Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-859/2025 30.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6880,75 manat borc pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mərhum anası X1 tanışıdır. O, xx.xx.2022-ci ildə qızıllarını girov qoyaraq Bankdan anasının adına kredit götürmüş, krediti ödəyib qurtaran ərəfədə ağır xəstələnmişdir. Onun anası axırıncı borcu ödəyib qızıl-zinət əşyalarını bankdan götürmüş, həmin vaxtdan qızılları anasında qalmışdır. Cavabdeh təxminən 2024-cü ilin yay aylarında onun anasından 1000 manat borc pul istəmiş, anası qonşusu X2 1000 manat borc pul alıb Sevincə vermişdir. Bir müddətdən sonra Leyla verdiyi pulu tələb etmiş, anası da öz növbəsində pulu cavabdehdən tələb etmişdir. Sevinc onun qızıllarının anasında olduğunu bilmiş və onun anasına demişdir ki, özünə pul lazımdır, təklif etmişdir ki, qızılları girov qoyub Leylanın adına bankdan kredit götürüb 1000 manat pulu qaytarsın, qalan pulu götürüb 3-4 aya banka ödəyəcəkdir. Cavabdeh bildirmişdir ki, banklarla problemi olduğundan öz adına kredit götürə bilmir və demişdir ki, əri borc götürdüyünü bilməməlidir. 05 noyabr 2024-cü il tarixdə “Bank BTB”-dən Leylanın adına 5370 manat məbləğində kredit müqaviləsi bağlamışlar. Kredit faizlərlə birlikdə 6880,75 manat hesablanmışdır. Orada 1000 manat pulu Leyla götürmüş, qalan 4370 manatı Sevinc görürmüş və söz vermişdir ki, 10000 manat alacağı vardır, 3-4 aya krediti faizləri ilə birlikdə ödəyəcək, lakin vaxtı çatanda cavabdeh aylıq ödənişləri etməmiş, onun anasının zənglərinə cavab verməmişdir. Dekabr və 2025-ci ilin yanvar aylarının ödənişləri zamanı onun anası ondan pul alıb özü ödənişləri etmiş, bütün olanları əvvəlcə ona deməmişdir. Fevral ayında Leyla ona demişdir ki, Sevinc Bakı şəhərinə qaçıb getmiş, banka kreditlər ödənilməsə onun qızılları batacaqdır. Anası hadisəni ona danışmışdır. Onun anası 70 yaşlı xəstə qadın olmuş, cavabdehin aldatdığını başa düşəndə əsəbləşmiş, stresə düşdüyündən insult keçirmişdir. O, qardaşı Elşənlə xəstəxanaya getmiş, nə baş verdiyini soruşmuşlar, anası çətinliklə də, olsa cavabdehin necə aldatmasını danışmışdır. O, həmin söhbətin video çəkilişini etmişdir. xx.xx.2025-ci il tarixdə onun anası vəfat etmişdir. O, Leylanın adından banka mart və fevral aylarının ödənişini etmişdir, heç kimə inamı qalmamışdır. O, fikirləşmişdir ki, borcu ödəyib qurtarandan sonra Leyla qızılları özünə götürə bilər, həm də kredit müqaviləsi Leylanın adına olduğundan bank ona borc barədə heç bir məlumat verməmişdir. O, 2025-ci ilin mart ayında Leyla ilə banka gedərək kredit müqaviləsini öz adına dəyişdirmişdir. Hazırki günədək o, banka 1738 manat borc ödəmişdir. O, cavabdehin hərəkətləri barədə polis şöbəsinə məlumat vermiş, cavabdehi axtarıb tapa bilməmişlər, əri Abbasov Ceyhundan izahat almışlar. Əri izahatında Sevincin borc götürməsindən xəbəri olmadığını, sonra isə telefonla danışarkən cəmi 1800 manat borcu olduğunu bildirməsini göstərmişdir, halbuki, cavabdeh kredit müqaviləsindən əvvəl onun anasından 1000 manat pul, kredit müqaviləsi bağlanarkən isə 4370 manat pulu borc almışdır. Bundan əlavə banka kreditə görə ödəniləcək faizlər də nəzərə alınmaqla cavabdeh cəmi 6880,75 manat məbləğində borcu qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh onun anasının etibarından sui-istifadə edərək borc almışdır. Sevinc, Leyla və onun anası onun qızıllarını girov qoyaraq, Leylanın adına bankdan 6000 manat pul götürmüşlər. Onun qızılları qolbaq, boyunbağı, komplekt, uşağın klonu, onun və ərinin üzüyündən ibarət olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, HK-1/548 nömrəli toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçıya öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Ona görə də məhkəmə mövcud materiallar və işin müəyyən edilmiş halları əsasında mübahisənin həll edilməsini mümkün hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona 6880,75 manat məbləğində pulun ödənilməsi əsasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünun izahatı olmuşdur. Məhkəmə iclasında iddia tələbi üzrə iddiaçının cavabdehə olan pul tələbi öz təsdiqini tapmadı. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün iddia tələbi təkzib olunmaz qaydada sübut olunmalı, həmin halın mövcud olması üçün cavabdeh mülki hüquq pozuntusu törədən şəxs kimi məhkəmə tərəfindən tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddiaçı tələbində qeyd edir ki, cavabdeh ona 6880,75 manat pul verməlidir. Bu tələb əsassızdır. Tələbin əsassız olduğu aşağıda göstərilənlərlə müəyyən olunur. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında pulun verilməsi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. İlk olaraq iddiaçı pulun onun tərəfindən cavabdehə verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir, əksinə məhkəmə iclasında bildirmişdir ki, həmin pulu cavabdehə onun anası vermişdir, eyni zamanda, cavabdehin iddiaçıya 6880,75 manat məbləğində borcunun olması iş materialları ilə sübut olunmur. Məhkəmə qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Digər tərəfdən, cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM–nin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-859/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-859/2025
30.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver