Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-948/2025 19.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X13” markalı, **-LL- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdehlərin, mirasını qəbul etdiyi şəxs X6 xx.xx.2017-ci il tarixdə “X13” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Samux rayonu, İnstitut qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X8 və X6 vəfat etmişdir. Sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Samux RPŞ-nin İQnin 06 dekabr 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərara əsasən X6 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin həmin qərarda X3 yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X13” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Hadisə ilə bağlı Samux RPŞ DYPŞnin arayışına əsasən X6 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Cavabdehlər Cavabdeh1 və X2 ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/1 tələb (subroqasiya) məktubları göndərilsə də müvafiq sığorta ödənişi məbləği ödənilməmişdir. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, sözügedən yol-nəqliyyat hadisəsində təqsirli şəxs onun mərhum həyat yoldaşı X6 olmuşdur, lakin mərhum ərinin qəza baş verən zaman idarə etdiyi avtomobilin mülkiyyətçisi və sığorta müqaviləsi üzrə sığortalı o özüdür. Həmin yol-nəqliyyat hadisəsi 2017-ci il tarixində baş vermişdir, hadisənin baş verməsindən uzun müddət sonra sığortaçaının ondan subroqasiya qaydasında pul tələb etməsini əsassız hesab edir və iddia tələbinə iddia müddətinin tətbiq olunaraq tələbin rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 06 dekabr 2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərarın surətindən görünür ki, hadisə nəticəsində yol-nəqliyyat hadisəsini törətmiş şəxs X6 öldüyündən fakta görə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə başlanmış ********* № cinayət işinin icraatına xitam verilmişdir. xx.xx.2017-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə olan arayışın surətindən görünür ki, sözügedən yol-nəqliyyat hadisəsi baş verən vaxt X13 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 olmuş, onun nəqliyyat vasitəsini idarə etmək hüququ və sözügedən avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Sürücü İ.Zeynalov hadisə baş verən zaman sərxoş olmuş, hadisə nəticəsində sürücü və sərnişin X8 ölmüşdür. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır, sığortalı şəxs Cavabdeh1dır. AZ-İ 892959 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixində ölmüşdür. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 5000 manat sığorta ödənişi edilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4 idarə etdiyi “X13” markalı 99–LL–089 dövlət nömrə nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində X8 ölməsi səbəbinə görə sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat sığorta ödənişinin əvəzi subroqasiya qaydasında tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəmə iclasında təqdim olunmuş iddia müddətinin tətbiqi barədə olan ərizədən görünür ki, 06 sentyabr 2017-ci il tarixdə həyat yoldaşı X4 törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində həyat yoldaşı və avtomobildə sərnişin olan qonşusu X8 ölmüşdür. "xxxx" ASC tərəfindən ölmüş şəxsin hüquqi varisinə 5000 manat pul ödənilmişdir. Hazırda həmin hadisədən səkkiz il keçib və artıq həmin məbləğin "xxxx" ASC tərəfindən ondan tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət otürülmüşdür. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2017-ci il tarixdə X3 etibarnamə əsasında, sərxoş vəziyyətdə idarə etdiyi “Hyundai Santafe” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolun hərəkət hissəsindən çıxaraq qəza törətmiş, nəticədə sürücü X6 və avtomobildə olan sərnişin X8 ölmüşdür. İş materiallarında olan 06 dekabr 2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərardan aydın olur ki, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində X3 təqsiri müvafiq ekspert rəyinə əsasən müəyyən olunmuş, lakin sürücü İ.Zeynalov yol-nəqliyyat hadisəsi zamanı öldüyü üçün cinayət işi üzrə icraata xitam verilmişdir. "xxxx" ASC tərəfindən sözügedən yol-nəqliyat hadisəsi nəticəsində sərnişin X5 ölməsinə görə zərərçəkmiş şəxsin hüquqi varisinə ümumilikdə 5000 manat məbləğində sığota ödənişi ödənilmişdir. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X3 etibarnamə əsasında idarə etdiyi “Hyundai Santafe” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi və həmin avtomobilin sığorta olunmasına dair sığorta müqaviləsinə əsasən sığortalı şəxs İ.Zeynalovun arvadı-Cavabdeh1dır. Məhkəmə qeyd edir ki, icbari sığorta ödənişi etmiş sığortaçının subroqasiya tələbi sığortalıya, sığorta olunana və ya təqsirkara yönələ biləcəyindən və işin faktiki hallarına görə törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh1 mülki məsuliyyəti yarandığından iddiaçı, sığortalı Cavabdeh1 qarşı hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur və tələb həmin cavabdehə münasibətdə təmin olunmalıdır. Lakin digər Cavabdeh2 nə sığortalı, nə sığorta olunan, nə də ki, sözügedən yol-nəqliyyat hadisəsində təqsirli olmadığından iddia tələbi həmin cavabdehə münasibətdə əsaslı deyil. Odur ki, iddia tələbi qismən, yəni Cavabdeh1 münasibətdə təmin edilərək ondan 5000 manat pul subroqasiya qaydasında tutularaq iddiaçıya verilməli, iddia tələbi digər Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat pul tutularaq “AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-948/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-948/2025
19.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver