Məhkəmə qərarları › İş №2(058)-744/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-744/2024

14.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-744/2024 14.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əkbərli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əkbərli oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əkbərli oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 (min səkkiz yüz) manat pulun və ödənilmiş 38 manat dövlət rüsumu alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında əldə edilmiş razılığa əsasən cavabdehə 1800 (min səkkiz yüz) manat borca pul vermişdir. Aralarında olan razılığa görə həmin borcu cavabdeh ehtiyac məqsədi ilə ondan almışdır. Cavabdeh ilə razılaşdırılmış müddət ərzində həmin pulu qaytarmalı idi. O, cavabdehə bocun qaytarılmasını dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh borca alınmış pulu geri qaytarmaqdan boyun qaçırır. Cavabdeh borca alınmış pulu qaytaracağını bildirərək, hazırkı vaxtadək borcunu qaytarmamışdır. Cavabdehin Şəmkir rayon Kür Polis bölməsində verdiyi yazılı ifadəsində ondan borca pulun alınması öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh borc alınmış məbləğdən 160 manat və 200 manat məbləğlərdə pulu qaytarmış və cavabdehin 1440 manat borcu qalmışdır. Məhkəmədən 1440 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əkbərli oğlu bildirdi ki, o iddiaçıdan bir neçə il əvvəl borca pul götürmüş və hər ayın 1-ci günləri 270 manat olmaqla qaytarılmasına razılığa gəlmişlər. O, borcunu qaytarmış və hazırda onun idiaçıya 800 manat məbləğində borcu qalmışdır. Məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Samux rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23.08.202-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı toplanmış materialda heç bir cinayət əməli və inzibati xətanın tərkib hissəsi olmadığı müəyyən olunmuşdur. Samux rayonu Yenikənd kənd sakini Cavabdeh ümumilikdə 1100 manat pul borcu olduğunu və geri qaytarmaması ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Şəmkir rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, müraciətə polis şöbəsi tərəfindən baxılmışdır. Araşdırma zamanı tələbin mülki xarakterli olması müəyyən olunmuş və mülki tələblə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən bu arqumentlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən qismən gəlmişdir. Bu zaman göstərilən halın əks olmasının təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi yalnız cavabdeh tərəfin etiraf etdiyi 800 manat miqdarında təmin edilməli, qalan hissələrdə isə sübut təqdim edilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 800 (səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əkbərli oğlundan 800 (səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar