Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-729/2025 23.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “artıq yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona artıq yazılmış 3294,82 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan keçmiş məcburi köçkün olmaqla ailəsi ilə Samux rayon Alıuşağı kəndində qohumuna məxsus evdə yaşayır, qeyd olunan evdə onun adına elektrik sayğacı quraşdırılıb. Axırıncı dəfə xx.xx.2020-ci il tarixində PAUD-MP- 106 markalı elektrik sayğacı quraşdırılıb. Həmin sayğac quraşdırılandan sonra heç bir sərfiyyat qeydə alınmayıb. Buna baxmayaraq qanunsuz və əsassız olaraq Samux rayon Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən ona 3605 manat 82 qəpik borc yazılıb, borcun bir hissəsini ödəmiş, lakin 3294,82 manat hissəsini ödəyə bilmir. Buna görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, iddia tələbində sözügedən evdə 2008-ci ildən etibarən yaşayır. Həmin evdə quraşdırılmış sayğac 3 dəfə dəyişərək yenisi ilə əvəz olunub. O, elə zənn edib ki, qaçqınlardan elektrik enerjisindən istifadəyə görə ödəniş tələb olunmur. Ona görə də müəyyən müddət ödənişlər aparmayıb. O, evdə çörək bişirir, ona görə də aylıq sərfiyyat nisbətən çox olur. 4 uşağının olması və qaçqın olması səbəbindən ödənişləri edə bilməyib. Lakin hesab edir ki, "xxxx" ASC tərəfindən ona artıq borc yazılıb. Ona görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsi və ədalətli qərar qəbul edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Abonə haqqında sənədin surətindən görünür ki, İddiaçı sayğac oxunmasına əsasən 2277 manat və akt əsasında 1328,47 manat borcu mövcuddur. Ödəmiş olduğu məbləğ isə 383 manat təşkil edir. Ümumi borcu 3264 manatdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.3-cü maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə əsasən elektrik enerjisi istehlakçısı istehlak edilən elektrik enerjisinin dəyərini və sabit tarifi hər ay elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçıya ödəmək vəzifəsini daşıyır. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc ona həm elektrik enerjisindən istifadəyə əsasən hesablanmış debitor borcu, həm də akt əsasında hesablanmış borcların cəmindən ibarətdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında özü etiraf etmişdir ki, yığılmış debitor borcu maddi imkansızlıq səbəbilə ödəyə bilməmişdir. Akt əsasında yazılmış borca isə iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında verdiyi izahatında heç bir münasibət bildirməmiş, onun tərəfindən sayğaca hər hansı bir müdaxilənin edilməməsinə, akt əsasında yazılmış borcun əsassızlığına dair heç bir arqument irəli sürməmiş və həmin borcun ona əsassız yazılmasını və bu səbəbdən silinməli olmasını iddia etməmişdir. Əksinə, iddiaçı ümumi hesablanmış borcu ödəməli olduğu debitor borcu kimi qəbul edərək qaçqın olması əsası ilə ödənişdən azad olduğunu zənn etdiyini, daha sonra isə maddi imkansızlıq səbəbilə ödəyə bilmədiyini qeyd etmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, evdə, gündəlik çörək tələbatları üçün sobada çörək bişirir, məhz bu səbəbdən də elektrik enerjisindən aylıq sərfiyyat çox olur. Məhkəmə, işin faktiki hallarını, iddiaçının izahatını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının silinməsini tələb etdiyi borcun bir hissəsi onun özünün də izahatında etiraf etdiyi kimi elektrik enerjisindən istifadəyə görə hesablanmış debitor borcudur ki, iddiaçı əsassız arqumentlər gətirməklə hazırda həmin borcun silinməsini tələb edir. Borcun digər qismi isə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə iddiaçıya akt əsasında yazılmış borcdur ki, iddiaçı tərəfindən nə iddia ərizəsində, nə də məhkəmə iclasında verdiyi izahatında onun tərəfindən sayğaca hər hansı bir müdaxilənin edilməməsinə, akt əsasında yazılmış borcun əsassızlığına dair heç bir arqument irəli sürülmədiyindən və həmin borcun ona əsassız yazılmasını və bu səbəbdən silinməli olmasını iddia etmədiyindən, əksinə iddiaçının ona hesablanmış ümümi borcu debitor borc kimi qəbul edərək sadəcə qaçqın olması əsası ilə ödənişdən azad olmasını zənn etməsi və maddi imkansızlıq səbəbilə ödənişi edə bilməməsini bildirdiyindən məhkəmə iddia tələbini bütövlükdə əsassız hesab edir və təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-729/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-729/2025
23.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver