Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-686/2025 24.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "xxxx" ASC tərəfindən hesablanmış 192.61 manat məbləğində borcun (abunə haqqının) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu Ziyadlı kəndində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Evin qaz və işıq sayğacları onun adına qeyd edilmişdir. Hər ay mütəmadi olaraq sayğacın göstəricisinə uyğun ödəniş edib istifadə edir. Sonradan, 2025-ci ilin fevral ayında "xxxx" ASC-nin X1 Təchizatı və Satışı İdarəsinin əməkdaşları yaşadığı ünvana gələrək işıq sayğacına baxış keçirib və işlətdiyi ışığa görə borcunun olduğunu bildirmişlərdir. Bununla bağlı o "xxxx" ASC-nin X1 Təchizatı və Satışı İdarəsinə müraciət etmiş və ona istifadəsində olan 77062386M1499459 abune kodlu sayğaca əsasən 192 (bir yüz doxsan iki) manat 61 (altmış bir) qəpik məbləğində borcunun olduğunu bildirmişlərdir. "xxxx" ASC X1 Təchizatı və Satışı İdarəsinin əməkdaşları ondan əsassız olaraq borcu tələb edirlər. O "xxxx" ASC X1 Təchizatı və Satışı İdarəsindən dəfələrlə sayğacın dəyişdirilməsi ilə bağlı müraciət etsədə ona heç bir cavab verilməmişdir. Eyni zamanda, həmin idarəyə borcun silinməsi ilə bağlı ərizə ilə müraciət etmişdir, lakin heç bir nəticəsi olmamışdır. Qeyd edim ki, "xxxx" ASC X1 Təchizatı və Satışı İdarəsinin əməkdaşları ona elektrik enerjisinin dayandarılması barədə yazılı surətdə sənəd təqdim edib və onu imzalamağını tələb etmişlərdir lakin, o sənədi qəbul etməmiş və imzalamışdır. Həmçinin elektrik enerjisi üçün xx.xx.2015-ci ildən etibarən hər ay istifadə etdiyi enerjisi üçün 3-8 manat aralığında ödəniş etmişdir. Lakin 2025-ci ilin fevral ayından etibarən istifadə etdiyi enerji sərfiyyatı 2 dəfə artıq hesablanmışdır. Ona görə də ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2025-ci ilin fevral ayına qədər onun istifadə etdiyi elektrik enerjisi sərfiyyatının göstəriciləri daha az olmuş, həmin tarixdən sonra isə sərfiyyat göstəriciləri artıq göstərilmiş və ona görə də sözügedən tarixdən etibarən onun borcu həmin sərfiyyat göstəicilərinə uyğun olaraq hesablanmışdır. Hesab edir ki, sayğacın elektrik sərfiyyatı ilə bağlı göstəriciləri əsassız şəkildə artıq göstərildiyindən ona hesablanmış abunə haqqı da onun faktiki olaraq istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına uyğun deyil, sözügedən əsasla da həmin borcun silinməli olduğunu düşünür. Tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Abunə haqqında sənədin surətindən görünür ki, İddiaçı elektrik enerjisindən istifadəsinə görə yaranan borcu 192.61 manat təşkil edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.3-cü maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə əsasən elektrik enerjisi istehlakçısı istehlak edilən elektrik enerjisinin dəyərini və sabit tarifi hər ay elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçıya ödəmək vəzifəsini daşıyır. Məhkəmə, işin faktiki hallarını, iddiaçının izahatını və iş materiallarındakı sənədləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının silinməsini tələb etdiyi borc onun özünün də izahatında etiraf etdiyi kimi elektrik enerjisindən istifadəyə görə hesablanmış debitor borcudur ki, iddiaçı əsassız arqumentlər gətirməklə hazırda həmin borcun silinməsini tələb edir. Qanunvericiliyin tələbinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan və elektrik enerjisi istehlakçısı istehlak edilən elektrik enerjisinin dəyərini və sabit tarifi hər ay elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçıya ödəmək vəzifəsini daşıdığından məhkəmə hazırki iddia tələbini əsassız hesab edir və təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-686/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-686/2025
24.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver