Məhkəmə qərarları › İş №2(058)-886/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-886/2025

30.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-886/2025 30.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Avtandil qızı və Cavabdeh2 tərəfindən ona dəymiş 3000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun oğlu X2 nişanlısı olmuşdur. O, 07 sentyabr 2024-cü il tarixdə Kolayır kəndində oğluna el adəti ilə bərgə etmiş, Cavabdeh1 əlinə 400 manat məbləğində pul verilmişdir. xx.xx.2024-cü ildə nişan mərasimini keçirmək üçün gələcəkdə qudası olacaq Cavabdeh2 1000 manat məbləğində nağd pul və 300 manat dəyərində xırdabuynuzlu heyvan vermişdir. Nişan mərasimində Cavabdeh1 600 manat nağd pul verilmiş, qız evinə aparılan xonçalara 700 manat xərc çəkilmişdir. Bu qədər zəhmətin qabağında Cavabdeh1 onun oğlunun nişanlısı olduğu halda başqa bir oğlana qoşulub qaçmışdır. Cavabdehər Cavabdeh1 və Cavabdeh2 onun çəkdiyi xərci ödəməyə borcludurlar, hətta bir neçə dəfə ziyanı ödəmək üçün o, zəng etmiş, hazırki günə kimi heç bir əməli nəticəsi olmamışdır. Nəticədə ona 3000 manat maddi ziyan dəymişdir. Ona görə də, ona cavabdehlər tərəfindən dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 (Cavabdeh1 nümayəndəsi) bildirdi ki, iddiaçı tərəfindən onlara 14-15 kiloqramlıq qoyun verilmiş, lakin həmin qoyunun maya dəyəri 300 manat dəyərində olmamışdır. İddiaçı tərəfindən ona 1000 manat başlıq pulu verilmiş, həmin 1000 manat pulu o, nişan mərasiminə xərcləmişdir. Onun maddi imkanı zəifdir, ona görə də nişan mərasimini evdə (mağarda) etmək istəmiş, lakin iddiaçı və əri etriaz etmiş və onu məcbur etmişlər ki, nişan mərasimini restoranda etsin və bildirmişlər ki, xərci özləri çəkəcəklər. İddiaçı tərəf isə 1000 manat pul vermişdir ki, nişan etsinlər. Şirin çay içildikdə stəkana el adətinə görə 400 manat deyil, təxmini 300 manat pul qoyulmuşdur, nişan mərasimində Cavabdeh1 əlinə 600 manat deyil, təxmini 300-400 manat pul verilmişdir. Xonçaların, qızılların, paltarların hamısı iddiaçıya qaytarılmışdır, şirniyyatlar isə 200 manat olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, eləcə də iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusu və qaynının arvadıdır. Nişan mərasimində onun əri Cavabdeh2 1000 manat pul vermiş, həmin pul qaynıgilin pulu olmuşdur. Elçilik vaxtı 1 heyvan verilmiş, Cavabdeh1 isə şirin çayda təxmini 400 manata yaxın pul verilmişdir. Xonçaların şirniyyatla birlikdə qiyməti 700 manatdan artıq olmuşdur, xonçaların hamısını o, almışdır. Cavabdeh1 oynayan zaman onun yoldaşı 20 manat pul vermiş, babası 100 manat pul vermiş, qayını 100 manat vermiş və digər qohumlar pul vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Nişan mərasimində Cavabdeh2 1000 manat pul verilmiş, Elçilikdə 1 heyvan verilmiş, Cavabdeh1 isə şirin çayda təxmini 350-380 manat pul verilmişdir, onun yoldaşı 50 manat pul vermişdir. Məhkəmə bu arqumentlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən qismən gəlmişdir. Belə ki, tərəflərin izahatları ilə işin faktiki halı kimi təsdiq olunur ki, iddia ərizəsi ilə tələb edilən 400 manat şirin çayda stəkana qoyulan pul, 300 manat dəyərində qoyun, xonçalara görə 700 manat və Cavabdeh1 verilmiş 600 manat iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh1 ilə iddiaçının oğlu Hüseyn Hüseynov ilə ailə qurması məqsədi ilə hədiyyə edilmişdir. Həmçinin, iddiaçının oğlu Cavabdeh1 ilə ailə qurması məqsədi ilə iddiaçı tərəfindən görə 1000 manat hədiyyə (başlıq pulu) verilmişdir. Göründüyü kimi, həmin hədiyyələr iddiaçının oğlu Hüseyn Hüseynovun Cavabdeh1 ilə ailə qurması münasibəti ilə verilmişdir. Sonradan Cavabdeh1 ailə qurmaqdan imtina etmiş və iddiaçının hədiyyə etdikləri qeyd edilən əşyalar və pullar iddiaçıya qaytarılmamışdır. Başqa sözlə, Cavabdeh1 iddiaçının oğlu Hüseyn Hüseynov ilə ailə quracağı barədə əldə edilmiş razılaşmanı birtərəfli qaydada pozmuşdur. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, şahid ifadələrinə və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi yalnız Cavabdeh2 etiraf etdiyi 1300 (1000+300) manat miqdarında, Cavabdeh1 isə 900 (300+400+200) manat miqdarında təmin edilməli, qalan hissələrdə isə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Məhkəmə Mülki Məcəllənin 673.1.2-ci maddəsini tətbiq etmişdir. Həmin normaya görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamadan imtina edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının oğlu Hüseyn Hüseynov ilə ailə həyatı qurmaqdan imtina etməsi həmin normanın dispozisiya şərtlərinə uyğun gəlir. Qız evinə “başlıq” adı ilə verilmiş 1000 manat pul əslində qız evi tərəfindən təşkil olunan nişan mərasimlərinin xərclərini qarşılamaq üçündür. Həmin məbləğ hədiyyə deyil, nişan xərclərini qarşılamaq məqsədi ilə verilir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər nişan mərasimi təşkil etmiş, nişan mərasimlərində oğlan evinin adamları iştirak etmiş və oğlan evinin adamları şirin çay verilən zaman 300 manat, Cavabdeh1 400 manat və şirniyyatlara görə 200 manat pul vermişlər. Cavabdeh tərəfə verilmiş 2200 manatın tələb olunmasının qanuni əsası hədiyyədən imtina deyil, əsassız varlanmadan irəli gələn maddi hüquq normaları çıxış edə bilər. Həmin məbləği vermək üçün əsaslar olmuşdur. Belə ki, tərəflər ailə qurmaq üçün nikaha daxil olmağı arzuladıqları üçün nişan mərasimlərinin keçirilməsi üçün pul məbləği verilmiş və həmin mərasimdə şirin çay zamanı 300 manat, Cavabdeh1 400 manat və şirniyyatlara görə 200 manat pul verilmişdir. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işdə pulun verilməsi üçün əsas olmuşdur. Çünki tərəflər ailə həyatı qurmaq üçün nişan mərasimləri keçirməli idi. Nişan mərasimi keçirilsə də, ailə qurulmamışdır. Göründüyü kimi pulun verilməsi üçün əsas olan hal aradan qalxmışdır. Deməli, iddiaçı tərəf əsassız varlanmaya istinad edərək pulu tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh2 1300 (min üç yüz) manat məbləğində pul, Cavabdeh1 900 (doqquz yüz) manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1300 (min üç yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Cavabdeh1 900 (doqquz yüz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar