaşamır, yalnız ayda bir neçə dəfə müvəqqəti olaraq 1-2 gün qalmaqla elektrik və qazdan aradabir istifadə olunur. "xxxx" ASC-dən alınmış 2015-2024-cü illəri əhatə edən “abunə haqqında” rəsmi cədvəlarayışdan da təsdiq edilir ki, həmin müddətdə elektrik enerjisindən fasilələrlə cüzi istifadə edilmişdir. Cavabdeh öz təşəbbüsü ilə xx.xx.2023-cü ildə ünvana aid elektrik sayğacını yoxlamış, akt tərtib etmiş və aktda qeyd etmişdir ki, sayğacın üst “A” möhürü yerində yoxdur və hesab mexanizminin rəqəmində müdaxilə aşkar olunmuşdur. Eyni zamanda, cavabdehin nümayəndələri tərəfindən sayğacın dəyişdirilməsi barədə həmin tarixli akt tərtib olunmuş və özləri tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli X1 (EİQ) pozulması barədə akt tərtib olunmuşdur. Həmin akta əsasən 3,822 kv.t elektrik enerjisinin itkisi hesablanmış və 0,11 qəpiklə hesablanaraq 420,20 manat borc hesablanmışdır. Eyni zamanda, ünvana verilən işıq xətti kəsilərək ayrılmışdır. Cavabdehin həmin hərəkətləri bütövlükdə qanunsuzdur. Çünki onun tərəfindən işıq itkisinə səbəb olan hər hansı bir hərəkətə yol verilməmişdir. O, həmin evdə yaşamadığına görə işıqdan istifadəyə ehtiyacı olmamışdır. Onun küçədə quraşdırılmış işıq sayğacının nasazlığından xəbəri olmamışdır. Əgər həqiqətən işıq sayğacı hər hansı səbəbdən zədələnmişdirsə, buna görə o, təqsirli sayıla bilməz. Ona görə də, cavabdeh tərəfindən hesablanmış həmin 3,822 kv.t ziyan məbləği ondan tələb edilə bilməz. Hesablanmış zərər məbləği əsaslı deyil, çünki elektrik enerjisindən istifadə edilmədiyinə görə hesab mexanizminin rəqəminə müdaxiləyə ehtiyac olmamışdır. O, həmin evdə yaşamamış, elektrikdən istifadə etmədiyinə görə elektrik itkisi də, istisna olunur. Nasazlığa görə heç bir əsas olmadan, yəni istehlakçının təqsiri olmadan itirilmiş sərfiyyatın dəyəri kimi istehlakçıya əlavə borcun hesablanması qanunsuz və əsassızdır. Cavabdeh hesabladığı borcun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Çünki işıq təhcizatı müəsissəsi birinci növbədə istehlakçının məsuliyyətə cəlb edilməsində maraqsız və qərəssiz olmasını təmin etməlidir. Hesablanmış borcun əsaslı olmasını cavabdeh sübut edə bilmədikdə iddiaçının haqlı olması qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X3 mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, sayğacın istismar müddəti bitdiyi üçün sayğac sökülmüş, laboratoriyada yoxlanılmış və aşkar olunmuşdur ki, sayğacın “A” möhürü zədələnmişdir. Nəticədə "xxxx" ASC-nin nümayəndəliyi tərəfindən yoxlanış aparılmış, laboratoriya əsasında hesabat aparılmış və iddiaçıya 420,20 manat məbləğində borc yazılmışdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 950504 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC-ti ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, abonent İddiaçı (abonent kodu-**********00014) Samux rayonu, Yenikənd kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə 420,20 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-ti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 405233 nömrəli protokolun surətindən görünür ki, sayğac müayinə olunan zaman üst “A” möhürü yerində yoxdur və hesab mexanizminin rəqəmində müdaxilə aşkar olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2023-cü il tarixli İcra Vərəqinin surətindən görünür ki, sayğac yoxlanılan zaman işləmiş, sayğac müayinə olunan zaman üst “A” möhürü yerində yoxdur və hesab mexanizminin rəqəmində müdaxilə aşkar olunmuşdur (W=1,1 kvt x 24 saat x 0,7 x 90 gün=1663 kvt.s x 0,13 manat, dəyəri 216,19 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, İddiaçı məxsus Samux rayonu, Yenikənd kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə cərimə hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşayış evində yerləşən elektrik sayğacına hər ay baxış keçirilmişdir, ona görə də məhkəmə hesab edir ki, elektrik enerjisinə görə hesablanma əmsalı 30 gün müddətinə aşağıdakı qaydada hesablanmalıdır. (W 1,1 kvt x 24 saat x 0.7 manat x 30 gün, W = 554 kvt.s, 200 x 0,08 manat = 16 manat, 100 kvt.s x 0,09 manat = 9 manat, 254 kvt.s x 0,13 manat = 33,02 manat; 16 manat+9 manat+33,02 manat = dəyəri 58,02 manat.) Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-ti tərəfindən abonent İddiaçı məxsus (abonent kodu-**********00014) Samux rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 362,18 (420,20 – 58,02) manat borc silinməli, 58.02 manat borc saxlanmalı və İddiaçı məxsus Samux rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-ti tərəfindən abonent İddiaçı məxsus (abonent kodu- **********00014) Samux rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 362,18 (420,20 – 58,02) manat məbləğində borc silinsin. İddiaçı məxsus (abonent kodu-**********00014) Samux rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsi bərpa edilsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-428/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-428/2025
22.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver