Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-689/2024 10.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 15222 manat (cavabdehdə olan 14760 manat pulun, vəkilə ödənilən 322 manat pulun, dövlət rüsumu kimi ödənilən 140 manat) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh təxminən 2022-ci ilin may ayında onun oğlu Əli Əliyevə boya satışında yaxşı pul olduğunu bildirərək, boya biznesi ilə məşğul olmasını təklif etmişdir. Onun oğlu Əli, Yusifin təklifini ona bildirərək, onunla iş qurarsa maddi vəziyyətinin yaxşı olacağını güman etdiyini bildirmişdi. Cavabdeh danışıqları əsasında bildirmişdi ki, əgər 17000-18000 manat nağd pul olarsa hər ay 1500-3000 manat arası qazanc ola bilər və həmin qazanc 2 yerə bölünəcəkdir. O, ilkin olaraq 2000 manat pulu oğlu Əli vasitəsi ilə Cavabdeh verdim ki, ilkin mərhələdə obyektin icarə haqqı ödənilsin və satış üçün avadanlıqlar alınsın. O, pulu ödədikdən dərhal sonra icarədə olan qeyri-yaşayış obyekti icarəyə götürülmüş və boya satışı üçün lazımlı avadanlıqlar həmin qeyri-yaşayış obyektində quraşdırılmışdır. Bir müddət sonra 15000 manat pulu oğlu Əliyə göndərmişdi ki, ilkin mərhələdə satış üçün boya alsınlar. Cavabdeh onun oğlu Əli ilə birlikdə 15000 manatlıq kraskanı alaraq işə başlamışlar. Cavabdeh hər ay təxminən 500 manat və yaxud 300 manat civarında pulu oğlu Əli vasitəsi ilə ona göndərmişdir. Bir müddətdən sonra Cavabdeh boya almaq üçün pul lazım olduğunu bildirdi. Yusifdən alınmış boyaların harda olmasını soruşduqda, o, bildirmişdir ki, onun bu işə başlamamışdan əvvəl borcu olmuş və iş üçün alınmış 15000 manatlıq boyanı sataraq həmin pulla borclarını ödəmişdir. Cavabdehlə hesablaşanda, onlara müəyyən olmuşdur ki, ona qazanc kimi verdiyi pulları çıxılmaqla, cavabdehin ona 14760 manat borcu vardır. Onu və ailəsini tanıdığı üçün və aralarındakı münasibətlərin pozulmaması üçün boya sexindən əldə edilmiş qazancı tələb etməmişdir. O, dəflərlə ona 14760 manat borcu olduğunu etiraf etmiş, işləyəcəyi və pul qazanacağı təqdirdə ona olan borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ona məxsus əmlakı ələ keçirtməklə əsassız varlanmışdır. Cavabdeh ona məxsus olan 14760 manatı geri qaytarmalıdır. Bundan başqa cavabdehin hərəkətləri ucbatından məhkəmədə iddia qaldırmaq üçün vəkillə müqavilə bağlamaq üçün 322 manat pul ödəmiş, həmçinin pul tələbinə dair iddianın məhkəmədə baxılması səbəbindən 140 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, tələbinin təmin olunaraq iddia ərizəsində göstərilən pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, iddia ərizəsində 140 manat pulun dövlət rüsumu kimi ödənilməsini aydın göstərməmişdir, ona görə də tələbini dəqiqləşdirərək Cavabdeh 14760 manat pulun, həmçinin vəkilə ödənilən 322 manat pulun və dövlət rüsumu kimi ödənilən 140 manat pulun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini etiraf etməyərək bildirdi ki, onun iddiaçıya deyil, iddiaçının oğluna 14760 manat borcu var. Belə ki, həmin pulu birlikdə iş qurmaq və gəlir əldə etmək adıyla iddiaçının oğlundan almışdır. İddiaçının özündən isə pul almamışdır. Ona görə də, tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir.. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, cavabdehin hazırlıq iclasında verdiyi və məhkəmə iclas protokolunda qeyd olunmuş izahatını nəzərdən keçirib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İddiaçı tərəfin məhkəməyə sübut kimi təqdim etdiyi əl yazmadan görünür ki, Cavabdeh, İddiaçı 14760 manat borcu olduğunu qeyd edərək imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq edilmiş CDdiskdə olan audio yazıdan məlum olur ki, Cavabdeh İddiaçı 14760 manat borcu olduğunu etiraf edir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında birlikdə iş qurmaq və gəlir əldə etmək barədə şifahi razılıq əldə olunmuş, həmin razılıq əsasında iddiaçı cavabdehə pul vermiş, lakin cavabdeh iddiaçı ilə aralarında əldə olunmuş razılığın şərtlərini tam yerinə yetirməmiş, bu səbəbdən də iddiaçı cavabdehə ödədiyi pulun geri qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin pulun 14760 manat hissəni qaytarmamışdır. Cavabdeh iddia tələbində sözügedən məbləğdə pulu iddiaçıdan deyil, onun oğlundan aldığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş əlyazmanın onun tərəfindən yazıldığını və imzalandığını etiraf etmiş, həmin ərizədə isə o, məhz İddiaçı 14760 manat borcu olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan iddia tələbində sözügedən məbləğdə pulu birlikdə iş qurmaq, gəlir əldə etmək və həmin gəliri aralarında bölmək vədi ilə almış, onlar arasında bu barədə şifahi razılaşma olmuş, iddiaçı məhz bu məqsədlə pulu cavabdehə vermişdir. Lakin cavabdeh əldə olunmuş həmin razılaşmanın şərtlərinə əməl etmədiyindən, həmçinin iddiaçıdan aldığı pulu ona geri qaytarmadığından o, həmin pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş olmaqla əsassız olaraq varlanmışdır. Qanunvericiliyin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan və onun vəkillə müqavilə bağlamaq üçün ödədiyi puldan ibarətdir. İddiaçı öz tələbində məhkəmə xərclərinin əvəzinin də cavabdehdən tutulmasını tələb edir. İddia tələbi təmin olunduğundan məhkəmə xərcləri cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 14760 manat, vəkillə müqavilə bağlamaq üçün ödənilən pulun əvəzi qismində 322 manat və dövlət rüsumunun əvəzi qismində 140 manat, cəmi 15222 (on beş min iki yüz iyimi iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-689/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-689/2024
10.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver