Məhkəmə qərarları › İş №2(058)-458/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-458/2025

25.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-458/2025 25.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq ona dəymiş maddi ziyana 37500 manat, əldən çıxmış fayda olaraq 11500 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Samux rayonu, Yuxarı Ağasbəyli kəndində istixana işlədir. Üçünçü şəxs olaraq qeyd olunan təşkilatla 5 ildir ki, şitil alveri edir. "xxxx" MMC-dən sonuncu dəfə 2023-cü ildə hər birini qiyməti 0,30 qəpik olmaqla, 10000 ədəd pomidor şitilini o Cavabdeh 3000 manata almışdır. Həmin şitili Samux rayonu, Yuxan Ağasbəyli kəndində yerləşən istixanada əkmişdir. Ştili əkdikdən sonra 14-cü gün şitildə virus aşkar etmişdir. O, "xxxx" MMC təşkilatının bu regionda təmsilçisi olan Cavabdeh ilə əlaqə saxlamışdır. Cavabdeh gəlib şitilə baxdıqdan sonra ona bildirmişdir ki, viruslu şitillari çıxarmaq, qalanını isə dərmanlamaq lazımdır. Onun dediklərini etsə da, xeyri olmamışdır. Şitili əkdikdən sonra 21-ci gün onu təkrar istixanaya çağırmış və o, yenə narahat olmamasını, dərmandan istifadə etməyini məsləhət görmüşdür. 3 ay sonra pomidorlar böyüdükdən sonra, o yenə cavabdehi istixanaya çağırmış, o da iddiaçıya bildirmişdir ki, narahat olma, müdiriyyətlə danışılmışdır. Şitil alınarkən iddiaçının razılığı olmuşdur ki, şitil viruslu olsa, şirkət iddiaçıya dəymiş ziyanı tam ödəyəcəkdir. Qeyd edilənlərə əsasən, şitilin alınmasına o 3000 manat, gübrəyə 24000 manat, kommunal xərclərə (işıq pulu, su pulu) 2000 manat, işçilərə əmək haqqı 3 ay x 2250-6750 manat pul xərclədiyindən o cəmi 37500 manat maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edildiyi kimi, pomidorlar ləkəli olduğu üçün qazancından qalmışdır. O, əldən çıxmış faydası 11500 manat təşkil edir. İşin hallarından da göründüyü kimi, iddiaçı "xxxx" MMC təşkilatı ilə şitillərin alınması ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə onlara 3000 manat pulu ödəyərək, öz öhdəliyini yerinə yetirsə də, üçüncü şəxs aralarında olan razılaşmaya uyğun olaraq virussuz şitil vermək öhdəliyini pozmuş, ona viruslu şitil vermiş və nəticədə o zərər etmişdir. O, şitilləri üçüncü şəxsin işçisi olan hazırki Cavabdeh adlı şəxsdən aldığını, şitillərdə olan problemlərlə bağlı həmin şəxsə məlumat verməsini bildirmiş, həmin şəxslə bağlı Samux rayon polis şöbəsinə şikayət etmişdir. Belə ki, "Cinayət işinin başlanmasının rədd olunması haqqında" xx.xx.2024-cü il tarixli qərardan görünür ki, o İddiaçı Samux RPŞ-nə ərizə ilə müraciət edərək, Samux rayon Sərkar kənd sakini Ayaz adlı şəxsin onun etibarından sui-istifadə edərək ona keyfiyyətsiz pomidor ştili sataraq aldatması barədə məlumat vermiş, araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, təxminən üç ildir ki "xxxx" MMC-nin qərb bölgəsi üzrə rəsmi nümayəndəsi kimi işləyir. Bu bölgədən şitil ilə bağlı "xxxx" MMC-yə müraciət olduğu halda həmin şirkət müştəriləri ona yönləndirir. O, müraciət edən müştərilər ilə görüşərək sifarişləri qəbul edir və sifarişi MMC-yə yollayır. İddiaçı da onun müştərilərindən biridir. İki ildən artıqdır ki, şirkətin müştərisidir və şitilləri işlədiyi MMC-dən alır. 2023-cü ilin iyun ayında Ramil onun vasitəçiliyi ilə "xxxx" MMC-dən istixanasına əkmək üçün 10 min ədəd pomidor şitili sifarişi vermişdir. O isə həmin sifarişi hər zamankı kimi işlədiyi şirkətə yönləndirmişdir. Şirkət sifarişi qəbul edərək toxumları əkmişdir. Bir neçə gün sonra Ramil verdiyi sifarişdən imtina etmişdir. Bu səbəbdən Ramil ilə şirkətin müdiri əlaqə saxlayaraq, öz aralarında razılıq əldə olunmuşdur. Razılıqdan sonra "xxxx" MMC 10 min ədəd pomidor şitilini şirkətin avtomobili ilə adını bilmədiyi sürücü tərəfindən onun iştirakı olmadan Ramilin istixanasına təhvil verilmişdir. Bu məsələ ilə bağlı İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1270/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilməyərək, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Səbəb olaraq viruslu şitilləri hazırki cavabdeh olan Cavabdeh həqiqətən də 3-cü şəxsdən almasının sübutunun mövcud olaması göstərilmişdir. Ayaz adlı şəxsin (cavabdeh) virusun olduğu şitilləri ona satması, bundan məlumatlı olması və dəymiş zərəri necəsə ödəyəcəyi mübahisəsiz hallarındandır. İşin mübahisəsiz halı bu qeyd edilənlər və Ayazın ilkin polis araşdırmasına verdiyi izahat və tərəflər arasında olan telefon danışıq və yazışmalıda öz əksini tapmaqdadır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun məzmunlu izahat verərək, həmçinin bildirdi ki, Cavabdeh, onun daima əkin üçün ştil aldığı "xxxx" MMC-nin işçisidir. Sözügedən şirkətdən aldığı pomidor ştillərini Cavabdeh gətirib ona təhvil verib və o, aldığı malın müqabilində şirkətə ödəməli olduğu pulu Cavabdeh verib. Belə ki, aldığı 10000 pomidor ştilinə görə 3000 manat pul ödəyib. Pomidor ştilləri ona təhvil verilərkən o, ştillərdə hər hansı bir xəstəlik və ya virus olub-olmadığını bilməyib. Belə ki, bunu vizual olaraq müəyyən etmək mümkün deyil. Ona görə də o, həmin vat ştillərdə hər hansı bir qüsur aşkar etməyib. Lakin ştillər torpağa əkildikdən 14 gün sonra o müəyyən edib ki, pomidor ştillərində virus var. Eyni zamanda onun tanıdığı insanlar var ki, hansı ki onlar da sözügedən şirtəkdən ştil alırlar, həmin şəxslər də ona məlumat vermişdir ki, onların da əkdiyi məhsulda virus aşkarlanıb. Bu səbəbdən də o, Cavabdeh bu barədə məlumat verib, Cavabdeh gələrək məhsula baxıb və bildirib ki, şirkətə bu barədə məlumat verəcək. Lakin bunun heç bir müsbət nətiəcsi olmayıb. Daha sonra o, ştilləri xəstəlikdən azad etmək üçün müəyyən dərmanlar və gübrələr alıb və həmin vasitələri almaq üçün xeyli məbləğdə xərc çəkib. Hesab edir ki, pomidor ştillərində aşkarlanan virusa və bunun nəticəsində ona dəyən maddi ziyana görə Cavabdehdir. Belə ki, o, əvvəl Bakı Kommersiya Məhkəməsində "xxxx" MMC-nə qarşı iddia qaldıraraq ona qeyd olunan əsasla dəymiş maddi ziyanın əvəzini "xxxx" MMC-dən tələb etmiş, lakin məhkəmənin müvafiq qətnaməsi ilə onun tələbi təmin edilməmişdir. Ona görə də o, hazırda sözügedən iddianı Cavabdeh qarşı qaldırmışdır. Hesab edir ki, tələbi əsaslıdır. Çünki ştillər "xxxx" MMC-nə məxsus olsa da, həmin ştillər ona Cavabdeh vasitəsilə təhvil verilib, məhz bu səbəbdən də ona dəymiş zərərə görə cavabdehliyi Cavabdeh daşıyır. Ştillərin dəyəri 3000 manat olub, iddia tələbindəki məbləğ isə həm ştillərə görə ödədiyi həmin 3000 manat pul, həm ştillərdəki xəstəliyin qarşısını almaq üçün aldığı dərmanlara və gübrələrə sərf etdiyi məbləğ, həm də əldən çıxmış faydaya görə müəyyən etdiyi məbləğlərdən ibarətdir. Tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya sözügedən pomidor ştillərini o təhvil verib. Lakin ştillər təhvil verilərkən onlarda heç bir virus və xəstəlik olmayıb. İddiaçı ştillləri əkdikdən 14 gün sonra ona zəng edərək bildirmişdir ki, ştillərdə virus var. O gedib istixanada əkilmiş ştillərə baxmış, lakin virusun necə düşdüyünü, nə zaman düşdüyünü bilməmişdir. Belə ki, ştillər iddiaçıya təhvil verilərkən iddiaçı ştillərdə hər hansı bir virusun və ya başqa qüsurun olması barədə ona heç nə deməmişdir. Hesab edir ki, virus ştillər əkildikdən sonra da torpaqdan və ya havadan qaynaqlana bilər. Ona görə də onun bu məsələdə heç bir təqsiri yoxdur. İddia tələbi əassızdır, tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının dəvəti ilə dindirilmiş şahid X1 ifadə verərək bildirdi ki, iddaçı və cavabdehlə tanışdır. Belə ki, o da sözügedən şirkətdən pomidor ştili almış və ştillərdə virus aşkar olunmuşdur. Həmin virus nətiəcsində də bütün məhsul yararsız olmuşdur. Məhkəmə iclasında iddiaçının dəvəti ilə dindirilmiş şahid Siyavuş Mirzəyev ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. 2022-ci il tarixdə o da sözügedən şirkətdən pomidor ştili almış və ştilləri əkdikdən sonra müəyyən olunmuşdur ki, ştillərdə virus var. Lakin həmin ştillər ona təhvil verilən zaman virusun olub-olmadığı müəyyən edilməmişdir. Məhkəmə iclasında cavabdehin dəvəti ilə dindirilmiş şahid Rövşən Yusifov bildirdi ki, o da vaxtilə sözügedən şirkətdən pomidor ştili alıb, aldığı vaxt ştillərdə virus olmayıb. Ştillər əkildikdən müəyyən müddət sonra virus aşkarladığı hallar olub. Bu da istixanada olan temperatur və nəm şəraitinin bitkinin tələblərinə cavab verməməsi ilə əlaqədar ola bilir. Belə ki, sözügedən növdə virus bitki əkildikdən sonra da hava şəraitindən və torpaqdan qaynaqlandığı hallar olur. Hansı ki, bəzən istixanada bitkinin normal inkişafı üçün optimal şərait yaardıla bilmir. O özü aqronomdur, amma buna baxmayaraq ştillər şirkətdən alınarkən onda virusun olub-olmamasını vizual olaraq müəyyən etmək mümkün olmur, bunun üçün yalnız mütəxəssis dəvət olunmalıdır. Məhkəmə iclasında cavabdehin dəvəti ilə dindirilmiş şahid Vasif Cavadzadə ifadə verərək bildirdi ki, o, sadəcə cavabdehi tanıyır. Cavabdehdən mütəmadi olaraq ştil alır və heç bir zaman ştillərdə heç bir virus və ya problem olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1270/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası, tələbin əsaslılığına dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübutun təqdim olunmaması və tələbin əsaslı olmasının sübuta yetməməsi əsası ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(103)-769/2024 saylı qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1270/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, həmin halları bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırda iddianın qanuni əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. İşin faktiki hallarından aydın olur ki, iddiaçı ştilləri "xxxx" MMC-dən almış, ştillər iddiaçıya həmin şirkətin işçisi, yəni cavabdeh tərəfindən təhvil verilmişdir. Belə ki, cavabdeh sözügedən münasibətlərdə sadəcə şirkətin adından malları alıcıya təqdim edən şəxs, şirkətin bir işçisi kimi çıxış etmiş, alqı-satqı müqaviləsinin tərəfi olmamışdır. Hansı ki, belə bir müqavilə ümumiyyətlə "xxxx" MMC ilə iddiaçı arasında da bağlanmamışdır. İddiaçı sözügedən ştilləri ona təhvil verildikdən sonra istixanada əkmiş, ştillər əkildikdən 14 gün sonra onlarda virus olduğunu müəyyən etmişdir. Halbuki iddiaçı özünün verdiyi izahatında ştillər ona təhvil verilərkən onlarda hər hansı bir virusun olub-olmadığını bilmədiyini, həmin vaxt belə bir halı müəyyən etmədiyini bildirmişdir. Hazırda iddiaçı əkilmiş ştillərdə ortaya çıxan virus nəticəsində məhsulun yararsız hala düşməsində cavabdehin məsuliyyətinin yarandığını iddia edərk düşdüyü zərərin əvəzini cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə ona dəymiş ziyanın məhz cavabdehin təqsirli hərəkəti və ya hansısa öhdəliyini yerinə yetirməməsi nəticəsində baş verməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmə yükünü daşıyır, dolayısıyla iddiaçı öz tələbini sübuta yetirmədiyi müddətcə tələb əsassız hesab olunur və təmin olunmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar