Məhkəmə qərarları › İş №2(058)-638/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-638/2024

04.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-638/2024 04.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Məhəmmədli oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə göndərdiyi 7500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, qızının keçmiş həyat yoldaşına Gəncə şəhərində olan dostları vasitəsi ilə 7500 manat borc pul vermişdir. O, pul verilən vaxt Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olmuşdur. O, Rusiyadan qayıdıb qızının yoldaşına ödənilmiş pulu dostlarına ödəmişdir. Hal-hazırda qızı ilə cavabadehin münasibətləri pozulmuşdur. Cavabdeh onun cavabdehə borc olaraq verdiyi 7500 manat pulu qaytarmaqdan imtina edir. Ona görə də onun tərəfindən cavabdehə verilmiş 7500 manat pul cavabdehdən məhkəmə qaydasında alınıb ona verilməlidir. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Məhəmmədli oğlu iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ona nə şəxsən, nə də kiminsə vasitəsilə pul verməyib. Tələbin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı tərəfin xahişi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X1 bildirdi ki, o, şəhərdə valyuta dəyişmə mərkəzi işlədir. İddiaçı Qiyas onun tanışıdır, cavabdehi isə tanımır. Qiyas ona zəng edərək bir nəfər şəxsi onun yanına göndərdiyini bildirmiş və həmin şəxsə 7500 manat pul verməsini xahiş etmişdir. Həmin gün onun yanına 2 nəfər oğlan gəlib, o da 7500 manat pulu həmin şəxslərdən birinə verib. Lakin pulu verdiyi şəxsin xarici görünüşü tam yadında deyil, cavabdehin həmin şəxs olubolmamasını dəqiq bilmir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin (vəkilinin) məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçı, iddia tələbində sözügedən məbləğdə pulu cavabdehə şəxsən özü yox, başqa şəxs vasitəsilə verdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbində sözügedən pulun cavabdehə həqiqətən də verilməsi halı məhkəmə araşdırması zamanı heç bir sübutla öz təsdiqini tapmaması ilə yanaşı iddiaçının hazırki tələbi irəli sürməkdə ümumiyyətlə subyektiv hüququnun olmaması da göz ardı edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi pulu özü şəxsən cavabdehə verməmiş, o, bu halı iddia ərizəsində açıq aşkar ifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar