Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-83/2025 22.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi-Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Samux rayonu Qarayeri Bələdiyyəsinin sədri X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evin orta barısına, yəni mənzillərini ayıran ara divarın öz evinə düşən hissəsində divara bitişik şəkildə inşa edilmiş hamamın cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş 100 manat məbləğində rüsumunun alınaraq, ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* MA seriya nömrəli xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışı mövcuddur. Mülkiyyət hüququ əsasında ona məxsus olan mənzil Cavabdeh faktiki istifadəsində və sahibliyində olan 7 nömrəli mənzil ilə yanbayan yerləşmişdir. Cavabdeh onların mənzillərini ayıran ara divarın öz evinə düşən hissəsində divara bitişik şəkildə tikinti işləri aparmaqla hamam inşa etdirmiş, yerə beton tökdürmüş, qıraqlarını qaldırmış, hamamdan axan suyun çölə çıxışını təmin etmək üçün betonu deşərək çölə xətt çıxarmışdır. Onların yaşadığı mənzillər iki mərtəbəli bina şəklində olmaqla, vaxtı ilə həmin ərazidə fəaliyyət göstərən müəllimlərə dövlət tərəfindən verilmişdir. O, cavabdehə dəfələrlə müraciət etmişdir ki, binanın daxilində özbaşına apardığı tikinti və quraşdırma işlərini dayandırsın, cavabdeh isə buna məhəl qoymaraq öz bildiyi şəkildə etmiş və hazırda onun yataq otağının barısına bitişik şəkildə hamam inşa etdirmişdir. Cavabdeh belə etməyə icazəsi yoxdur, belə ki, binanın daxilində konstruktiv dəyişiklik etməklə orta barıya bitişik hamam inşa etdirməsi nəinki tikinti norma və qaydalarına ziddir, hətta inzibati qaydada məsuliyyətə səbəb olmaqdadır. Odur ki, cavabdehin qanunsuz əməllərinə son qoyulmalı, mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilin orta divarına bitişik şəkildə Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş hamam sökülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, yaşadığı evi Mehriban Nağıyevadan almış və bir il yarımdır ki, həmin evdə yaşayır. Onun evindən iddiaçının evinə zərər dəyə bilməz. O, sanitar qovşağı inşa etmiş və həmin sanitar qovşağının divarının tikilməsi üçün nə lazımdırsa etmişdir, hətta su keçirməz örtük vurmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Samux rayonu Qarayeri Bələdiyyəsinin sədri X5 bildirdi ki, sözügedən bina ikimərtəbəlidir və bələdiyyənin balansındadır. Layihədə sanitar qovşağının binada olması nəzərdə tutulmamışdır. Vətəndaşlar həyətdə olan ümumi sanitar qovşağından istifadə edirlər. Məhkəmədən qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və müstəqil tələb irəli sürməyən 3cü şəxs Samux rayonu Qarayeri Bələdiyyəsinin sədri X3 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2012-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adınadır. İşdə olan xx.xx.2012-ci il tarixli Samux rayonu, Qarayeri qəsəbəsi, C.Məmmədov küçəsi, bina 11, 8 nömrəli mənzilə dair İddiaçı adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən texniki pasport verilmişdir. İşdə olan xx.xx.2008-ci il tarixli 31 nömrəli orderin surətindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsi, C.Məmmədov küçəsi, ev 6, 7 nömrəli mənzil X4 və X1 adınadır. İşdə olan xx.xx.2024-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixdə Samux rayonu Qarayeri Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qarayeri qəsəbəsində 1956-cı ildə bina evləri inşa edilmişdir. 7 (yeddinci) binanın ikinci mərtəbəsinin mənzil 6 (altı) da yaşayan Cavabdeh və 7 (yeddinci) binanın ikinci mərtəbəsi mənzil 5 (beş) də yaşayan X8 hər biri öz mənzillərində sanitar qovşaqdan istifadə edirlər. Binanın dam örtüyündə 1 (bir) ədəd plastik su çəni mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9991 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin hüdudları daxilində inşa edilmiş sanitar qovşağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Tədqiq olunan sanitar qovşağı Samux rayonu, Qarayeri qəsəbəsi, C.Məmmədov küçəsi 11 saylı binanın 7 saylı mənzilin hüdudları daxilində (dəhliz tikilisinin daxilində) inşa olunduğundan həmin tikilinin binanın ümümi görünüşünə və binanın quruluşuna xələl gətirmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Şəhərsalma əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən şəhərsalma sənədləri - təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız tərtibatçılara və sənədləri təsdiq etmiş müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh qonşu olmaqla yanaşı mənzillərdə yaşayırlar. İddiaçı iddia edir ki, cavabdeh iddiaçı ilə mənzillərini ayıran ara divarın öz evinə düşən hissəsində divara bitişik şəkildə tikinti işləri aparmaqla hamam inşa etdirmiş, yerə beton tökdürmüş, qıraqlarını qaldırmış, hamamdan axan suyun çölə çıxışını təmin etmək üçün betonu deşərək çölə xətt çıxarmış, onun yataq otağının barısına bitişik şəkildə hamam inşa etdirmişdir. Beləliklə ekspert rəyi ilə cavabdehin inşa etdirdiyi sanitar qovşağının tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh istifadəsində olan Samux rayonu, Qarayeri qəsəbəsi, C.Məmmədov küçəsi, bina 11 (6), 7 nömrəli mənzilin dəhliz tikilisinin hüdudları daxilində 1,10 metr enində, 1,30 metr uzunluqda 2,40 metr hündürlükdə qonşu divardan 0,10 metr orta məsafədə inşa olunmuş sanitar qovşağı Cavabdeh hesabına sökülsün. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-83/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-83/2025
22.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver