Məhkəmə qərarları › İş №2(058)-627/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-627/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-627/2025 12.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Göy-Göl Milli Parkının Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Göy-Göl Milli Parkı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Kəsəmən kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Cavabdeh Göy-Göl Milli Parkına vurduğu 108 manatın ödənilməmiş qalan 108 manat ot örtüyünə vurduğu ziyanın Cavabdeh tərəfindən Milli Parkın xüsusi bank hesabına ödətdirilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Göy-Göl Milli Parkı ölkə prezidentinın 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Göygöl rayonunun inzibati ərazisində yaradılmışdır. Milli Park Xüsusi X5 Əraziləri statusuna malikdir. Lakin bəzi vətəndaşlar Milli Parkın ərazisinə girişin qadağan olunduğunu bildiyi halda ərazidə qəsdən qoyun sürüsü otararaq Milli Parkın bitki örtüyünə zərər vurur. Belə ki, Samux rayonu, Kəsəmən kəndində qeydiyyatda olan Cavabdeh 12 iyul 2024-cü il tarixdə Göygöl Milli Parkının 41 nömrəli kvartalında qanunsuz olaraq 30 baş qoyun otararaq Milli Parkın bitki örtüyünə ümumilikdə 108 manat ziyan vurmuş və ödəməkdən imtina etmişdir. Cavabdeh 12 iyul 2024-cü il tarixdə Göygöl Milli Parkının ərazisində qanunsuz olaraq 30 baş qoyun otararaq Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli 18 nömrəli fərmanı ilə təsdiq olunmuş Göygöl Milli Parkı haqqında Əsasnamənin, həmçinin Azərbaycan Respublikasının Xüsusi X5 Əraziləri haqqında 840-İQ nömrəli qanunun tələblərini pozaraq Milli Parkın bitki örtüyünə ümumilikdə 108 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, hər il müqavilə əsasında qoruğun ərazisində heyvanları otarmışdır. Qoruğun ərazisi ilə onun ərazisi qonşu ərazilərdir. Keçən il təxminən iyul ayında onu müqaviləni təzələmək adı ilə idarəyə dəvət etmişlər, lakin artıq həmin ərazidə heyvan otarılmasına icazə verilmədiyi üçün müqavilə bağlanmamış və o, öz yaylaq sahəsində heyvanları otarmışdır. Onun barəsində 2024-cü il tarixdə inzibati protokol əsasında qərar qəbul olunmuş, lakin o, həmin qərardan şikayət verməmişdir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında protokol tərtib etmiş şəxs X1 ifadəsində bildirdi ki, protokolu o, tərtib etmişdir. O, Göy-Göl Milli Parkının əməkdaşları ilə 41 nömrəli kvartalında reyd keçirmiş, reyd keçirilən zaman Cavabdeh məxsus xırda buynuzlu heyvanları Milli Parkın ərazisində aşkar etmişlər. Tərəfindən şəkillər çəkilmiş, heyvanlar ərazidən kənarlaşdırılmışdır. Cavabdeh Milli Parkın İnzibati binasına dəvət olunmuş, izahatı alınmış, barəsində akt və inzibati protokol tərtib edilmiş, protokol əsasında qərar qəbul edilmişdir. Protokol tərtib olunan zaman Cavabdeh etiraz bildirməmiş, protokoldan şikayət verməmişdir. Cavabdeh izahatı özü yazmış, imzalamış və etiraf etmişdir ki, Göy-Göl Milli Parkının mühafizə rejimini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göy-Göl Milli Parkı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli AA 000353 nömrəli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Göy-Göl Milli Parkının 41 nömrəli kvartalında reyd keçirilən zaman Samux rayonu, Kəsəmən kənd sakini Cavabdeh məxsus 30 (otuz) baş xırdabuynuzlu qoyuna rast gəlinmişdir. Xırdabuynuzlu heyvanların şəkli çəkilmiş və heyvanlar Milli Parkın ərazisindən kənarlaşdırılmışdır. Vətəndaş Cavabdeh akt və inzibati protokol tərtib ediləcəyi bildirilmişdir. Cavabdeh 30 (otuz) baş xırdabuynuzlu heyvanların ona məxsus olduğunu etiraf etmişdir. O, bir daha Milli Parkın mühafizə rejimini pozmayacağını, təbiətə dəymiş ziyan və inzibati cəriməni könüllü olaraq ödəyəcəyini bildirmişdir. Təbiətə dəymiş ziyan və inzibati cərimə Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il 636 nömrəli, 30 sentyabr 2004-cü il 145 nömrəli və 31 yanvar 2019-cu il 30 nömrəli qərarına əsasən hesablanacaq. İş materiallarında olan Göy-Göl Milli Parkı tərəfindən tərtib olunmuiş xx.xx.2024-cü il tarixli MN1763390 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Göy-Göl Milli Parkının 41 nömrəli kvartalında mühafizə rejiminin pozmuş, qanunsuz mal-qara otarmışdır. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257 və 242-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Göy-Göl Milli Parkı ərazisində aparılan yoxlama zamanı aşkar edilmiş qanunsuz mal-qara otarılmasına və bitki örtüyünə vurulmuş ziyana görə təbiətə dəymiş ziyana dair hesabatdan görünür ki, Göy-Göl Milli Parkına 30 baş qoyun (hər baş üçün 10x36)=10x360=108 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 1-ci maddəsinə əsasən meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti: meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələridir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 6.1.-ci maddəsinə əsasən ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar) yaşıllıqların növlərinə aiddir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə nəzarətin məqsədi yaşıllıqların vəziyyətinin dəyişməsinin müşahidə edilməsi, qabaqlayıcı işlərin görülməsi və baş vermiş dəyişikliklərin aradan qaldırılması üçün müvafiq aqrotexniki və digər tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 19.2.4-cü maddəsinə əsasən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) dövlət nəzarətindədir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 15.1-c maddəsinə əsasən yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin Milli Parka vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Beləliklə iddia tələbindən göründüyü kimi, iddiaçı tərəf cavabdehin xırdabuynuzlu heyvanları otarması nəticəsində Milli Parka vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmi 108 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı Milli Parka məhz 108 manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib olunmuş akta, inzibati protokola və qərara əsaslanmışdır. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024-cü il tarixli aktı əsas götürülməli, Milli Parka vurulmuş zərərin həcmi 108 manat həcmində qəbul edilməli və iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 108 (yüz səkkiz) manat məbləğində pul alınaraq, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göy-Göl Milli Parkının hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar