Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-688/2024 20.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux elektrik şəbəkəsi tərəfindən artıq yazılmış 956.93 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Alıuşağı kəndində mərhum atası X2 miras yaşayış evi qalmışdır. Hazırda o, və ailə üzvləri həmin evdə yaşayırlar. X7 02 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Yaşadığı evə aid qaz, elektrik və digər sayğaclar hazırda mərhum atası Adilin adınadır. O, və ailəsi elektrik enerjisindən və digər kommunallardan istifadə etmiş və qeyd olunan kommunallara aid sayğaclar quraşdırılmışdır. 02 mart 2023-cü il tarixdə ona və ailə üzvlərinə məxsus elektrik sayğacı dəyişdirilmiş və həmin vaxt onun heç bir borcu olmamışdır. O, və ailə üzvləri hər ay sərf etdikləri elektrik enerjisinin dəyərini vaxtında ödəmiş, buna baxmayaraq qanunsuz və əsassız olaraq Samux rayon Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən 956.93 manat cərimə yazılmışdır. Eyni hal üzrə əvvəllər 410 manat cərimə yazılmış, Samux Rayon Məhkəməsinin qətnaməsinə əsasən qeyd olunan cərimənin 202.21 manatı silinmiş, bundan sonra cavabdeh orqan yenidən ona cərimə yazmış və səbəb kimi guya yenə “sıfırla” fazanın yeri dəyişik olmuşdur. O, səbəbini soruşduqda ona bildirmişlər ki, guya elektrik xəttinin qoşulmasında “sıfırla” fazanın yeri dəyişik bağlanmışdır. O, dəfələrlə əgər belədirsə onda “sıfırla” fazanın yerinin dəyişdirilməsini bildirmiş, lakin müraciətinə heç bir cavab verilməmişdir. O, 44 günlük vətən müharibəsində iştirak etmiş, müharibə veteranıdır, hazırda maddi vəziyyəti çox ağırdır, özünün mütəmadi olaraq müalicə və müayinəyə ehtiyacı vardır. Buna baxmayaraq, cavabdeh orqan ondan qanunsuz və əsassız olaraq pul tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman qüsur aşkar edilməmişdir, lakin “sıfırla” fazanın yerinin dəyişik olması qeyd edilmişdir. O, dəfələrlə "xxxx" ASC-yə müraciət etmiş, lakin onun müraciətinə baxılmamışdır. Ona əsassız olaraq cərimə yazılmışdır. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli NİM 000138 nömrəli aktın surətindən görünür ki, abonent kodu **********00332 istehlakçı X4 məxsus fərdi yaşayış evində E.E.İ.Q-na uyğun olaraq elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, sayğac kənar mənbədən (qaz sayğacına birləşdirilən metal borudan) “sıfır” xətti götürməklə dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğacın qoşulma ardıcıllığı səhvdir, faza xəttinin sıxacına “sıfır” xətti, “sıfır” xəttinin yerinə faza xətti verilmiş kənar mənbədən götürülən “sıfır” xətti vasitəsilə sayğac dövrədən kənarlaşdırılmışdır. Ölçmə zamanı xəttdən axan yük Pfaz=3,3 kv.t (üç tam onda üç), Psay- 0kv.t (sıfır) təşkil etmişdir. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, abunəçi **********00332 X4 məxsus Samux rayonu, Alıuşağı kəndində olan fərdi yaşayış evinə enerji sərfiyyatına görə 956.93 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Akt komissiyasının sədrinin əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbin surətindən görünür ki, abonent X4 məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac kənar mənbədən (qaz sayğacına birləşdirilərək metal borudan) “sıfır” xətti götürməklə dövrədən kənarlaşdırılmışdır. Belə ki, sayğacın qoşulma ardıcıllığı səhfdir, faza xəttininn sıxacına “sıfır” xətti, “sıfır” xəttinin yerinə faza xətti verilmiş kənar mənbədən götürülərək “sıfır” xətti vasitəsilə sayğac dövrədən kənarlaşdırılmışdır. İş materiallarında olan xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 birgə nikahlarından xx.xx.1987-ci il tarixdə İddiaçı doğulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 116548 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə İddiaçı “Suqovuşanın azad olunmasına görə” medalı ilə və xx.xx.2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh Qanunun göstərilən maddəsinin tələblərinə əməl etməmiş, sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2024-cü il tarixli 000138 nömrəli akta əsasən mərhum X4 (abonent kodu **********00332) məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 956.93 manat borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2024-cü il tarixli 000138 nömrəli akta əsasən mərhum X4 (abonent kodu **********00332) məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 956.93 manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-688/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-688/2024
20.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver