Məhkəmə qərarları › İş №2(058)-68/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-68/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-68/2023 15.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X5 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı ASC cavabdeh X5 qarşı “borc” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh X6 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 6096,48 manat əsas borc, 588,62 manat məbləğində faiz borcunun, cəmi 6685,1 manat borcun və 87 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 20,5% olmaqla 6500 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faziləri banka ödəməkdən yayınır və beləliklə kredit müaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onun iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli CP/19109/82/29 saylı kredit sazişinə əsasən, İddiaçı tərəfindən X5 36 ay müddətinə, illik 20,5 faiz dərəcəsi ilə 6500 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş arayışa əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixə 6096,48 manat əsas borcu, 588,62 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş 10 avqust 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X5 36 ay müddətinə illik 20,5% ödəmək şərtilə 6500 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 09 iyun 2023-cü il tarixli rəyindən görünür ki, X6 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, CP/19109/82/29 saylı kredit sazişi şərtləri əsas götürülməklə X4 xx.xx.2022-ci il tarixə (maliyyə arayışı müddətinə) banka olan borcu 6085,71 manat məbləğində, 338,83 manat faiz borcu müəyyən olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdeh X6 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən bankdan illik 20,5% olmaqla 36 ay müddətində ödəmək şərtilə 6500 manat pul götürmüşdür. Hazırda müvafiq ekspert rəyi nəzərə alınmaqla X4 banka həmin öhdəlik üzrə ödənilməmiş 6085,71 manat əsas borc, 338,83 manat məbləğində faiz borcu olmaqla cəmi 6424,54 manat borcunun olduğu müəyyən olunur. Beləliklə, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 6085,71 manat əsas borc, 338,83 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 84 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ İddia qismən təmin edilsin. Cavabdeh X2 6085,71 manat əsas borc, 338,83 manat məbləğində faiz borcu, cəmi 6424,54 (altı min dörd yüz iyirmi dörd manat, əlli dörd qəpik) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 84 (səksən dörd) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar