Məhkəmə qərarları › İş №2(058)-622/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-622/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-622/2024 28.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 22461,66 manat, faiz borcu üzrə 1170,25 manat, cərimə 51,97 manat olmaqla, cəmi 23683,88 manat məbləğində borcun və Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 500 manat, faiz borcu üzrə 46,68 manat, cərimə 33,31 manat olmaqla, cəmi 579,99 manat məbləğində borcun və ödənilmiş 162,79 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5 faizlə 48 ay müddətinə 23000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü il martın 13-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 22461.66 manat əsas borc, 1170.25 manat faiz borcu və 207.86 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23839.77 manat borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 207.86 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 faizi miqdarında olmaqla, yəni 51.97 manat məbləğində tələb olunur. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASCdən illik 25 faizlə 48 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. 2024-cü il martın 13-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 500 manat əsas borc, 46.68 manat faiz borcu və 33.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 579.99 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 bildirmişdir ki, kredit borcu götürülən zaman maddi vəziyyəti yaxşı olmuş, ilk aylar ödəniş etmiş, lakin sonradan maddi vəziyyəti pisləşmişdir. Atası müharibə veteranıdır, atasının səhhətində problem olduğu üçün həmin krediti atasının müalicəsi üçün götürmüşdür. Ailəsində maddi sıxıntılar olduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Cavabdeh2 onun iş yoldaşıdır. Onun maddi sıxıntısı olduğunu bildiyi üçün kredit götürülən zaman Cavabdeh2 ona zamin durmuşdur. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh1 ailəsində maddi vəziyyət pis olduğundan Cavabdeh1 zamin durmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2023-cü il tarixli “razılaşma (əlavə № 1)”-dan görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 17.5 faiz dərəcəsi olmaqla 23000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli “razılaşma (əlavə № 1)”-dan görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 25 faiz dərəcəsi olmaqla 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli Z/16024/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 48 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 23000 manat kredit verilmişdir. Cavabdeh1 banka əsas borc üzrə 22461.66 manat, faiz borcu üzrə 1170.25 manat, cərimə 207.86 manat, cəmi 23839.77 manat təşkil edir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat kredit verilmişdir. Cavabdeh1 banka əsas borc üzrə 500 manat, faiz borcu üzrə 46.68 manat, cərimə 33.31 manat, cəmi 579.99 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh1 (kredit alan) ilə İddiaçı ASC arasında, həmçinin sonuncu ilə zamin arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, cavabdehlər öz riski ilə kredit müqaviləsini bağladığından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 22461.66 manat, faiz borcu üzrə 1170.25 manat, cərimə 51.97 manat, cəmi 23683.88 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 500 manat, faiz borcu üzrə 46.68 manat, cərimə 33.31 manat, cəmi 579.99 manat və ödənilmiş 162.79 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 22461.66 manat, faiz borcu üzrə 1170.25 manat, cərimə 51.97 manat, cəmi 23683.88 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 500 manat, faiz borcu üzrə 46.68 manat, cərimə 33.31 manat, cəmi 579.99 manat və ödənilmiş 162.79 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar