Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Samux rayonu İş № 2(058)-589/2025 24.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keyfiyyətsiz və qüsurlu mebel və pərdəyə görə ödədiyi 6400 manat pul məbləğinin və ödənilmiş 84 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 qonşu kənddə yaşayan bir adam, bir rayonlu kimi tanıyır, digər Cavabdeh2ı isə Fərşadla birlikdə işləyən dostu kimi tanımışdır. O, 2021-ci ildə qızının xeyir işini edib köçürməli idi, buna görə də, qızına cehiz vermək üçün mebel axtarmışdır. Həmin vaxt cavabdeh Fərşadın ona 200 manat borcu olmuşdur. O, Fərşada zəng edərək, qızına cehizlik mebel alması üçün pula ehtiyacı olmasını və həmin 200 manat borcu verməsini bildirmişdir. Fərşad ona bildirmişdir ki, özü və dostu Surac mebel işinə baxır, onun qızına lazım olan cehizlik mebeli gətirəcəklər və 200 manat borcu mebelin pulundan çıxarlar. Həmin vaxt Fərşada zəng edən zaman o, Goranda olmaqla qızına cehizlik mebel almışdır. Cavabdehlər ikisi də onun yanına gəlmiş və orada 6500 manata danışıb almaq istədiyi mebeli cavabdehlər ona 5800 manata gətirib yığacağını bildirmişlər. O, cavabdehlərlə razılaşmış və həmin gün axşam cavabdehlərə material alınması üçün 1500 manat pul və 600 manat pərdəyə görə pul vermişdir. Təxminən 1-2 aydan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mebel və pərdələri gətirmiş, verdiyi 1500 manat daxil o, cavabdehlərə mebel və pərdəyə görə cəmi 6400 manat pul vermişdir. Toya 3 gün qalmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mebeli qurmuş və pərdələri asmışlar. Həmin vaxt görmüşdür ki, istər mebel, istərsə da, pərdələr keyfiyyətsiz olmaqla, yararsızdırlar. Belə ki, mebel quraşdırılanda düzgün dayanmır, qapıları örtülmür, bəzi hissələrinin ölçüləri düzgün olmamaqla bir-birini tamamlamamış, açıq qalmış, pərdələr isə yerində düzgün oturmamış, əyri vəziyyətdədir. Həmin vaxt o cavabdehlərə iradını bildirmiş, ona satdıqları mebel və pərdələrin keyfiyyətsiz və defekt olduğunu demiş, ya başqa keyfiyyətliləri ilə əvəz etmələrini və ya verdiyi 6400 manat pulunu qaytarmalarını demişdir. Həmin vaxt cavabdehlər toydan sonra ona satdıqları mebelin və pərdələrin defektlərini düzəldəcəklərini, ya da başqa keyfiyyətli mallarla malikdirlər. əvəz edəcəklərini bildirmişlər, lakin həmin vaxtdan o, dəfələrlə cavabdehlərə zəng edib xəbər göndərsə də, cavabdehlər ona satdıqları pərdələrin defektlərini aradan qaldırmamış, başqa keyfiyyətli mallarla əvəz etməmişlər. O, evə başqa mebel ustası gətirmiş və mebelə baxdırıb düzəltdirmək istəsə də, həmin usta mebelə baxıb bildirmişdir ki, həmin mebelin taxtaları əyri və qırıq taxtalardan keyfiyyətsiz hazırlanmaqla, düzəldilməsi mümkün deyildir. O, cavabdehlərə dəfələrlə zəng edərək, keyfiyyətsiz mebel və pərdələrini aparıb onun 6400 manat pulunun qaytarılmasını tələb etsə də, cavabdehlər imtina etmişlər.Hər iki cavabdehlərin iddianı etiraf etmələrinə dair səs yazıları olan videodisk vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı mülki işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən mülki işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçı onun əridir. Suracla onları Fərşad tanış etmişdir. O, əri və qızı ilə Gorana qızı üçün cehiz əşyaları almağa gedən zaman Fərşad onlara demişdir ki, Surac adında mebel ustası vardır, mebel düzəldir. Əri cavabdehlərə həmin vaxt 1500 manat pul vermişdir, daha sonra isə hissə-hissə pul vermişdir. O, qızının cehizlərinin alınmasında iştirak etmişdir. Mebellər qızının gelin köçdüyü evə quraşdırıldıqdan sonra mebellerdə qüsurlar olmuş və həmin mebellər, pərdələr yararsız vəziyyətdədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı onun qudasıdır. Surac ilə Fərşad onun evində mebellər quraşdırmışlar, mebellərin quraşdırılması 15 gün çəkmişdir. Suracla Fərşad mebelləri hissə-hissə gətirmişlər, lakin yatağın qıraq hissəsini gətirməmişlər. Mebellərin şüşəsi, yataq yararsız və qırıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşıdır. O, Fəxrəddinin qızının cehizini bəzəməyə getmiş, mebellərin vəziyyətini görmüş, mebellər pis vəziyyətdə qırıq olmuşdur, şkafların qapısı örtülməmiş, stollar keyfiyyətsiz olmuş, mebellər yaxşı materialdan yığılmamışdır. Həmin vaxtlar Suracla Fərşada mebeldəki qusurlar barədə deyilmiş, aralarında söz-söhbət yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçı onun qaynıdır. Mebel gələn zaman o, evdə olmuşdur. Pərdələrin ölçüləri düz gəlməmiş, əyri, sökük olmuş, yataq dəstinin ölçüləri düz gəlməmiş, televizorun altı, şüşələr uyğun gəlməmiş, bir çox problemlər yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, iddiaçı onun həmkəndlisidir. Toy ərəfəsi zamanı X5 münasibət qurmuşdur. O, Fəxrəddinlə birlikdə Cavabdeh2la telefon əlaqəsi saxlamışdır. Cavabdeh2 ona saat 3-də Gəncəyə çatacağını bildirmişdir. O, Fəxrəddinlə Suraca köməklik etmək və barışdırmaq istəmiş, lakin Surac söz verməsinə baxmayaraq gəlməmişdir. O, mebelləri görmüşdür, mebellər yararsız vəziyyətdədir, qapıları örtülmür, kəsilmələrdə mişar istifadə olunmuş, pərdələr calanmışdır. Suracla Fərşad dəfələrlə digər şəxləri də aldatmışlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 157-ci maddəsinin Vİİ hissəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş CD diskə köçürülmüş səs yazıları ilə məhkəmə iclasında müəyyən edildi ki, 2021-ci ildə iddiaçı ilə cavabdehlər arasında cehizlik mebellərin düzəldilməsi barədə razılığa gəlinmiş, cavabdehlər cehizlik mebelləri iddiaçıya təhvil vermiş, lakin mebellərdə qüsurlar olduğundan iddiaçı öz etirazını cavabdehlərə bildirmiş, cavabdehlər isə mebellərin təmiri və yararsız olan hissələrini bərpa etməlini bildirsələr də, mebellərdəki qüsurlar bərpa edilməmişdir. Bu səbəbdən də, iddiaçı hazırda cavabdehlər tərəfindən hüquq və mənafeyinin pozulduğunu əsas gətirməklə, yarasız mebellərə görə ödədiyi pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. İddiaçının mövqeyi isə cavabdehlərin 6400 manat məbləğində pulun qaytarılmaması təqdim edilmiş CD-diskdə olan səs yazılarına və şahid ifadələrinə əsasən sübuta yetirilmişdir. Ona görə də, məhkəmə iddiaçının mövqeyini əsaslı sayır və göstərir ki, iddiaçı pulunu tələb edə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlərdən 6400 (altı min dörd yüz) manat məbləğində pul və ödənilmiş 84 manat dövlət rüsumu tutularaq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6400 manat məbləğində pul və ödənilmiş 84 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Samux Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-589/2025
Samux Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(058)-589/2025
24.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver