Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-708/2023 14.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 410,79 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun evinə aid olan sayğac dəyişdirilmiş, yenisi ilə əvəzlənmişdir. Sayğacı söküb yenisi ilə əvəzləyərkən "xxxx" ASC-nin əməkdaşları ona əvvəlki sayğacda hər hansı bir qüsurun olması barədə heç nə deməmiş, bununla bağlı heç bir akt tərtib etməmişlər. Lakin bir ay sonra nəzarətçi bildiriş gətirəndə o, görmüşdür ki, 410,79 manat borc yazılıb. Bildirişi gətirən nəzarətçidən bunun səbəbini soruşduqda o bildirmişdir ki, sayğaca labaratoriyada baxılarkən ona müdaxilə edildiyi müəyyən olunub. O, həmin məsələyə öz etirazını bildirərək bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus olan əvvəlki sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılmış sayğaclar bir qayda olaraq laborator müayinəyə göndərilir və hər hansı müdaxilənin olub-olmaması aydınlaşdırılır. Müayinə nəticəsində iddiaçıya məxsus sayğacın hesab mexanizmində aydın görünən kənar müdaxilə-cızıq izləri aşkar olunmuşdur. Ona görə də qaydalara uyğun olaraq dəymiş ziyan hesablanmış və buna uyğun olaraq 410,79 manat borc müəyyən edilmişdir. Tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sayğacların dəyişdirilməsi və quraşdırılması haqqında 020819 nömrəli protokolun surətindən görünür ki, Samux rayonu Sarıqamış kəndində yerləşən İddiaçı məxsus evə aid köhnə tipli sayğac yeni tipli müasir sayğacla əvəzlənmiş və möhürlənmişdir. İş materiallarında olan sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 044717 nömrəli protokolun surətindən görünür ki, Samux rayonu Sarıqamış kəndində yerləşən və İddiaçı məxsus olan evə aid olmuş və yenisi ilə əvəzlənmiş əvvəlki sayğac labaratoriya yoxlamasından keçmiş və bu zaman sayğacın hesab mexanizmində aydın görünən kənar müdaxilə-cızıq izləri aşkar olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş icra vərəqinin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca sayğacda müəyyən olunmuş qüsura görə 410,79 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Samux rayonu, Sarıqamış kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilməsi məqsədilə sökülərkən həmin vaxt sayğacda qüsurun olması aşkar edilməmiş və bu barədə akt tərtib edilməmişdir, daha sonra isə sayğaca labaratoriyada baxış keçirilən zaman sayğacın hesablama mexanizmində cızıq izləri aşkar olunmuş və həmin qüsura görə abonentə 410,79 manat borc hesablanmışdır. İddiaçının müdaxilə etdiyi ehtimal olunan sayğac ona məxsus həyətdə yerləşmir, həmin sayğac evdən çöldə, yəni küçədə quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə 410,79 manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğac yenisi ilə əvəzlənərkən çıxarılan sayğacda hər hansı bir qüsurun olması müəyyən edilməmiş və bu barədə akt tərtib olunmamışdır, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən abonentin iştirakı təmin olunmamışdır. Eyni zamanda sözügedən sayğac evdən çöldə quraşdırıldığından (yerləşdiyindən) sayğaca istənilən şəxsin müdaxilə etməsi istisna olunmur. Beləliklə iddiaçının mülki hüquqi məsuliyyətinin yaranması sübut olunmadığından məhkəmə iddianın əsaslı olduğu qənaətinə gəlir və hesab edir ki, iddia təmin olunmalı iddiaçıya "xxxx" ASC tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 410,79 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Samux rayonu Sarıqamış kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 410,79 (dörd yüz on manat yetmiş doqquz qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-708/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-708/2023
14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver