Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-65/2024 06.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 13100 manat pulun alınaraq İddiaçı1, 3500 manat pulun alınaraq İddiaçı2 verilməsi, həmçinin ödənilmiş dövlət rüsumun əvəzinin cavabdehdən tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Gəncə şəhərində yaşamaqla 40 ilə yaxındır ki, dostdurlar. İş üzrə Cavabdeh isə 2021-ci ilin əvvəlindən tanımışlar və onunla dostluq etmişlər. Məhz bu münasibətdən istifadə edərək Cavabdeh onları aldadaraq İddiaçı1 guya dayısı oğlundan xırdabuynuzlu heyvan alıb vermək adı ilə 13100 manat, İddiaçı2 isə guya bacısı və xalası qızından dəri gödəkcə alıb vermək adı ilə 3500 manat pul almışdır. Ancaq Cavabdeh vədinə əməl etməmiş, həmçinin onlardan aldığı 13100 manat və 3500 manat pulları qaytarmamışdır. Onlar cavabdehin bu hərəkətinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Gəncə şəhər Prokuroruna və Gəncə şəhər Baş Polis İdarəsinə şikayətlər etmişlər. Ancaq şikayətləri əsasında 3 dəfə təhqiqat aparılsa da, hər dəfə təhqiqat orqanı belə nəticəyə gəlmişdir ki, cavabdehin əməlində dələduzluq cinayətinin tərkibi yoxdur, sözügedən mübahisə borc münaibətlərindən yaranıb və onlara izah etmişlər ki, mülki qaydada məhkəmədə iddia qaldırsınlar. Hətta onlar təhqiqat orqanının qərarlarından 2 dəfə məhkəməyə şikayət ediblər, həmin qərarlar ləğv olunsa da təhqiqat orqanı yenə də bunun mülkü xarakterli mübahisə olmasını bildirərək məhkəmədə mülki icraat qaydasında iddia qaldırılmalı olmasını bildirmişdir. Cavabdeh özü də, təhqiqat dövründə verdiyi izahatlarında onlara, yəni İddiaçı1 13100 manat, İddiaçı2 isə 3500 manat borcu olmasını etiraf etmiş, həmin borcları 2023-cü ilin yanvar ayının axırlarına kimi qaytaracağını bildirsə də indiyənə kimi puldan heç bir məbləğ qaytarmamışdır. Cavabdehin hərəkətləri barədə Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etsələr də həmin orqanın müvafiq qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də məhkəmədən tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasının onların iştirakları olmadan keçirilərək qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin həmin ərzaidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı və buna görə də məhkəmə bildirişinin ona təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların əvvəkli məhkəmə iclasında verdikləri izahatlarını nəzərə alıb, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 24 dekabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən dələduzluq yolu ilə onlara məxsus pulun ələ keçirilməsi barədə şikayətləri əsasında HK- 1/1187 saylı material toplanmış, lakin toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X1 24 dekabr 2022-ci il tarixli qərarından İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilərək sözügedən qərar ləğv edilmiş və İddiaçı1 və İddiaçı2 şikayətlərində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən, İddiaçı1 və İddiaçı2 şikayəti ilə bağlı, aparılan yeni araşdırmanın nəticəsində qəbul olunmuş qərar məhkəməyə göndərilmiş və həmin qərardan müəyyən olunmuşdur ki, Cavabdeh izahatında İddiaçı1 13100 manat borcu olduğunu, İddiaçı2 isə 3500 manat borcu olduğunu etiraf etmiş və borcunu qaytaracağını bildirmişdir. İddiaçılar, iddia tələbində cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən cavabdehin X2 13100 manat alaraq ona xırdabuynuzlu heyvan alıb verəcəyini, İddiaçı2 isə 3500 manat pul alaraq ona dəri gödəkçə alıb verəcəyini öhdəsinə götürdüyünü bildirmişlər. Lakin buna baxmayaraq iddiaçılar iddia ərizəsində borc münasibətləri ilə bağlı olan hüquq normalarına istinad etmişlər. Məhkəmə iclasında verdikləri izahatlarında isə iddiaçılar, cavabehlə aralarında əldə olunmuş şifahi razılaşmanın məhz iddia ərizəsində sözügedən malların alınması ilə əlaqədar olduğunu vurğulamışlar. Cavabdeh “cinayət işinin başlanmasının rədd edilməsi barədə” müvafiq qərarda yer alan izahatında isə o, X2 və İddiaçı2 müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pulları borc kimi aldığını və onun X3 13100 manat, İddiaçı2 isə 3500 manat borcu olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi razılaşma əsasında öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsi öz təsdiqini tapır. Lakin iddiaçıların işin faktiki halları kimi göstərdikləri hallarla, onların mübahisənin maddi hüquqi əsası kimi istinad etdikləri normalar arasında uyğunsuzluq müəyyən olunur. Belə ki, iddiaçıların işin faktiki halları kimi göstərdikləri hallar, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin onlar arasında şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsindən irəli gəldiyini göstərir. Buna baxmayaraq iddiaçılar iddia ərizəsində mübahisənin maddi hüquqi əsası kimi borc münasibətləri ilə bağlı olan hüquq normalarına istinad edirlər. Cavabdeh isə öz etirafında həmin pulu iddiaçılardan borc kimi aldığını bildirir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin mövcudluğu cavabdehin etiraf ilə öz təsdiqini tapdığından, lakin həmin öhdəliyin məhz tapşırıq müqaviləsindən irəli gəldiyi öz təsdiqini tapmadığından həmin münasibətlər cavabdehin izahatı əsas götürülməklə borc müqaviləsindən irəli gələn öhdəlik kimi qiymətləndirilməli və iddiaçıların tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddia tələbində göstərilən məbləğlərin üç min manatdan çox olmasına baxmayaraq müqavilənin şifahi formada bağlanmasına və buna rəğmən məhkəmənin iddia tələbini əsaslı hesab etməsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdehin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” müvafiq qərarda yer alan izahatından görünür ki, o, iddiaçılara borclu olduğu pulları müxtəlif vaxtlarda, az məbləğdə hissələr şəklində almış, onun hər dəfə aldığı borc pul üç min manatdan artıq olmamışdır. Belə olan halda isə borc müqaviləsinin şifahi şəkildə bağlanması istisna olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən iddiaçılar İddiaçı1 tərəfindən ödənilmiş 120 manat, İddiaçı2 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13100 (on üç min yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı1, 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-65/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-65/2024
06.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver