Məhkəmə qərarları › İş №2(058)-703/2024

Samux Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(058)-703/2024

24.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Samux rayonu İş № 2(058)-703/2024 24.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1134 manat pulun və 31.34 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023-cü il iyul ayında sosial şəbəkələrdə “İphone 12” telefonunu satmaq istəyi haqqında paylaşımlar etmişdir. xx.xx.2023-cü il tarixdə qiyabi tanışı olan Cavabdeh1 onunla əlaqə saxlayaraq onun “İphone 12” telefonunu qohumu Cavabdeh2 almaq istədiyini, lakin pulun bir qisminin hissə-hissə ödəmək imkanının olduğunu bildirmişdir. Həmin gün görüşüb 200 manat ilkin, qalan hissənin isə hər ay 162 manat olmaqla 9 aya borcun ödənilməsi qərarına gəlmişlər. Cavabdeh1 və Cavabdeh2 öz xətləri ilə öz kimliklərinin surətinə **********12454 İmei kodlu “İphone 12” telefon 200 manat ilkin pul verib qalan hissəni hər ay 162 manat olmaqla 9 ay ərzində ödəyəcəklərini yazaraq imzaları ilə təsdiqləmişlər. Cavabdehlərin ona 1458 manat borcu qalmışdır. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 162 manat, xx.xx.2023-cü il tarixdə 162 manat, cəmi 324 manat pul vermişlər, qalan 1134 manat pulu verməkdən boyun qaçırmışlar, hər dəfə müxtəlif bəhanələr tapmışlar. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh1 tərəfindən yazılmış əlyazmadan görünür ki, **********12554 İmei kodlu “İphone 12” modelini İddiaçı almış, 200 manat vermiş, qalan hissəni hər ay 162 manat olmaqla 9 aya ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cavabdeh1 tərəfindən yazılmış əlyazmadan görünür ki, **********12554 İmei kodlu “İphone 12” modelini İddiaçı almış, 200 manat vermiş, qalan hissəni hər ay 162 manat olmaqla 9 aya ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. İddiaçının mövqeyi yalnız cavabdehlərin “İphone 12” mobil telefonu almaları və telefonun dəyərinin qaytarılmaması ilə məhdudlaşdırılaraq sübuta yetirilmişdir. Ona görə də məhkəmə iddiaçının mövqeyini əsaslı sayır və göstərir ki, iddiaçı pulunu tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının mülkiyyətini təşkil edən 1134 manat məbləğində pulu qaytarmadıqlarından, iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlərdən 1134 (min yüz otuz dörd) manat və ödənilmiş 31.34 manat dövlət rüsumu tutularaq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1134 (min yüz otuz dörd) manat və ödənilmiş 31.34 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Samux Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar