Məhkəmə qərarları › İş №2(058)-752/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-752/2024

09.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-752/2024 09.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, 000101 nömrəli akt əsasında **********00163 abunə koduna hesablanmış 538.33 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu İnstitut qəsəbəsinin Bağbanyeri qəsəbəsində yaşayır. Elektrik enerjisini sayğac vasitəsi ilə istifadə edir, yaşadığı mənzildə kiçik həcmli kemper adlanan elektrik qaynağından mütəmadi istifadə edir. Həmin kemper avadanlığı çox az miqdarda elektrik enerijisindən istifadə gücünə malikdir. Zavod istehsalıdır. Həmin avadanlıqla ancaq kənd təsərrüfatı avadanlıqlarının qaynağı məqsədi ilə istifadə olunur. Onun mənzilində istifadəsində olan elekrtik sayğacı müasir elektron tipli sayğacdır. Sayğacın bütün uçot parametrləri tam yerindədir. İstifadə etmiş olduğu elektrik enerjisinin dəyərini vaxtı-vaxtında tam ödəyən məsuliyyətli abonendir. Lakin 14 mart 2024-cü ildə saat 09:00 radələrində özlərini Azərişiqin Bakı Baş İdarəsindən yoxlama nəzarətçisi kimi özlərini təqdim edərək, təqdim etdiyi 000101 nömrəli aktda adları qeyd olunan şəxslər onun mənzilinə yaxınlaşaraq guya kənar xəttən istifadə edir kimi ona irad bildirdilər. O, isə öz növbəsində həmin şəxslərə bildirmişdi ki, o, heç bir kənar xətt istifadəsi yoxdur, odur ki, şübhələnirsizsə tam sərbəst formada onun mənzilinə daxil olaraq kənar xətti aşkar edib sonra öz tədbirinizi görə bilərsiniz. Onlar mənzilə daxil olan zaman yuxarıda qeyd etdiyi qaynaq avadanlığının elektrotları əritmək məqsədi ilə qısa qapayıcı massanı çardağının dayaq durba hissəsinə bərkidilmiş halda görmüşlər və gülüməsəyərək ona bildirmişdilər ki, onları çaşdıran bu massadır. Çox təəsüf ki, onlar əvvəlcədən çəkiliş etdiyi video çəkilişi rəhbərliyin qrupuna atmışlar, onun müharibə veteranı olduğuna görə çalışacaqlar ki, ona kömək etsinlər ki, cərimə hesablanmasın. Lakin sonda ona məlum olmuşdu ki, akt NİM № 000101 nömrəli akt tərtib olunub və 814.32 manat cərimə məbləği hesablanıb. Təqdim edilmiş aktdan aydın şəkildə məlum olur ki, aktda tam xəyali şişirdilmiş hesab aparılıb, aktdakı qrafikin sonuncu hissəsində 17.6 kv güc qoyulub, guya o, güc dəyərində enerji işlədir. Onun istifadəsində olan bir fazalı 220 kv gərginlik daşıyıcı elektrik sayğacının maksimum gücü standartlara uyğun olaraq 5-7 kv olub, 17.6 kv istifadə olunması mümkünsüzdür. Cavabdeh tərəfindən tam sübuta yetirilməsini tələb edərək, araşdırılmasını həyata keçirib, sübuta yetirilmədiyi halda hesablanmış olan 814.32 manat məbləğin silinməsində ona köməklik etməniyini xahiş edir. AR-nın Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “elektrik enerjisindən istifadə qaydaları”na görə akt tərtib olunduqdan 3 (üç) gün keçməmək şərti ilə mütəxəssis tərəfindən onun sayğacına baxış keçirilməli idi. Aktda qeyd olunmuş qüsur tam aradan qaldırıldıqdan sonra xüsusi möhürlə möhürləndikdən sonra əgər qüsur aşkar olunsa cərimə hesabatı aparılmalı idi. Lakin mütəxəssis gələrək onların aktda qeyd etdikləri öz əksini tapmamış, onun sayğacında nə möhür qırılmış, nə də qüsurun ləvği protokolu aktı tərtib olunmuşdur. Bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyən abonent olmuş, ərizəyə əlavə etdiyi ödəniş cədvəlindəndə ay ərzində nə qədər elektrik enerijisi sərf etdiyi və nə qədər ödəniş etməsi aydın görünür. Aktdan sonra sərf etdiyi dəyərdə dəyişməyibdir. O, bununla bağlı AR Energetika Nazirliyinə müraciət etmiş, müraciətinə əsasən dəyərin 275.99 manat silinmişdir, nazirliyin qaydalarının 8.35 bəndinə əsasən məhkəməyə müraciət etmək hüququna əsaslanaraq məhkəməyə müraciət edir, hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerijisinin verilişini dayandıracaqlarını bildirirlər. O, isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb etsədə tələbin heç bir nəticəsi olmayıbdır və qanunsuzluq formasında dəfələrlə onun evinə elektrik enejisinin verilişinin dayandırılmasını tələb ediblər. Qeyd olunanlara görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görədə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işin təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının təxirə salınmasına əsaslı səbəb göstərmədiyindən, həmçinin prosessual qənaət prinsipi baxımından məhkəmə, iclasın təxirə salınmasına zərurət görməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: "xxxx" ASC tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli, 000101 nömrəli aktın surətindən görünür ki, EEİQ-na uyğun olaraq eleketrik sayğacına baxış keçirilən zamanı Samux rayonu, Bağbanlar kəndində yaşayan İddiaçı ünvanında quraşdırılmış işıq sayğacına baxış keçirilən zaman abonentin kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. **********00163 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Bağbanlar kəndində yaşayan abonent İddiaçı akt üzrə 844.52 manat borc hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə elektik paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə sübuta yetirilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələblərinin və cavabdehin etirazlarının hüquqi taleyi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu Bağbanlar kəndində xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən Samux rayonu, Bağbanlar kəndində fərdi yaşayış evində yaşayan İddiaçı **********00163 saylı abunə koduna xx.xx.2024-cü il tarixli, 000101 nömrəli akt əsasında hesablanmış 538.33 manat məbləğində borc borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Samux rayonu, Bağbanlar kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********00163) cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli nömrəli akta əsasən hesablanmış 538.33 manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar