Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-839/2024 12.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"ASC-nin xx.xx.2024-cü il tarixli 000203 nömrəli aktı əsasında ona qeyri-qanuni hesablanmış 1207,06 (min iki yüz yeddi manat altı qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Sərkar kəndində yaşayır. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Yaşadığı evdə mexaniki işıq sayğacı qoyulmuşdur. O, uzun müddətdir Rusiya Federasiyasında yaşadığı üçün elektrik sayğacı X1nun adına qalmış və həmin müddətlərdə elektrik enerjisindən demək olar ki, istifadə edilməmişdir. xx.xx.2024-cu tarixli aktla onun heç bir iştirakı olmadan, ona heç bir məlumat verilmədən "xxxx" ASC-nin əməkdaşları tərəfindən 1207 manat borc pul yazılmışdır. O, yazılan 1207 manat borcu sayğacın xx.xx.2024-cü il tarixə yazılmış aylıq ödənişini 18,43 manat borcu ödəyərkən aşkar etmiş və bir neçə gün sonra "xxxx" ASC-nin Samux rayon şöbəsinin əməkdaşları tərəfindən sayğaca gələn bütün elektrik naqillərini kəsib özləri ilə apardıqları zaman ona cərimə yazıldığı məlum olmuşdur. Həmin vaxt yazılan cərimə barəsində ona heç bir protokol və ya akt təqdim olunmamışdır. Yazılmış borcla bağlı məhkəmə orqanlarına müraciət etmək üçün cavabdeh orqana özü müraciət edərək 000203 nömrəli aktı götürmüşdür. Halbuki akt yazılarkən onun iştirakı ilə yazılmalı idi. O, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından gəlmiş, ərazi müfəttişi tərəfindən sərf olunan enerjinin dəyəri hər ay yazılmış və onu tərəfindən sərf olunan enerjinin dəyəri vaxtı-vaxtında ödənilmişdir. Əgər onun sayğacında hər hansı nöqsan olmuşdursa, nə üçün ərazi müfəttişi tərəfindən ona xəbərdarlıq olunmamışdır. 2024-cü ilin yanvar ayında "xxxx" ASC-nin Samux rayon şöbəsi tərəfindən ümumi yoxlama aparılarkən nə üçün sayğacdakı enerji itkisi aşkar edilməmişdir. Enerji itkisini Bakı şəhərindən gələn nəzarət şöbəsinin əməkdaşları aşkar etməlidirmi, o halda Samux rayon şöbəsinin əməkdaşları hara baxır, bu barədə nə üçün ona daxili yoxlamalar zamanı məlumat verilməmişdir. O, sayğaca heç bir kənar təsir göstərməmişdir. Onun maddi cəhətdən vəziyyəti aşağıdır, heç bir yerdə işləmir, pensiya və təqaüd almır, ailəsini çətinliklə dolandırır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evində o, yaşayır və həmin ev onun mərhum ərinə məxsusdur. 2023-cü ilin noyabr ayında həmin evdə yanğın baş vermiş, gecə saatlarında yanğın söndürülmüşdür. Ona yazılan borca görə işıq idarəsinin əməkdaşları tərəfindən yaşadığı evə elektrik enerjisinin verilməsini dayandırmış, o, da məcbur olaraq qonşudan elektrik enerjisini evində istifadə edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPm-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 000203 nömrəli aktın surətindən görünür ki, X3 məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca E.E.İ.Q-na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evininelektrik sayğacının qoşulma sxemi sahvdir. Belə ki, kənar mənbədən 0 (sıfır) verməklə sayğac dövrədən kənarlaşdırılmışdır. Ölçmə zamanı xətdən axan yük psay - 3.96 kvt (üç tam yüzdə doxsan altı) psay=0.3 kvt (sıfır tam ona üç) tay naqilləri en kəsiyinin sahəsi İ=2 x 6 mmkv aliminiyum naqildir pqoy=2.9 kv.t təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş “abonentin saldosu”dan görünür ki, X3 məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə 1207,06 manat məbləğində borc yazılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə Gəncə “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.1980-ci il tarixdə Kirovabad VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı 293 nömrəli akt qeydi ilə xx.xx.1980-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Samux Rayon Dövlət X6 tərəfindən X5 ünvanlanmış arayışdan görünür ki, həqiqətən ona məxsus iki mərtəbəli yaşayış evində 18 noyabr 2023-cü il tarixdə yanğın hadisəsi baş vermişdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci hissəsinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunvericiliyə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə elektrik xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə elektrik paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh Qanunun göstərilən maddəsinin tələblərinə əməl etməmiş, sayğaca müdaxilə, habelə elektrik sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2024-cü il tarixli 000203 nömrəli akta əsasən mərhum X3 (abonent kodu **********00044) məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 1207,06 manat borc silinməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2024-cü il tarixli 000203 nömrəli akta əsasən mərhum X3 (abonent kodu **********00044) məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə verilən elektrik enerji sərfiyyatına görə hesablanmış 1207,06 manat məbləğində borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-839/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-839/2024
12.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver