Məhkəmə qərarları › İş №2(058)-49/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-49/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-49/2023 04.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Biləndər oğlu və Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Biləndər oğlu və Cavabdeh3 qarşı “borc” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh1, Cavabdeh2 Biləndər oğlundan və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10915,90 manat əsas borc, 1529,41 manat məbləğində faiz borcunun, cəmi 12445,31 manat borcun və məhkəmə xərci qismində ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 22% olmaqla 12500 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faziləri banka ödəməkdən yayınır və beləliklə kredit müaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq iddia tələbini müdafiə etdikləri bildirilmiş və işə iştirakları olmadan baxılaraq tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehlərə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir üzürlü səbəb bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli CC/71294/80/29 saylı kredit sazişinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 12500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 Biləndər oğlu və Cavabdeh3 İddiaçı ASC qarşısında zaminlik öhdəliyi götürmüşlər. İş materiallarına əlavə edilmiş arayışa əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 10915,9 manat əsas borcu, 1529,41 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 22% ödəmək şərtilə 12500 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, CC/71294/80/29 saylı kredit sazişi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 11.971,85 manat məbləğində, o cümlədən 10895,61 manat əsas borc, 1076,24 manat faiz borcu müəyyən olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yaranmışdır. Zaminlər Cavabdeh2 Biləndər oğlu və Cavabdeh3 əsas borclu Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasına görə kreditor qarşısında birgə məsuliyyət daşıdıqlarından məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən bankdan illik 22% olmaqla 36 ay müddətində ödəmək şərtilə 12500 manat pul götürmüş, onun bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməsi digər cavabdehlər Cavabdeh2 Bİləndər oğlu və Cavabdeh3 zaminliyi ilə təmin olunmuşdur. Hazırda müvafiq ekspert rəyi nəzərə alınmaqla Cavabdeh1 banka həmin öhdəlik üzrə ödənilməmiş 10895,61 manat əsas borc, 1076,24 manat məbləğində faiz borcu olmaqla cəmi 11971,85 manat borcunun olduğu müəyyən olunur. Əsas borclunun öz ödəliyini yerinə yetirməsi zaminliklə təmin olunduğuna və zaminlər borclunun öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor qarşısında birgə borclular kimi çıxış etdiklərinə görə kredit müqaviləsinə əsasən ödənilməmiş borc əsas borcludan və zaminlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Biləndər oğlundan və Cavabdeh3 müştərək qaydada 10895,61 manat əsas borc, 1076,24 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Biləndər oğlu və Cavabdeh3 müştərək qaydada 10895,61 manat əsas borc, 1076,24 manat məbləğində faiz borcu, cəmi 11971,85 (on bir min doqquz yüz yetmiş bir manat, səksən beş qəpik) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 (yüz iyirmi səkkiz) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar