Məhkəmə qərarları › İş №2(058)-736/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-736/2024

02.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-736/2024 02.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktla əsasən ona hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Füzuli kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə “Azəriqaz” İB Gəncə şəhər RQİİ tərəfindən onun ailəsinə xidmət göstərən qaz sayğacı çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunan zaman onun evində fəaliyyət göstərən mexaniki sayğacın üzərində olan nəzarət möhürü (blom) qırılmamışdır və ailəsi tərəfindən qaz sayğacına müdaxilə aşkar edilməmişdir. O, həmişə sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. Ödəniş cədvəlindən görünür ki, sayğacda göstərilən tarixə kimi onun sərf etdiyi qaza görə heç bir borcu olmamışdır. O, həyat yoldaşı ilə evdə olmuş, qaz idarəsinin əməkdaşları sayğacı dəyişən zaman ona bildirmişlər ki, sayğacı dəyişməyə görə 70 manat ödəniş etsin. Qaz idarəsinin işçiləri sayğaca xx.xx.2024-ci il tarixdə baxış keçirmişlər və ******* akt tərtib etmişlər. Sayğaca baxış keçirilən zaman sayğacın plasmas qapağının alt hissəsində deşik olduğu müəyyən edilmiş, nəticədə yanvar, fevral aylarında sayğacın qaz sərfiyyatı 6503 kub.m qeydə alınaraq ona 777,60 manat debitor borcunun olması barədə akt tərtib etmişlər. Sayğaca “Azəriqaz” İstehsalat Birliyinin laboratoriyasında ümümi baxış keçirilmiş, hesablama mexanizmi keçən qazın sərfiyyatını qeydə almadığı aşkar edilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olması aşkar edilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, sayğacın plasmas qapağının altdan deşilməsi nəticəsində 6503 kub.m qaz sərfiyyatı düzgün qeydə alınmış və təşkilata 777,60 manat ziyan dəymişdir. Qaz sayğacının plasmas qapağının deşilməsində onun heç bir günahı yoxdur. Qaz idarəsinin işciləri tərəfindən qaz xəttinə və sayğaca heç bir müdaxilə aşkar edilməmişdir. Faktiki olaraq, onun ailəsinin 2023-cü ildə qaz sərfiyyat norması 1513 kub.m olmuşdur. 2024-cü ilin yanvar, fevral ayı ərzində 6503 kub.m qaz sərf etdiyi göstərilmişdir. Bu tamamilə düzgün olmayan yalnış sərfiyyatdır. Belə ki, 6503 kub.m qazı faktiki olaraq onun iki illik sərfiyyat normasıdır. O, heç vaxt 2 ay ərzində 6503 kub.m qaz istifadə etməmişdir. Bu səbəbdən də 2 ay ərzində 6503 kub.m qazın onun tərəfindən istifadə olunması qeyri-qanuni olmaqla reallığı əks etdirmir. Ona görə də həmin sərfiyyata görə ona əsassız olaraq yazılmış 777,60 manat debitor borcu silinməlidir. Qaz sayğacının kənar müdaxilədən deşilməsində onun heç bir günahı, məsuliyyəti və rolu yoxdur. Həmin akt tərtib edilən zaman qaz təczihatı haqqında qanunun tələbləri kobud surətdə pozulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının tələblərinə cavabdeh tərəfindən əməl edilməmişdir. O, qanuna riayət edən şəxsdir, ona günahı olmadan, kənar təsir nəticəsində qaz sayğacının deşilməsi nəticəsində qaz istismar idarəsi tərəfindən yazılmış 777,60 manat debitor borcunu heç cür ödəmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPm-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Füzuli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın plastmas qapağı alt hissədən deşici alətlə deşilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 0125 nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində deşici alətlə deşilmişdir, sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş “qaz sayğaclarının çıxarıması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hes/mex alt hissəsi deşikdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “abonentin saldosu”-dan görünür ki, İddiaçı məxsus Samux rayonu, Füzuli kəndində yerləşən fərdi yaşayış evinə 6813 kub.m qaz sərfiyyatına görə 777,60 manat məbləğində borc yazılmışdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda 13.8-1-ci maddəsinə əsasən “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh Qanunun göstərilən maddəsinin tələblərinə əməl etməmiş, qaz sayğacına müdaxilə, habelə qaz sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşilməsinin aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyi güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşilməsini nəzərə alaraq, hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Samux rayonu, Füzuli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar