Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-706/2025 20.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “akt əsasında əsassız yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2009-cu il tarixli 011635 nömrəli akt əsasında əsassız yazılmış 345,10 manat və xx.xx.2010-cu il tarixli 012362 nömrəli akt əsasında əsassız yazılmış 221,40 manat olmaqla cəmi 566,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Samux rayonu Sarıqamış kəndində yaşayır. Hər ay sərf etdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəyir, hər ay iki dəfə nəzərətçi tərəfindən sayğacı yoxlanılır. 2009-cu ilin noyabr ayında sayğacına baxış keçirilən zaman ona nəzarətçi tərəfindən sayğacının işləmədiyi barədə məlumat verilmişdir. Daha sonra enerji satışının rəisi və nəzarətçi sayğaca baxış keçirdikləri zaman sayğaca heçbir müdaxilə olunmadığını aşkar etmişdirlər. "xxxx" ASC -nin əməkdaşları sayğacın yenisi ilə əvəz etmək məqsədi söküb aparmışdırlar. Sayğacı dəyişmək 4 ay çəkmişdir. Həmin müddət ərzində sayğacın olmaması səbəbindən, 2009-cu il tarixində 345,10 manat və 2010-cu ilin mart ayında isə 221,40 manat cərimə olunmuşdur. Elektrik sayğacını dəyişən zaman o istifadəçinin elektrikdən istifadəyə görə borcunun olması barədə ona məlumat verməmişdirlər. Borcla əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə silinməsi üçün məlumat versədə ona köməklik göstərilməmişdir. Buna görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, sözügedən borc məbləğləri ona ünvanında sayğacın quraşdırılmaması əsası ilə yazılmışdır. Hansı ki, onun ünvanında quraşdırılmış köhnə sayğac "xxxx" ASC -nin əməkdaşları tərəfindən sayğacın yenisi ilə əvəz edilməsi məqsədilə sökülərək aparılmışdır. Dəfələrlə "xxxx" ASC-nə onun ünvanına sayğacın quraşdırılması tələbi ilə müraciət etmiş, lakin müraciətinin heç bir müsbət həlli olmamışdır. Daha sonra "xxxx" ASC tərəfindən onun ünvanında məhz elektrik sayğacının olmaması səbəbilə müvafiq aktlar tərtib edilərək ona əsassız şəkildə borc yazılmışdır. Hesab edir ki, sayğacın quraşdırılmaması onun təqsiri deyil və elektrik sayğacının quraşdırılması cavabdehin öhdəliyində olan məsələdir. Ona görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsi və ədalətli qərar qəbul edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, o, vaxtilə "xxxx" ASC-nin əməkdaşı olmuş və iddiaçının ünvanının yerləşdiyi ərazi üzrə sayğaclara nəzarətçi kimi fəaliyyət göstərmişdir. Təxminən 2009-2010-cu il tarixlərində xidməti fəaliyyətdə olan zaman o, İddiaçı məxsus sayğaca baxış keçirmiş və bu zaman sayğacın işləmədiyini, yəni dayandığını müəyyən etmişdir. Bu barədə Cavabdeh-nin müvafiq idarəsinə məlumat vermiş və oradan əməkdaşlar gələrək sayğacı sökmüş və naqili birbaşa şəxsin evinə yönələn elektrik xəttinə birləşdirmişlər. İddiaçı yaşadığı ünvana "xxxx" ASC tərəfindən sayğacın quraşdırılması yubanmışdır. Belə olan halda həmin ünvana "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacın olmadığı müəyyən olunaraq abonent barəsində akt tərtib edilmiş və ona borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, şahidin ifadəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 noyabr 2009-cu il tarixli, AKT 011635 nömrəli aktın surətindən görünür ki, Samux rayonu Sarıqamış kəndində yerləşən, İddiaçı yaşadığı ünvana baxış keçirilmiş, ünvanda sayğacın mövcud olmadığı və abonent tərəfindən giriş kənar xəttdən istifadə edildiyi müəyyən edilmişdir və bu əsasla İddiaçı 345,10 manat borc yazılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 15 mart 2010-cu il tarixli, AKT 012362 nömrəli aktın surətindən görünür ki, Samux rayonu Sarıqamış kəndində yerləşən, İddiaçı yaşadığı ünvana baxış keçirilmiş və sözügedən ünvanda sayğacın mövcud olmadığı müəyyən olunmuş və bu əsasla İddiaçı 221,40 manat borc yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə elektik paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İş materiallarından aydın olur ki, iddia tələbində sözügedən, "xxxx" ASC tərəfindən tərtib edilmiş bir akt iddiaçının ünvanında sayğacın mövcud olmaması, digər akt isə sayğacın mövcud olmaması, həmçinin abonentin kənar xəttən istifadə etməsi halı səbəb göstərilməklə tərtib olunmuşdur. Halbuki sayğacın quraşdırılması və müvafiq hallarda yenisi ilə əvəz olunması enerjitəchizatı müəssisəsinin öhdəliyidir. Qanunvericiliyin tələbinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə bir halın mövcudluğu halı isə enerjitəchizatı müəssisəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Lakin enerjitəchizatı müəssisəsi tərəfindən hesablaşma elektrik sayğacının məhz abonentinin təqsiri nəticəsində itməsi (mövcud olmaması) halı sübuta yetirilməmiş və ya sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxiləsi, həmçinin sayğacın abonentin təqsiri səbəbilə itməsi və ya mövcud olmaması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə sübuta yetirilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır,həmçinin işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən Samux rayonu, Sarıqamış kəndində fərdi yaşayış evində yaşayan İddiaçı **********00128 saylı abunə koduna xx.xx.2009-cu il tarixli 011635 nömrəli akt əsasında hesablanmış 345,10 manat və xx.xx.2010-cu il tarixli 012362 nömrəli akt əsasında hesablanmış 221,40 manat olmaqla cəmi 566,50 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Samux rayonu, Sarıqamış kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********00128) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2009-cu il tarixli 011635 nömrəli akt əsasında hesablanmış 345,10 manat və xx.xx.2010-cu il tarixli 012362 nömrəli akt əsasında hesablanmış 221,40 manat olmaqla cəmi 566,50 manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-706/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-706/2025
20.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver