Məhkəmə qərarları › İş №2(058)-888/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-888/2025

08.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-888/2025 08.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mövcud borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 52 saylı kontorunda Cavabdeh ilə aralarında bağlanılmış “mövcud borcun etirafı haqqında” müqavilənin etibarsız hesab edilməsi, 21 noyabr 2024-cü il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən verilmiş icra qeydinin ləğv edilməsi, cavabdehdən 1600 manat pulun, mənəvi zərərə görə 2N manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı X2 Hərbi Hava Qüvvələrində mayor rütbəsində çalışırdı. Dəfələrlə Azərbaycan Respublikası Prezidentinə, Müdafiə Nazirliyinə S-300 raket kompleksinin nasaz vəziyyətdə olduğunu qeyd etmişdir. Verdiyi şikayətlər ünvana çatmadığı üçün qardaşı Abdullayev Səbuhi "AzerFredoom TV" kanalında və "Youtube" platformasında bu barədə çıxışlar etmişdir. Daha sonra qardaşı Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010) -192/2023 saylı hökmünə əsasən CM-nin 141.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək 06 (altı ay) müddətində azadlıqdan məhrum edilmişdir. Qardaşının azadlığı çıxmasına az qalmış, Nizami rayon Polis İdarəsinin müstəntiqi onu çağıraraq bildirdi ki, qardaşı Səbuhiyə yenidən cinayət işi qaldırılıb. Bu dəfə qardaşı CM-nin 178-ci maddəsi ilə ittiham olunur. İttihama görə qardaşı vaxtilə iş yoldaşı olan Cavabdeh 18N manat alıb onu başqa hərbi hissəyə keçirməyə söz vermişdir. O bu barədə qardaşı ilə görüşmək istəsə də müstəntiq ona icazə verməmişdir. Həmin an müstəntiqin otağına zərərçəkmiş Cavabdeh daxil olmuşdur. Müstəntiq və Cavabdeh ona bildirmişlər ki, əgər o həmin pulu öz üzərinə götürsə qardaşını məhkəmədə buraxacaqlar. O qardaşının buraxılması üçün məcburiyyət qarşısında qalaraq Cavabdehla borc müqaviləsinin etiraf edilməsi barədə notariat kontorunda müqavilə bağlamışdır. Həmin müqavilədə o Cavabdeh 18N manat borclu olduğunu bildirmişdir. Cavabdeh ona söz vermişdir ki, o məhkəmədə hakimə bildirəcək ki, onun pulu tam ödənilib və ona həmin pulu hissə-hissə ödənilməsini bildirmişdir. Məhkəməyə qədər ona 1600 manat pul ödəmişdir. Məhkəmə iclasına qardaşı Cavabdeh pulu almamasını bildirmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Qardaşı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1-1(103)-5/2025 saylı qərarına əsasən, CM-nin 178.2.4 maddəsi ilə təqsirli bilinək 2 (iki) il azadlıqdan məhrum edilmişdir. Daha sonra Xətai rayon icra məmuru o icraata başlanacaq haqqında qərar, bildiriş və notariusun icra qeydini göndərərək ondan cavabdehdən aldığı 18N manatdan qalan 16425 manat pulu tələb etmişdir. Müstəntiq və cavabdeh onun hüquqi savadsızlığında istifadə edərək onu aldatmışdırlar. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, Cavabdeh onun qardaşı X1 CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşdur. Belə ki, qardaşına elan olunmuş ittihamda onun zərərçəkmiş şəxsin 18N manat pulunu ələ keçirdiyi qeyd olunmuşdur. O, sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs, yəni hazırki iddia tələbi üzrə Cavabdeh məhkəmə iclasında Səbuhinin ona vurulmuş ziyanı tam ödədiyini desin deyə, yəni qardaşı Səbuhinin daha yüngül cəza alması üçün zərərçəkmiş şəxslə (hazırki cavabdehlə) belə razılığa gəlmişlər ki, 18N manat pulu o, cavabdedən sanki borc almışdır və bu barədə notarial qaydada mövcud borcun etirafı haqqında müqavilə bağlamışlar. Bütün bunları qardaşı daha yüngül cəza alsın deyə etmişdir. Qardaşı Səbuhi hazırda sözügedən cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkəmənin müvafiq hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qardaşı Səbuhi məhkəmə iclaslarında ifadə verərkən bildirmişdir ki, o, Cavabdeh 18N manat pul almamışdır. Ona görə də hesab edir ki, cavabeh onu aldadaraq onu belə bir müqavilə bağlamağa sövq etmişdir. Hesab edir ki, məhz ona görə də cavabdehlə aralarında bağlanmış müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında aparılmış icra qeydi ləğv edilməli, cavabdehə həmin müqaviləyə əsasən ödəmiş. olduğu 1600 manat pul, həmçinin cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi qismində 2N manat pul alınaraq ona verilməli, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olan “mövcud borcun etirafl haqqında” müqavilənin surətindən görünür ki, borclu İddiaçı Cavabdeh 18N manat borcunun olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği borc verənə hissə-hissə qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338 və 339-cu maddələri maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə vəzifəsinin tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin bağlanması, habelə əqdin aldatma, zorakılıq, hədə təsiri altında, və ya şəxsin ağır vəziyyətə düşməsindən istifadə edilməklə bağlanması halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Məhkəmə, həmçinin iddianın icra qeydinin ləğv edilməsi tələbinə dair hissəsini araşdıraraq iddianın həmin hissəsinin də əsassız olduğu qənaətinə gəlir. Belə ki, sözügedən icra qeydi tərəflərin sərbəst iradə ifadələrinə əsasən bağladıqları müvafiq müqaviləyə əsasən aparılmışdır və icra qeydi aparılarkən qanunvericiliyin tələbləri nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin etibarsızlığı və icra qeydinin ləğv edilməsi hissəsində əsassız olduğu və tələb həmin hissədə rədd edildiyi üçün, dolayısıyla, sözügedən müqaviləyə əsasən iddiaçının cavabdehə ödədiyi pulun geri qaytarılması tələbi də əsasszıdır və təmin oluna bilməz. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi tələbi hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən ona hər hansı bir mənəvi zərərin vurulmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Hansı ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırda isə iddiaçıya cavabdeh tərəfindən hər hansı mənəvi zərərin vurulması müəyyən deyil və məhkəmə araşdırması zamanı belə bir hal öz təsdiqini tapmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, iddiaçının öz sərbəst iradə ifadəsi nəticəsində bağlanmış və etibarsızlığı sübuta yetirilməmiş, dolayısıyla hazırda etibarlı hesab olunan müqavilə nəticəsində iddiaçıya hər hansı mənəvi zərərin dəyməsi istisnadır. Beləliklə tələb həmin hissədə də təmin oluna bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “mövcud borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi və pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar