Məhkəmə qərarları › İş №2(058)-93/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-93/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-93/2024 12.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə 6811.61 manat əsas borc, 1382.10 manat faiz, 415.07 manat cərimə borcu olmaqla, cəmi 8608.78 manat borcun və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 106.49 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətində kredit xətti ayrılmışdır və xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 21 ay müddətinə illik 23% ödəmək şərti ilə 9045 azn məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqda kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o, kredit borcunun qaytarılmasından yayınmır, lakin müqavilə bağlanarkən bakın əməkdaşı onu kreditin faizinin müqavilə bağlandıqdan sonra aşağı düşəcəyi barədə yalan vəd verərək aldatmışdır. Ona görə də o, müqavilə bağlanarkən həmin vədə inanaraq müqavilədə göstərilən faiz məbləği ilə razılaşmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək əsas borclunun göstərdiyi xüsusatlar nöqteyi nəzərindən faiz borcu hissəsində iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə cavabdehlərin izahatlarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 913micGNDJ/22-EM saylı, xx.xx.2022-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" KB Cavabdeh1 300000 manat məbləğində, illik maksimum 32%, minimum 1 ay, maksimum 120 ay, yəni xx.xx.2032-ci il tarixədək müddət ərzində əlavə kredit müqavilələri bağlanılmaqla ona bank hesabı açır. İş materiallarına əlavə edilmiş 913micGNDJ/22 saylı, xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB tərəfindən Cavabdeh1 xx.xx.2024-cü il tarixədək illik 23% ödəmək şərti ilə 9045 manat məbləğidə kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 913micGNDJ/22 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 913micGNDJ/22 saylı, xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəlikləri tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə olan borcu 6811.61 manat əsas, 1382.10 manat faiz, 415.07 cərimə borcu olmaqla, cəmi 8608.78 manat təşkil edir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh1 onun tərəfindən borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Zamin Cavabdeh2 öhdəliyin icra edilməsi üçün məsuliyyəti üzərinə götürdüyündən onların hər ikisi həmin müqavilənin icra olunması üçün birgə məsuliyyət daşıyırlar və iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, qalıq əsas borca nəzərən tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 50 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən 6811.61 manat əsas borc, 1382.10 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 8243.71 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 106.49 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 102.43 manat hissəsi iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6811.61 manat əsas borc, 1382.10 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 8243.71 (səkkiz min iki yüz qırx üç manat, yetmiş bir qəpik) manat və ödənilmiş 102.43 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar