Məhkəmə qərarları › İş №2(058)-559/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-559/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-559/2023 17.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 372,37 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 26,38 manat əldən çıxamış fayda və 505,14 manat pul vəsaiti və ona illik 5%-lə hesablanmış 35,78 manat əldən çıxamış faydanın, həmçinin, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yəödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus 2 ədəd plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kartlar cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesablarından (borcluya məxsus kart hesablarının № ******************** və № ********************) 21.9-25.9.2021 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesabına köçürmə əməliyyatı icra etmişdir. Nəticədə Cavabdeh banka 372,37 manat və 505,14 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi zərfin üzərində onun həmin ünvanda yaşamadığı qeyd olunmaqla məhkəməyə geri qaytarıldığından məhkəmə tərəfindən ona məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş onun yaşadığı ərazi dairəsi üzrə nümayəndəlik vasitəsilə göndərilmiş, nümayəndəlikdən yazılı qaydada məhkəməyə məlumat verilmişdir ki, Cavabdeh Qarayeri qəsəbəsi ərazisində yaşamadığından məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ASC (Bank) tərəfindən Cavabdeh istifadəsinə verilmiş 416973******4320 nömrəli Debet Classic kartından xx.xx.2023-cü il tarixə olan son qalıq - 505,14 manat pul vəsaiti olmuşdur. İş materiallarında olan ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ASC (Bank) tərəfindən Cavabdeh istifadəsinə verilmiş 416973******2160 nömrəli BirKart Umico kartından xx.xx.2023-cü il tarixə olan son qalıq -372,37 manat pul vəsaiti olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən Cavabdeh 505,14 manat məbləğində yaranmış borcun 5 təqvim günü ərzində karta mədaxil edilməyəcəyi halda vəsaitin qaytarılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh istifadəsinə 2 ədəd - “BirKart Umico” və “Debet Classic” plastik kartları verilmişdir. Cavabdeh tərəfindən həmin kartlardan istifadə zamanı kartların balansında faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşdirilməsi baş vermiş və cavabdeh tərəfindən iddiaçıya 505,14 manat və 372,37 manat olmaqla ümumilikdə 877,51 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə, cavabdeh tərəfindən iddiaçının hesabından 505,14 manat və 372,37 manat olmaqla ümumilikdə 877,51 manat məbləğində pul məxaric edildiyi öz təsdiqini tapır. Tərəflər arasında həmin məbləğlərin məxaric edilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Bundan başqa, iddiaçı ona dəymiş zərər nəticəsində əldən çıxmış faydanı (illik 5- %lə hesablamaqla) tələb etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə məhkəməyə cavabdeh tərəfindən ona vurulmuş zərər nəticəsində tələb etdiyi əldən çıxmış faydanın mövcudluğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq ona ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 505,14 manat və 372,37 manat olmaqla, cəmi 877,51 manat (səkkiz yüz yetmiş yeddi manat əlli bir qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar