Məhkəmə qərarları › İş №2(058)-798/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-798/2025

22.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-798/2025 22.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 2650 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2024-cü il mart ayından etibarən Cavabdeh tanıyır. Müxtəlif tarixlərdə cavabdehə qab-qacaq və geyim əşyaları satmışdır. Satmış olduğu əşyaların ümumi dəyəri 3120 manatdır, ilk zamanlar cavabdeh borcunu vaxtında ödəsə də daha sonra borcunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin ona nisyə qaydada aldığı mallara görə 2650 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, o cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh onun tanışıdır. Cavabdeh müxtəlif tarixlərdə ondan nisyə qaydada qab-qacaq və geyim əşyaları almışdır. Əvvəllər cavabdeh ondan aldığı malların dəyərini vaxtında ödəsə də daha sonra borcunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin ona nisyə qaydada aldığı mallara görə 2650 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Casvabdehlə telefon vasitəsilə əlaqə saxlayaraq iddia tələbi ilə məhkəməyə müraciə etdiyini bildirdikdə cavabdeh telefonda ona borcunu yaxın zamanda ödəyəcəyini bildirmişdir. O, cavabdehlə sözügedən telefon danışıqlarını sübut olaraq məhkəməyə təqdim etmişdir. Hesab edir ki, tələbi tam əsaslıdır və məhkəməyə təqdim etdiyi sübutla öz təsdiqini tapır. Ona görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, məhkəmə iclasında tədqiq edilən audio yazıdan müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan telefon danışığı zamanı cavabdeh iddiaçıya iddia tələbində sözügedən məbləğdə borcunun olduğunu etiraf edir və yaxın zamanda qaytaracağını bildirir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi şəkildə nisyə alqısatqı müqaviləsi bağlanmış və onlar arasında sözügedən müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Bu hal iddiaçının məhkəməyə təqdim etdiyi sübutla öz təsdiqini tapmışdır. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehdən öhdəliyinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2650 manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar