Məhkəmə qərarları › İş №2(058)-76/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-76/2024

06.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-76/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun mülkiyyətinə vurulmuş maddi ziyana görə 14160 manat, mənəvi zərərin əzəzi olaraq 6000 manat məbləğində pulun və dövlət rüsumunun əvəzinin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı X3 Cavabdeh3 ilə ailə həyatı quraraq evlənmiş, lakin məhkəmə qaydasında nikahları pozulmuşdur. Cavabdeh3 hal-hazırda başqa şəxslə ailə həyatı qurmuşdur. Belə ki, Cavabdeh3 əlində heç bir məhkəmə qətnaməsi olmadan onun mülkiyyətimdə olan Samux rayonu Qovlarsarı kəndində yerləşən evə digər cavabdehlərlə birlikdə basqın etmişlər. Cavabdeh6 polis adından sui-istifadə edərək, onlara qarşı hədə-qorxu gələrək və zorakı həəkətlər edərək 14 nəfər şəxslərlə birlikdə evlərinə daxil olaraq evi qırıb talamışlar, onlara məxsus əşyaları özbaşına aparmışlar. Onlar bununla bağlı müvafiq orqanlara şikayət etmiş, cavabdehlər məsuliyyətə cəlb olunmuşlar. Dəfələrlə cavabdehlərdən onlara dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etsələr də, nəticəsi olmamışdır. Bu səbəbdən o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər tərəfindən onlara vurulan zərəri telefon kamerası ilə çəkmişdir. Cavabdehin zərər vurduğu əşyalar - seyf qapı dəyəri 500 manat, plastik pəncərələr - 4 ədəd 1 ədədinin dəyəri 150 manat, yataq mebelinin çarpayısı və bazası (matrası ilə) birlikdə 2 ədəd-dəyəri 1000 manat, qaz sobası 1 ədəd-dəyəri 800 manat, qapı (setkaları)-900 manat, Anasına məxsus mebelə vurulmuş ziyan - 1800 manat məbləğində, stul 6 ədəd-500 manat dəyərində, iran xalçası 2 ədəd — 400 manat dəyərində, pastellər və yataq örtüləri-400 manat dəyərində, şkaf-600 manat dəyərində və şkafın içində olan bütün geyimlər, hətta jaketinin cibində olan lotareya pulu- 3860 manat, paltar üçün dikiş maşını — 300 manat, ütü-100 manat, qapının sınmış çərçivəsi-100 manat, evə məxsus internetin modemi -100 manat, televizora məxsus krosnu aparatı - 300 manat məbləğində, hamamdakı şkaf -100 manat, əl-üz yuyan-150 manat, jalüz pərdə - 200 manat, digər pərdələr-4 ədəd 400 manat dəyərində, 1 ədəd komputer və printer -1200 manat dəyərində. Cvabadehlər qaz piltəsinin üzərinə qoyduğu dəmirlərə kimi götürüb aparmış, elektrik naqillərini qırmışlar. Evin sadəcə dörd divarı qalıb. Cavabdehlər vurduqları zərərin əvəzini ödəmək istəmirlər. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini etiraf etməyərək bildirdi ki, tələb əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş video-görüntü evdəki əşyaların məhz, cavabdehlər tərəfindən qırılmasını və dağıdılmasını əks etdirmir. Ona görə də tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu qovlarsarı kəndi ərazisində yerləşən sahəsi 129,4 kvm olan fərdi yaşayış evi mülkiyyət hüuqu ilə İddiaçı məxsusdur. Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırda iddianın qanuni əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. İddiaçı cavabdehlər tərəfindən ona maddi ziyanın vurulmasını təsdiq etmək üçün sübut olaraq məhkəməyə video görüntü təqdim etmişdir. Halbuki həmin video görüntüdə iddiaçının iddia tələbində göstərdiyi halları, yəni ona məxsus evə və ev əşyalarına məhz cavabdehlər tərəfindən maddi zərərin vurulmasını təsdiq edəcək hər hansı görüntülər öz əksini tapmamışdır. Məhkəmə, iddianın “mənəvi zərər” tələbinə dair hissədə də təmin edilməməsini onunla əsaslandırır ki, iddiaçı məhkəməyə cavabdehlər tərəfindən ona mənəvi zərərin vurulmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Hansı ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırda isə iddiaçıya cavabdehlərdən tərəfindən hər hansı mənəvi zərərin vurulması müəyyən deyil və məhkəmə araşdırması zamanı belə bir hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar