Məhkəmə qərarları › İş №2(058)-619/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-619/2025

31.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-619/2025 31.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 və onun nümayəndəsi - vəkil Nümayəndə Bayrəməli oğlunun, Cavabdeh X2 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 nisyə aldıqları malların müqabilində, borclu qalıb vermədikləri 147567 (yüz qırx yeddi min beş yüz altmış yeddi) manat pulun, həmin pulu vaxtında qaytarmamağa görə vurduqları zərərin əvəzində qətnamə qüvvəsini alan vaxta münasibətdə 5 (beş) faiz zərərin və ödənilmiş 437.57 (dörd yüz otuz yeddi manat əlli yeddi qəpik) manat dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar 4 ildən artıqdır ki, Samux rayonu, Qarayeri qəsəbəsində mərkəzi küçədə icarəyə götürdükləri mağazada paltar, gündəlik tələbat malları, məişət və cehiz mallarının satışı ilə məşğul olurlar. Cavabdehlərdən X4, əri Cavabdeh2 və xalası Gülbənizi təxminən 3 ildir ki, tanıyırlar. Əvvəllər münasibətləri çox yaxşı olmuş, cavabdeh X5 özünə və ailəsinə nisyə və nağd aldığı malların pulunu vaxtında ödəməklə etibar qazanmışdır. 2024-cü ilin 22-si oktyabrdan başlamaqla, cavabdehlər onlardan hissə-hissə mal götürüb satmaqla, sonradan satdıqları malların pulunu qaytarmaqla mal vermələrini xahiş etmişlər, onlar isə cavabdehlərlə razılaşmışlar. Cavabdehlər onlardan 22 oktyabr 2024-cü ildən başlayaraq, 06 fevral 2025-ci ilədək ümumi dəyəri 254439 manat təşkil edən mal götürmüşlər. Həmin malları onlar ayrı-ayrı vaxtlarda 36 partiyada, yəni tələb olunan malların ümumi malların siyahısına uyğun qablaşdırmaqla, əvvəlcədən Bayazın WhatsApp nömrəsinə həmin siyahı göndərilməklə, razılaşmadan sonra təqdim etmişlər. Verilmiş malların siyahısı, ceşidi, qiyməti və keyfiyyəti barədə aralarında heç bir narazılıq olmamışdır. Eyni zamanda cavabdehlər Bayaz və İsmayıl onlardan 18-19 fevral tarixlərdə 2800 (1600 manat nağd və 1200 manat kart hesabına köçürülməklə) borc almışlar. Həmin borcdan cəmi 250 manat qaytarmışlar, 2550 manat borcları qalmışdır. Bayazgil həmin 2800 manat borc pulu onlardan alarkən onları inandırmışlar ki, Bayazın xalası Gülbəniz qızı Türkanın qızıllarını lombarddan çıxarıb satıb borclarını verəcəklər. Həmin xalasının səs yazıları təqdim edilmiş diskdə öz əksini tapmışdır. Onların arasındakı axırıncı hesablaşma 22 fevral 2025-ci il tarixdə olmuşdur. Həmin hesablaşma vaxtı satılmış mallara görə onlara 127018 manat məbləğində ödəməli olduqları borcu hesablamışlar. Hesablaşma zamanı orada onlar, cavabdehlər və cavabdehlərdən əlavə yeznəsi Elnur və qaynı iştirak etmişlər. Onlar hesablaşma vaxtı müəyyən etmişlər ki, cavabdehlər götürdükləri ümumi maldan 127018 manat mal satmışlar, həmin vaxt cavabdehlərdə mal qalığının ümumi dəyəri 107347 manat təşkil etmiş, həmin 107347 manatlıq mal qalığını cavabdehlər onlara qaytarmalı olduğu halda hesablaşmadan sonrakı bir neçə gün ərzində onların razılığı olmadan 17999 manat dəyərində malları yenidən satmışlar. Bu məbləğlərlə də, bağlı kimə satdıqlarına dair malın siyahısı və tarixi təqdim edilmiş diskdə səs yazıları ilə öz əksini tapmışdır. Həmin malların dəyərindən cəmi 20074 manatını hissə-hissə ödəmişlər, cavabdehlər axırıncı ödəməni 12 fevral 2025-ci ildə etmişlər. Bu hesabla cavabdehlərin satıb ödəmədikləri malın qiyməti 127018+17999=145017 manat təşkil edir. Cavabdeh Bayaz Əliyeva öz xətti ilə yazdığı qeydlərlə 127018 manat borcunun olmasını etiraf etmişdir. Cavabdehlərin onlara ümumi borcu 147567 manat təşkil edir, bundan 127018 manat 22 fevral hesablaşmaya qədər malların dəyəri, 17999 manat hesablaşmadan sonra satdıqları malın dəyəri, 2550 manat isə aldıqları borcdan qalıq məbləğdir. Cavabdehlər borclarını qaytaracaqlarına söz vermələrinə baxmayaraq, qalıq borclarını ödəməkdən müxtəlif bəhanələrlə imtina edirlər. Onlar Samux rayon Polis şöbəsinə müraciət etmişlər, polisdə araşdırma aparıldıqdan sonra mübahisə ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmələri məktubla onlara bildirilmişdir. Polisin araşdırması nəticəsində qəbul edilmiş qərarın surətini onlara verməyərək izah etmişlər ki, məhkəmə işə baxarkən tələb edəcəyi təqdirdə məhkəməyə təqdim edəcəklər. Ona görə də, cavabdehlərin onlara olan 147567 manat borcun cavabdehlərdən alınaraq onlara verilməsinə dair qərar çıxarılmalıdır. Nəzərə alınmalıdır ki, cavabdehlər məhkəmə prosesləri ərəfəsində, iş üzrə yekun qərar qəbul edildikdən sonra iddiaları təmin ediləcəyi halda qərardan şikayət verməklə vaxtın uzadılmasında maraqlı olacaqlar. Ona görə də, cavabdehlərin təqsiri üzündən gecikmə uzanacağı halda, həmin 5 faizlik vurulmuş zərər məbləği onlardan alınmalıdır. Onların arasındakı münasibətlər qarşılıqlı razılaşmalarına əsasən şifahi qaydada icra edilmişdir. 2025-ci ilin fevral ayınadək cavabdehlər ondan aldıqları malların pulunu qeyd edilmiş qaydada və şəraitdə ödəməyi öhdələrinə götürmüş, lakin buna əməl etməmişlər. Ona görə də, həmin 147567 manat borc məbləğinin və ödədiyi 437,57 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara qaytarılmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, öncədən cavabdehləri tanıyır, babaları, ataları dost olmuşlar, həmçinin İsmayılın valideynləri ilə onun valideynləri bir məclisdə, xeyirdə və şərdə get-gəlləri olmuşdur. 4-5 ildir ki, o mağaza işlədir, cavabdehlər onun mağazasından paltar alıb geyinmişlər, etibar qazanmışlar. Bayazla onun son alveri 24-cü ilin oktyabr ayında baş vermişdir. İlkin etapda hər dəfə mal aparanda siyahı tutulmuş, siyahının baş hissəsinə 1-ci partiya Bayaza gedən mal yazılır, hər mal adı ilə yazılır, qarşısından qiymət qoyulur və həmin kağız Bayaza verilir və WhatsApp nömrəsinə göndərilirdi. Həmin kağızı o öz xətti ilə yazmış, malı Bayaza apardıqda Bayaz qəbul etmiş, lakin qəbul etdim yazmamışdır, mallara bir-bir baxıb qəbul etmişdir. Kağızda nə yazılmışsa o qədər mal verilmişdir, hamısı üst-üstə düşmüşdür, əskik mal olmamışdır. İlk vaxtlarda dekabr ayında Bayaz ona çox ödənişlər etmiş, 12 fevral 2025-ci il tarixədək Bayaz ona ümumi 20074 manat ödəniş etmişdir. Ümumi o, Bayaza 254439 manat məbləğində hissə-hissə mal vermişdir. Ümumi 36 partiya olmuş, birinci partiyada təxminən 1000 manatlıq mal, 2-ci, 3-cü və digər partiyalarda hər dəfə artıq mallar getmişdir, çünki satışı yaxşı olmuşdur. 2025-ci ilin fevral ayında o, 107347 manatlıq malını geri götürmək üçün Bayazgilə getmiş, lakin mallar olmamış, gizlədilmişdir. Bayaz malları dəyər-dəyməzinə satmışdır, o Bayaza 300 manatlıq şuba (kürk) vermiş, lakin Bayaz həmin şubanı (kürkü) 30-40 manata satmışdır, bu səbəbdən də, həmin borclar yaranmışdır. O, Bayazla 36 partiyanın hesabatını aparmışdır, bir neçə çantası əskik olmuşdur, çünki Bayaz həmin malları satmışdır, ümumilikdə onun 17999 manatlıq malı əskik olmuşdur. 4 gün onun evində hesabat olmuş, dörd nəfər Bayaz tərəfdən olmuş, iki nəfər isə o və yoldaşı olmuşdur, malları tək-tək hesablamışlar, satılanlar ümumi hesablanmış və yazılmışdır. Bayaz qəsdən özü üçün pul istifadə edərək malları ucuz satmışdır. Ümumi hesabatda 254439 manatlıq mal olmuşdur, geri qaytrıldıqdan sonra 107000 mal getmiş, 147000 borcu qalmışdır, həmin borcdan sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 20074 manat pulu Bayaz ona qaytarmışdır. Onun dayısı demişdir ki, 147000 manat puldan ilkin ödəniş olaraq 65000 manat pul və hər ay hisssəhissə 1000 manat pul versinlər və yaxud evi keçirsinlər onun adına. Bu səbəbdən də, notariusa getmişlər, lakin Bayazgilin maddi imkanı olmadığı üçün razılaşma əldə olunmamış və rəsmiləşməmişdir. Daha sonra onlar Bayazın evinə getmiş, lakin İsmayılın atası onları qovmuş və pul verməyəcəyini demişdir. İsmayıl ona bildirmişdir ki, atası içkili və əsəbi olmuşdur, yoluna qoyacağıq. O, isə cavabında İsmayıla demişdir ki, ilkin ödəniş olaraq 65000 manat pulun və hər ay 1000 manat pulun verilməsinə razı olsa da, artıq razı deyil və pulunun hamısının verilərək bağlanılmasını istəmişdir. Alver onun, Səmədin, Bayazın və İsmayılın arasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olmuşdur. xx.xx.2025-ci il tarixdən sonra mal verilməmişdir, 254439 manatlıq malın verilməsi 36 partiyadan ibarət olmuşdur. Həmin mallar onun və Səmədin birgə vəsaiti hesabına və kredit hesabına alınmışdır, əmlaklar birgə əmlaklardır. Onun cavabdehlərlə münasibətləri yaxşı olmuşdur hər zaman, həmin malların verilməsi etibardan irəli gəlmişdir, mallar verilərkən aralarında təhvil verdim və təhvil aldım olmamışdır, çünki aralarında uzun müddətdir etibar vardır, qohumluq əlaqələri vardır. İsmayıl dəfələrlə mağazaya gələrək mal götürmüşdür. O, Bayaza 2025-ci ilin fevral ayında 1600 manat nağd borc pul vermiş, səhəri gün Bayaz ondan yenidən 1200 manat pul istəmiş, o isə həmin 1200 manat pulu Bayazın dediyi karta, yəni Vaqiz Əzizovun kartına köçürmüşdür. Həmin 2800 manat puldan Bayaz ona 70 manat, 120 manat, ümumilikdə 250 manat pul qaytarmışdır, 2550 manat borcu isə qalmışdır. O, pulunu geri istədikdə isə Bayaz pulu qaytarmamışdır. 18-19 fevralda Bayaz həmin pulları almış, 22 fevralda onun hesabat olmuş, 4-5 gün onun evində hesabat davam etmiş və bununla da, hesabat yekunlaşmış, tam bağlanmışdır, həmin hesabatda İsmayıl, Bayaz, İsmayılın qardaşı Fərid, İsmayılın bacanağı Elnur, onun yoldaşı Səməd və o iştirak etmişlər. Bayaz aldığı pulları qaytarmadığı üçün münasibətləri pozulmuşdur. Həmin gün ümumi hesabatda onlar 254439 manatlıq mal çıxarmışlar (ümumi gedən malın dəyəri), geri qayıdan malın (satılmamış) dəyəri isə 107347 manat olmuşdur, 17999 manatlıq malı əskik olmuşdur. 17999 manatlıq mal geri qayıdan mallardan götürülüb satılmış mallardır, 127018 manat hesabatda çıxarılmış puldur. Bayaz ona 20074 manat pul vermişdir. Ümumilikdə Bayazın ona 127018 manat, 17999 manat və 2550 manat borcu vardır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onların alveri xx.xx.2024-cü il tarixdən başlamışdır. Münasibətlərin pozulması 2800 manat pula görə olmuşdur. O, fevral ayında Bayaza Kitaya getdiyini bildirmiş və pulu qaytarmasını demişdir. Bayazın xalası ona zəng edərək bildirmişdir ki, o, 2800 manat pul versin, həmin pula görə 90000 manatlıq lombarddan qızıl götürüb verəcək, qızı ev alır, 2-3 günə evin sənədlərini düzəldəcək, daha sonra ona bildirmişlər ki, sənəd düzəlmiş, lakin qızılları çıxara bilməmişlər. Mübahisə düşdükdən sonra o, Bayazın xalasına demişdir ki, həmin sözləri demisən, Bayazın xalası isə cavabında bildirmişdir ki, hamısını Bayaz öyrətmişdir. Onlar Bayazgilin evinə gedən zaman İsmayılın atası onları evdən qovmuş, 102-ə çıxmışdır. xx.xx.2025-ci il tarixdə İsmayıl ona demişdir ki, avtomobilini və qoyunları satsın, onun 65000 manat pulunu ödəsin və hər ay 1000 manat pul ödəsin. O, İsmayıla demişdir ki, evini banka qoyaraq kredit götürmüşdür, İsmayılın atası isə razılıq vermiş və 65000 manat pulun ödənilməsinə razılaşmışlar. İsmayılın atası Lalənin dayısının nömrəsi ilə ona zəng vuraraq demişdir ki, evi ona verir ki, satsın o, isə razılaşmamışdır. İsmayılın atası demişdir ki, evi, avtomobili və qoyunları satıb 65000 manat pulu bağlayacaqdır. Həftənin 1-ci günü mart ayının 10-u notariusa getmişlər ki, 65000 manat pulun və hər ay 1000 manat pulun verilməsi ilə bağlı borc müqaviləsi bağlasınlar, rəsmiləşdirsinlər, lakin həmin pulu verməmişlər və cavabdehlər 102-yə çıxmışlar. Əsas alveri dörd nəfər etmişdir, İsmayılın xətti heç yerdə yoxdur, lakin malları daşımağa İsmayıl köməklik etmişdir. O, mübahisədən əvvəl xx.xx.2025-ci il tarixdən 3 gün günaşırı İsmayılgilə gedərək demişdir ki, hesabatı orada İsmayılın atasının yanında etsinlər, lakin İsmayıl razı olmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi - vəkil Nümayəndə Bayrəməli oğlu iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Bayaz öz xətti ilə yazdığı kağızın şəklini çəkərək, Laləyə göndərmişdir və etiraf etmişdir ki, 127000 manat borcu vardır. Tərəflər aralarında notariusda 65000 manat pulun ödənilməsi, qalan hissənin isə hissə-hissə 1000 manat məbləğində ödənilməsi barədə razılığa gəlmək istəmişlər, lakin həmin pul ödənilmədiyi üçün müqavilənin rəsmiləşdirilməsi baş tutmamışdır. Bayaz əvvəldən axıra qədər susmaqla və yaxud qismən öz günahlarını etiraf etməklə təsdiq etmişdir, hətta Bayazın adamları da, Bayazla münasibətləri olmasına baxmayaraq, Bayazın borcunun olduğunu etiraf etmişlər. Telefon danışıqlarında iddiaçıların dəlilləri təsdiq olunmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 vəkili Vəkil məhkəmədən iddia tələbinin cavabdeh X2 etirafına uyğun 4500 manat məbləğində pulun təmin olunması, iddia tələbinin qalan hissədə təmin olunmamasını xahiş etdi. xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə məhkəmə iclasında iştirak edən cavabdeh X5 bildirmişdir ki, onun iddia ərizəsində qeyd olunmuş məbləğdə borcu yoxdur, onun borcu 4500 manat təşkil edir. Laləyə borclu olduğu 4500 manat borc nisyə verdiyi malların puludur. Həmin nisyə verdiyi malların pulunu yığıb Laləyə verəcəkdir. Alver onunla Lalənin arasında olmuşdur. Əri İsmayıl onunla sürücü kimi gedib malları mağazadan götürmüşdür. İddiaçı2 Lalənin yanında olmuşdur. O, yoldaşı ilə Lalənin evinə getmiş, Lalə ona mallarının Bakıdan gəldiyini, əlyazma ilə 127000 yazmasını demişdir. Bütün malların əlyazmasının hamısını Lalə özü yazmışdır. xx.xx.2025-ci il tarixdə Lalə onun evinə gəlmiş və malın dəyərinin 127000 manat olduğunu demişdir, bundan sonra aralarında dava olmuşdur. Onun özünün və qohumlarının qızılları Lalədədir. O, 8 ədəd gəvə almış, pulunu ödəmiş, lakin gəvələrə görə 800 manat borcu qalmışdır. Sonuncu dəfə Lalə yoldaşı ilə gələrək qapıdan onu da götürmüşdür. O, televizorun, boşqabların pulunu vermişdir. O, malları ucuz satmamışdır, Lalə həmin malların qiymətini yüksək yazmışdır, iddia ərizəsində qeyd olunmuş mallar olmamışdır. Lalə hesabatdan sonra iki dəfə onun evinə gəlmiş, özü yazmışdır hesabatı. Səhərdən axşama kimi 107000 manatlıq malların hamısını 3 günə 15 avtomobil-qazel və öz avtomobilləri ilə yığıb daşımışlar. 107000 manatlıq maldan o, götürüb satmamışdır. Ona heçkəs inanmamışdır, onu atasının evinə qovmuşlar, həmin ərəfədə Lalə onun qaynatasının evinə getmiş, qaynatasını hədələmiş, qaynatası isə həm qohum olduqları üçün həm də, qorxduğu üçün 65000 manat pul verəcəyini demişdir, lakin o, qaynatasına demişdir ki, onun Lalənin dediyi qədər borcu yoxdur, bundan sonra qaynatası iddiaçıları qapıdan qovmuşdur. Lalə malların siyahısını “WhatsApp” vasitəsi ilə ona atmışdır, lakin həmin malların hansı məbləğdə olduğunu göstərməmişdir. Lalənin tərtib etdiyi siyahı onda yoxdur, onda sadəcə kimdən yığacağı borc dəftəri vardır. xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, alverə qarışmamışdır, onun alverə aidiyyatı olmamışdır, alver Lalə ilə Bayazın arasında 4 ay olmuşdur. O, sürücü kimi 4-5 dəfə mağazadan yoldaşı ilə birlikdə malları götürmüşdür. Lalə isə yoldaşı ilə birlikdə gecələr malları gətirib vermişlər, lakin onlara heç bir sənəd təqdim etməmişlər. İddia ərizəsində qeyd olunmuş məbləğdə alverin olması kənd yerində mümkün deyil. Lalə bildirmişdir ki, malları satılmamışdır, qapıdan dava-dalaşla hesabatsız malları yığıb aparmışdır. Hazırda Bayazın 4500 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və X5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçılar tərəfindən təqdim edilmiş əlyazmaların surətindən görünür ki, həmin dəftərdə malların siyahısı vardır, həmçinin malların sayı, çeşidi və qiyməti İddiaçı1 tərəfindən qeyd edilmişdir. Lakin həmin dəftərdə iddiaçı tərəfindən malların verilməsini və cavabdehin malları təhvil almasını təsdiqləyən imzalar yoxdur. Həmçinin, həmin əlyazmaların əsli yoxdur, məhkəməyə surəti təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən dəftər təhvil-təslim aktı statusunu daşımışdır. Təhvil-təslim aktı müqavilə münasibətlərində (xüsusilə podrat, əmlakın təhvili, alqı-satqı, xidmətlər və s.) görülmüş işin və ya əşyanın bir tərəfdən digər tərəfə verildiyini rəsmiləşdirən sənəddir. Onun hüquqi qüvvəyə malik olması üçün adətən hər iki tərəfin imzası tələb olunur. İki tərəfli sənəd olduğu halda bir tərəfin imzası olduğundan o sənədin sübut dəyəri şübhə altındadır. Qeyd edilməlidir ki, hər bir sübutun etibarlılığı və əlaqəliliyi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Əgər sənəddə yalnız iddiaçının (verən tərəfin) imzası varsa, bu sənəd: -İddiaçının birtərəfli aktı hesab olunur. -Cavabdehin təhvil alma faktı təsdiq olunmur, yəni o sənədi qəbul etdiyini və ya verilən əşyanı/təhvilin məzmununu qəbul etdiyini təsdiqləmir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən təqdim edilmiş dəftər iddianın təmin edilməsi üçün yetərli sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İş materiallarında olan CD-disklərdə əks olunmuş İddiaçı1 ilə cavabdeh Bayaz Əliyevanın və 3-cü şəxsin səs yazılarından məlum olur ki, İddiaçı1 cavabdeh Bayaz Əliyevadan mallarını və 127000 manat məbləğində pulunu tələb etmiş, lakin cavabdeh Bayaz Əliyeva İddiaçı1 tələb etdiyi həcmdə borcunun qalması ilə razılaşmadığını bildirmişdir. Göründüyü kimi CD-disklərdə əks olunmuş səs yazılarına əsasən cavabdeh Bayaz Əliyeva 127000 manat məbləğində borcunun olduğunu etiraf etməmiş, həmçinin həmin borcun həcmini mübahisələndirmişdir. Yəni sözügedən səs yazılarına əsasən cavabdeh Bayaz Əliyevanın 127000 manat məbləğində borcunun olması faktı təsdiq edilmir. İş materiallarında olan CD-disklərdə əks olunmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh2 səs yazılarından məlum olur ki, İddiaçı2 Cavabdeh2 bildirmişdir ki, aralarında olan 127000 manat pulu İddiaçı1 dayısı Zahid Cavabdeh2 atasının xətrinə, qohumluq münasibətlərinə əsasən yarıya-65000 manata salmışdır. İddiaçı1 isə bildirmişdir ki, əziyyətlə pul qazanmış, Bayaza insanlıq etmiş, etibar etmiş, qohumluq xətrinə, dayısının xətrinə həmin puldan keçmişdir, 2800 manat puluda dayısı silmişdir. Bayaz isə onu pis vəziyyətə qoymuşdur, problemə salmışdır, malları ucuz qiymətə satmışdır, hazırda onun banka borcu vardır, Cavabdeh2 isə cavabında bildirmişdir ki, mallar barədə məlumatı olmuşdur, lakin malların qiyməti barədə məlumatı olmamışdır, məlumatı olsaydı qoymazdı Bayazın borcu yaransın, Bayaz savadsızdır, hesab bilmir, heç vaxt alver etməmişdir, qorxmuşdur, ona görə də, həmin vəziyyətdən çıxa bilməmişdir. İddiaçı1 bildirmişdir ki, cavabdeh Bayaz Əliyeva 147000 manat puldan ona 20074 manat məbləğində pul ödəniş etmişdir. İddiaçı1 təkidlə Bayaz Əliyevanın 127000 manat borcu qalmasını, razılığa gəlsələr güzəşt edəcəyini bildirmiş, Cavabdeh2 isə Bayazın həmin məbləğdə borcunun olmasından məlumatı olmadığını bildirmişdir. Həmçinin, İddiaçı1 bildirmişdir ki, dayısının vasitəsi ilə 127000 manat məbləğində pulun yarısının-65000 manatın ödənilməsinə dair razılığa gəlsələr də, sonradan razılaşmamış və pulunu tələb etmişdir. İş materiallarında olan CD-disklərdə əks olunmuş İddiaçı1 ilə Cavabdeh2 atasının səs yazılarından məlum olur ki, Cavabdeh2 atası ilə 65000 manat pulun və hər ay 1000 manat pulun veriləcəyi barədə ilkin razılığa gəlsələr də, daha sonra razılaşmamış, mübahisə düşmüş və Cavabdeh2 atası iddiaçıları evdən qovmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, 1200 manat məbləğində pul Vaqif Əzizovun kartına köçürülmüşdür. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə pullar köçürülmüş, lakin həmin pulların kimə və nə məqsədlə köçürülməsi barədə məlumat mövcud deyildir. Məhkəmə cavabdehlər tərəfindən bu arqumentlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda İddiaçı1 qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən qismən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, iş materialları ilə məlum olur ki, İddiaçı1 ilə cavabdeh Bayaz Əliyeva arasında nisyə alqısatqı müqaviləsi bağlanmış, İddiaçı1 cavabdeh X3 nisyə mal vermiş, lakin cavabdeh həmin pulu qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, borcundan qismən ödəniş etmiş və 4500 manat borcu qalmışdır. Məhkəmə İddiaçı1 tərəfindən 2800 manat pulun Bayaz Əliyevaya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin borcun verilməsinə dair iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Beləki İddiaçı1 iddia ərizəsində və izahatında qeyd etmişdir ki, o, Bayaz Əliyevaya 1600 manat nağd (əlbə-əl) və 1200 manat kart hesabına köçürülməklə cəmi 2800 manat borc pul vermiş, Bayaz Əliyeva ona həmin puldan 250 manat qaytarmış, qalan 2550 manat pulu isə qaytarmamışdır. İddiaçı1 tərəfindən Bayaz Əliyevaya 1200 manat pulun verilməsini təsdiq edən sübut kimi təqdim edilmiş qəbzin surətindən və Vaqif Əzizov adına olan kartın fotoşəklindən görünür ki, 1200 manat məbləğində pul Vaqif Əzizovun kartına köçürülmüş, qalan 1600 manat pulun verilməsinə dair isə hər hansı sübut mövcud deyil. Bu baxımdan iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi yalnız cavabdeh X2 etiraf etdiyi 4500 (dörd min beş yüz) manat miqdarında təmin edilməli, qalan hissələrdə isə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçıların üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı1 iddianı, yəni cavabdeh Bayaz Əliyevaya 254439 manat dəyərində mal satmasını və həmin malların nisyə alqısatqısından ona 147567 manat pul borclu olmasını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə alqı-satqı münsaibətlərindən hyarandığından həmin münasibətlərə qüvvədə olan Mülki Məcəllənin 567 və 600-cü maddələrinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə iclaslarında tərəflərin izahatı, iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olundu ki, tərəflər bir-birini tanımaqla, münasibətləri olmuş, daha sonra cavabdeh Bayaz Əliyeva İddiaçı1 2024-cü il oktyabr 2025-ci ilin fevral ayları ərzində satmaq məqsədi ilə müxtəlif malları nisyə almışdır. İddiaçı1 ümumilikdə cavabdeh Bayaz Əliyevaya 254439 manat dəyərində müxtəlif çeşidli əşyaları nisyə satdığını iddia etsə də, həmin malların cavabdeh Bayaz Əliyevaya satmasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh Bayaz Əliyeva isə İddiaçı1 ilə aralarında nisyə alqı-satqı münasibətlərinin olduğunu və həmin münasibətlərə görə İddiaçı1 yalnız 4500 manat borcunun qaldığını etiraf etmişdir. Göründüyü kimi, cavabdeh Bayaz Əliyeva İddiaçı1 4500 manat məbləğində nisyə aldığı malın pulunu təyinatı üzrə öz ehtiyacına sərf etsə də, məhrum olanın, yəni iddiaçının vəsaitini tam olaraq qaytarmamışdır, nəticədə iddiaçının hüquqları pozulmuş və İddiaçı1 həmin məbləğdə pulu tələb etmə hüququ yaranmışdır. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh X5 İddiaçı1 4500 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna və nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyinə görə iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz pulunu geri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbində qoyulmuş cavabdehlərdən pulun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə İddiaçı2 müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı2 cavabdehlə aralarında hər hansı nisyə alqı-satqı müqavilələrinin olmasına dair sübut təqdim etməmiş, İddiaçı2 iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Bundan başqa, iddia tələbinin Cavabdeh2 qarşı qaldırılmış hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Cavabdeh2 ona qarşı qaldırılmış iddia tələbini qəbul etməyərək, iddiaçılarla aralarında hər hansı nisyə alqı-satqı müqavilələrinin olmadığını və iddiaçılardan mal almadığını bildirmişdir. Həmçinin, iddiaçılar Cavabdeh2 mal satmaqlarını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda, iddiaçılardan Səməd izahatında da, göstərmişdir ki, Cavabdeh2 alqı-satqıda iştirak etməmiş, yalnız malın daşınmasında köməklik etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia ərizəsində “cavabdehlər tərəfindən 147567 (yüz qırx yeddi min beş yüz altmış yeddi) manat pulun vaxtında qaytarmamağa görə vurduqları zərərin əvəzində qətnamə qüvvəsini alan vaxta münasibətdə 5 (beş) faiz zərərin alınıb iddiaçılara verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı1 və cavabdeh Bayaz Əliyeva arasında malların nisyə alqı-satqısı barədə razılıq olmuş, cavabdeh Bayaz Əliyeva malları sataraq pullarını İddiaçı1 qaytarmağı öhdəsinə götürmüşdür. Lakin onlar arasında malların hansı müddətdə satılması və pulun hansı müddətdə qaytarılması, gecikdirilmiş məbləğə görə faizlərin hesablanması şərtləşdirilməmiş, bu barədə onların arasında hər hansı bir razılıq olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müqavilə üzrə faizlərin hesablanması üçün tərəflər arasında konkret razılıq olmalıdır. Əgər müqavilə tərəfi gələcəkdə faizləri tələb etmək istəyirdisə, müqavilədə dəqiq faiz şərtləri və müddətlər göstərilməli idi. Halbuki, iş materialları nəzərdən keçirilərkən aydın olur ki, tərəflərin nisyə alğı-satqı müqaviləsi üzrə faiz ödəməsi barədə hər hansı razılıq olmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iş materialları ilə İddiaçı1 cavabdeh Bayaz Əliyevaya 254439 manat dəyərində nisyə alqı-satqı müqaviləsi əsasında mal verməsi və həmin malların satışına görə 147567 borcunun olması təsdiqini tapmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X5 tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, İddiaçı1 mülkiyyət hüququ müdafiə edilməli və cavabdeh X1 etiraf etdiyi həcmdə, yəni 4500 (dörd min beş yüz) manat məbləğində pul alınaraq, İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti cavabdeh X1 alınaraq İddiaçı1 verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 4500 (dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu alınaraq, İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar