Məhkəmə qərarları › İş №2(058)-461/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-461/2024

15.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-461/2024 15.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1925 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında 2022-ci ildə torpaq mübahisələri olmuşdur. Cavabdeh həmin mübahisə ilə bağlı onunla icra nümayəndəliyinin və bir neçə şəxsin iştirakı ilə aralarında xx.xx.2022-ci il tarixdə akt tərtib edərək cavabdehin ona 350 ədəd yonca kipi verməsi barədə razılığa gəlmişlər. Lakin cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda o, dəfələrlə cavabdehdən ona verməli olduğu yonca kipini və ya dəyərini tələb etməyinə baxmayaraq, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ona məxsus olan torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, əvəzində isə cavabdeh ona 7 ton arpa verilməsi şərti ilə razılaşmışlar. Cavabdeh həmin dövrdə bələdiyənin sədri olmuşdur. Arpa biçimində cavabdeh tərəfindən ona 7 ton arpa əvəzinə cəmi 700 kilo arpa verilmişdir. Bu səbəbdən də onların arasında mübahisə yaranmışdır. O, bu barədə Azərbayсan Respublikasının Daxili İşlər nazirinə şikayət etmək qərarına qəlmişdir. O, şikayət ərizəsi yazmışdır ki, cənab nazirin Gəncə şəhərinə keçiriləcək qəbulunda iştrak etsin. Bunu bilən cavabdeh tərəf ona bildirmişdir ki, o, qəbula getməsin, yəni şikayət etməsin. Buna görə də cavabdeh və digər şəxslərin iştrakı ilə akt tərtib edilmişdir ki, cavabdeh ona 350 ədəd yonca kipi verilməsini öz öhdəsinə götürmüşdür. O, bu mübahisə ilə əlaqədar polisə şikayət etməmişdir. Hazırda sözügedən torpaq sahəsi 2023-cü ildə satılmışdır. Ona görə də torpaq sahəsi hazırda onun mülkiətində deyil və onda həmin torpaq sahəsinə dair heç bir mülkiyyət sənədi yoxdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Samux rayonu, Ziyadlı kənd sakini İddiaçı iddialı olduğu pay torpaq sahəsi ilə bağlı həmkəndliləri Cavabdeh və X2 arasında olan mübahisə ilə əlaqədar Cavabdeh cari ilin sentyabr ayının sonunadək 350 (üç yüz əlli) ədəd yonca kipinin və həmin torpaq sahəsində olan yonca bitkisinin biçilib götürülməsinə köməklik edilməsinin və İddiaçı verilməsinin öz öhdəsinə götürülməsi, X1 isə cari ilin sonunadək 0.50 ha torpaq sahəsinin kəndin ərazisində yerləşən hissəsindən İddiaçı mülkiyyətinə verəcəyinin öz öhdəsinə götürülməsi, İddiaçı iddialı olduğu və mübahisəli olan məlum torpaq sahəsinə olan iddialarından əl çəkməyi və mübahisəli şikayətlərinə son qoymağının öz öhdəsinə götürülməsi barədə akt tərtib olunmuşdur. İş materiallarında olan “Mal-Qara” bazarı tərəfindən Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkili Fuad Xəlilova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Göy-göl rayonu, Yeniqızılca satış bazarında 2022-ci il təsərrüfat ilində bir ədəd yonca bağının satış qiyməti 5,50 (beş manat əlli qəpik) manat olmuşdur. İş materiallarında olan Samux rayonu, Ziyadlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Samux rayon İcra Hakimiyyəti Başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Ziyadlı kəndində yaşayır. Məhkəmə iddiaçıya öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Ona görə də məhkəmə mövcud materiallar və işin müəyyən edilmiş halları əsasında mübahisənin həll edilməsini mümkün hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona 1925 manat məbləğində pulun ödənilməsi əsasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünun izahatı olmuşdur. Məhkəmə iclasında iddiaçının iddia tələbi üzrə cavabdehin iddiaçıya olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən 1925 manat məbləğində pulun tutulması tələbi qoyulsa da cavabdehin izahatında 1925 manat məbləğində pulun konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün iddia tələbi təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddiaçı tələbində qeyd edir ki, cavabdeh ona 1925 manat pul verməlidir. Bu tələb əsassızdır. Tələbin əsassız olduğu aşağıda göstərilənlərlə müəyyən olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan mübahisəyə görə iddiaçı şikayət etməyəcəyi təqrirdə xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh və X2 arasında olan mübahisə ilə əlaqədar Cavabdeh cari ilin sentyabr ayının sonunadək 350 (üç yüz əlli) ədəd yonca kipinin və həmin torpaq sahəsində olan yonca bitkisinin biçilib götürülməsinə köməklik edilməsinin və iddiaçıya verilməsi barədə tərəflər arasında akt imzalanmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında biçin işlərinin aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. İşdə olan aktı isə məhkəmə əhəmiyyətsiz əqd hesab edir. İlk olaraq iddiaçı mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. eyni zamanda torpaq sahəsinin cavabdeh tərəfindən əkilib-becərilərək iddaçıya cavabdehin zərər yetirməsi iş materialları ilə sübut olunmur. Məhkəmə qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Digər tərəfdən, Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Qeyd eilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar